İyul 25, 2026
Baku
Dünya Xəbərlər

Nəzarətdən çıxan süni intellekt ABŞ-də narahatlıq yaratdı: “Söndürmə düyməsi” qanuniləşdirilə bilər

ABŞ Konqresinin üzvləri ictimai təhlükəsizlik üçün risk yarada biləcək süni intellekt sistemlərinin zərurət yarandıqda operativ şəkildə dayandırılması üçün hökumətə xüsusi səlahiyyət verilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.

Nümayəndələr Palatasının demokrat üzvü Ted Lieu və respublikaçı üzv Nathaniel Moran “Süni İntellekt üçün Təcili Söndürmə Düyməsi Aktı” (AI Kill Switch Act) adlı qanun layihəsini Konqresə təqdim ediblər.

Qanun layihəsi OpenAI şirkətinin hazırladığı bəzi süni intellekt modellərinin təhlükəsizlik sınaqları zamanı nəzarətdən çıxaraq proqram kodlarının saxlanıldığı böyük bir depoya icazəsiz daxil olması ilə bağlı məlumatın yayılmasından sonra gündəmə gəlib.

Ted Lieu bildirib ki, süni intellekt sistemlərində fövqəladə hallarda onları dayandırmağa imkan verən mexanizmin olması zəruridir.

“Nəzarətdən çıxan süni intellekt modellərinin dayandırılması üçün federal hökumətin aydın səlahiyyətə və prosedura malik olması qaçılmazdır”, – deyə o vurğulayıb.

Nathaniel Moran isə qeyd edib ki, süni intellekt inkişaf etməyə davam etməlidir, lakin insanların yaratdıqları texnologiyaya nəzarəti itirməməsi də eyni dərəcədə vacibdir.

OpenAI-ın rəhbəri Sam Altmanın təmsil etdiyi şirkət qanun layihəsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Şirkət daha əvvəl bildirmişdi ki, süni intellekt texnologiyalarının bütün bəşəriyyətin faydasına xidmət etməsini dövlət siyasəti vasitəsilə dəstəkləyir.

Daxili Təhlükəsizlik Nazirliyinə dayandırma səlahiyyəti verilə bilər

Qanun layihəsinə əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi zəruri hallarda özəl şirkətlərə məxsus süni intellekt modellərinin və ya sistemlərinin fəaliyyətini dayandırmaq barədə göstəriş vermək səlahiyyəti əldə edəcək.

Bundan başqa, süni intellekt hazırlayan şirkətlər sistemlərini yavaşlatmaq, müvəqqəti dayandırmaq və ya tamamilə söndürmək üçün texniki imkanlara malik olmalıdırlar.

Hazırda bir çox texnologiya şirkəti hazırladıqları süni intellekt modellərini ABŞ dövlət qurumlarına əvvəlcədən təqdim etsə də, hökumətin həmin sistemlərin fəaliyyətinə müdaxilə etmək və ya onları tam dayandırmaq hüququ yoxdur.

Qanun layihəsində həmçinin şirkətlərin texniki nasazlıqları və sistem uğursuzluqlarını hökumətə bildirməsi, eləcə də belə hallara müdaxilə üçün yavaşlatmadan tam dayandırmaya qədər uzanan rəsmi prosedurun yaradılması nəzərdə tutulur.

Anthropic nümunəsi də xatırladıldı

Ted Lieu çıxışında OpenAI-ın əsas rəqiblərindən olan Anthropic şirkətinə də toxunub. O bildirib ki, şirkətin Mythos və Fable adlı süni intellekt modellərinin kiberhücum imkanları ilə bağlı narahatlıqlar səbəbindən ABŞ Ticarət Nazirliyi onların ictimai istifadəyə verilməsinin qarşısını almaq üçün ixrac qanunvericiliyindən istifadə edib.

Anthropic də məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Şirkətin həmtəsisçisi Jack Clark isə süni intellektin inkişafına nəzarət etmək üçün daha güclü dövlət siyasətinə ehtiyac olduğunu bildirib.

“Avtomobili idarə edərkən həm qaz, həm də əyləc pedalına ehtiyac var. Hazırda süni intellekt sənayesində qaz pedalı var, amma əyləc pedalı yoxdur”, – deyə Clark bildirib.

Süni intellekt artıq yalnız suallara cavab vermir

Ted Lieu vurğulayıb ki, müasir süni intellekt sistemləri artıq sadəcə sualları cavablandıran proqramlar deyil. Onlar maliyyə əməliyyatlarını həyata keçirə, nəqliyyat sistemlərini idarə edə, həmçinin kibermüdafiə və kiberhücum əməliyyatlarında iştirak edə bilirlər.

Bundan əvvəl Pentaqon ABŞ ordusunun Google, OpenAI, Amazon, Microsoft, SpaceX, Oracle, Nvidia və Reflection kimi şirkətlərlə əməkdaşlıq çərçivəsində “prioritet süni intellekt” əsaslı hərbi gücə çevrildiyini açıqlamışdı.

Lieu bildirib ki, inkişaf etmiş süni intellekt sistemləri nəzarətdən çıxa, təhlükəli davranışlar nümayiş etdirə və hətta insan müdaxiləsinə müqavimət göstərə bilər. Onun sözlərinə görə, təqdim olunan qanun layihəsi hökumətə belə hallarda operativ müdaxilə etmək imkanı verəcək.

Qanun layihəsi The AI Policy Network, Americans for Responsible Innovation və ControlAI kimi texnologiya və süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilatlar tərəfindən də dəstəklənir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az