Protein artıq yalnız idman edənlərin deyil, gündəlik qidalanmanın da əsas hissəsinə çevrilib. Ancaq mütəxəssislərin fikrincə, hər yeməkdə protein qəbul etmək düşünüldüyü qədər zərərsiz deyil. Nəzarətsiz və həddindən artıq protein qəbulu böyrəklərdən qaraciyərə, bağırsaq sağlamlığından ürək-damar xəstəliklərinə qədər bir çox risk yarada bilər.
Səhər yeməyində proteinli yoqurt, ara qidada protein batonları, qəhvədə protein əlavələri, axşam yeməyində əlavə proteinli məhsullar… Son dövrlərdə sosial medianın təsiri ilə protein demək olar ki, sağlam həyatın vazkeçilməz simvoluna çevrilib. Bir çox insan daha enerjili, daha formada və daha sağlam olmaq üçün fərqinə varmadan gün ərzində hər yeməyə daha çox protein əlavə edir.
Mütəxəssislər isə getdikcə yayılan bu vərdişin sanıldığı qədər məsum olmadığını bildirirlər. Çünki son illərdə sürətlə yayılan “Nə qədər protein, o qədər sağlamlıq” düşüncəsi bədənin həqiqi ehtiyaclarının önünə keçməyə başlayıb.
Bəs ehtiyacdan artıq protein qəbul etmək sağlamlığa necə təsir edir? Orqanizmin gündəlik protein ehtiyacı nə qədərdir? Bu barədə Sağlık Bilimleri Üniversitesi Toplum Qidalanması kafedrasının rəhbəri Prof. Dr. Elvan Yılmaz Akyüz danışıb.
Protein niyə bu qədər vacibdir?
Protein insan sağlamlığı üçün ən vacib qida maddələrindən biridir. Prof. Dr. Akyüz proteinlərin əhəmiyyətini belə izah edir:
“Proteinlər bədənin əsas tikinti materialıdır. Böyümə, inkişaf, toxumaların bərpası və immun sistemi üçün vacibdir, yəni əvəzolunmaz qida maddəsidir.”
Məhz buna görə gündəlik protein qəbulunun miqdarı böyük əhəmiyyət daşıyır. Çünki protein çatışmazlığı sağlamlıq problemlərinə səbəb olur. Lakin bunun əksi də doğrudur — həddindən artıq protein qəbulu da orqanizmə zərər verir.
Prof. Dr. Akyüz burada mühüm bir məqama diqqət çəkir:
“Proteinin miqdarı qədər onu hansı mənbədən aldığınız da önəmlidir. Gündəlik protein ehtiyacını qarşılamaq üçün hər yeməkdə protein qəbul etmək vacibdir. Amma hansı mənbədən? Heyvani proteinmi, yoxsa bitki mənşəli proteinmi?”
Tək növ protein faydadan çox zərər verir
Yalnız bir növ protein mənbəyindən istifadə etmək bir çox problem yarada bilər. Prof. Dr. Akyüz bunun mümkün zərərlərini belə izah edir:
“Əgər hər yeməkdə davamlı olaraq heyvani protein qəbul edirsinizsə, bu zaman başda ürək-damar xəstəlikləri olmaqla mədə və yoğun bağırsaq xərçəngi riskləri arta bilər. Bundan əlavə, lif qəbulu azalacağı üçün bağırsaq problemləri yaranar və immun sistemi mənfi təsirlənər.”
Həddindən artıq protein böyrəklərə də mənfi təsir göstərir.
“Əgər gizli və ya məlum böyrək xəstəliyiniz varsa və çox protein qəbul edirsinizsə, böyrəklərin yükü artır və vəziyyət daha da ağırlaşır. Eyni zamanda proteinlər qaraciyərdə metabolizm olunur. Bu isə qaraciyərin həddindən artıq yüklənməsinə səbəb olur və altda yatan xəstəlik varsa, riski artırır.”
Heyvani, yoxsa bitki mənşəli protein?
Protein mənbəyi bu məsələdə çox vacibdir. Prof. Dr. Akyüz bildirir:
“Heyvani proteinlərlə yanaşı bitki mənşəli protein mənbələrini də nəzərdən qaçırmamalıyıq.”
O əlavə edir:
“Gündəlik qidalanmada həm heyvani, həm də bitki mənşəli proteinlərə yer verilməlidir. Bitki mənşəli proteinlərin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi üçün onları taxıllarla birlikdə qəbul etmək lazımdır. Bu amin turşularının balansını yaxşılaşdırır və faydalanmanı artırır.”
Gündəlik protein ehtiyacı nə qədərdir?
Ən çox maraq doğuran suallardan biri də budur: insan gündə nə qədər protein qəbul etməlidir?
Prof. Dr. Akyüz bu suala belə cavab verir:
“İnsanın yaşı, boyu, çəkisi və fizioloji vəziyyəti nəzərə alınmaqla sağlam böyüklər üçün hər kiloqram çəkiyə görə gündə təxminən 1.2–1.6 qram protein kifayət edir. Uşaqlarda bu göstərici dəyişir. Böyümə çağındakı uşaqlarda hər kiloqram üçün 2–2.5 qram protein lazım ola bilər. Xəstəlik hallarında və ya idmançılarda isə bu miqdar artır.”
Xüsusilə pəhriz saxlayan insanlar əzələ itkisini önləmək üçün hər yeməkdə protein qəbul etməyə çalışırlar. Bəs bu düzgündürmü?
Prof. Dr. Akyüz deyir:
“Proteini gün ərzində yeməklərə bölmək vacibdir. Amma bu o demək deyil ki, hər yeməkdə mütləq heyvani protein olmalıdır. Noxud, lobya, yaşıl mərcimək kimi bitki mənşəli proteinlər, həmçinin fındıq, fıstıq, qoz və badam kimi yağlı toxumlar da protein verir. Bunları qidalanmaya əlavə etdikdə gündəlik protein balansı təmin olunur.
Əgər sırf protein qəbul etmək üçün hər yeməkdə yumurta, qırmızı ət, toyuq və balıq yeyirsinizsə, bu sağlamlıq risklərini artırır. Yeməkləri bitki mənşəli proteinlərlə balanslaşdırmaq lazımdır.”
Proteinli məhsullar zərərsizdirmi?
Proteinli yoqurtlar və içkilər son dövrlərdə çox populyarlaşıb.
Prof. Dr. Akyüz bildirir:
“Gündəlik protein miqdarını həddindən artıq aşmadığınız müddətdə proteinli yoqurtlardan istifadə edə bilərsiniz. Xüsusilə idman edənlər üçün protein vacibdir.”
Lakin o, mühüm xəbərdarlıq da edir:
“Sadəcə adi yoqurt əvəzinə daim proteinli yoqurt istifadə etmək düzgün deyil. Bu məhsullar toxluq hissi verir və əzələ itkisini azaltmağa kömək edə bilər. Amma əgər normal qidalanma ilə kifayət qədər protein qəbul edirsinizsə, əlavə olaraq proteinli yoqurt və ya içkilərə ehtiyac yoxdur. Protein tozlarından istifadə zamanı da diqqətli olmaq lazımdır. Əgər qida ilə kifayət qədər protein alırsınızsa, əlavə protein tozu istifadə etməyin.”
Kimlər daha diqqətli olmalıdır?
Xüsusilə xroniki xəstəlikləri olan insanlar həddindən artıq protein qəbuluna qarşı daha diqqətli olmalıdırlar.
Prof. Dr. Akyüz deyir:
“Qaraciyər xəstəliklərində protein metabolizmi pozula bilər. Həddindən artıq protein xüsusilə ağır mərhələlərdə ammonyak yığılmasına və şüur dəyişikliklərinə səbəb ola bilər.
Eyni zamanda podaqra xəstəliyi olan insanlarda xüsusilə qırmızı ət və sakatat kimi heyvani proteinlər sidik turşusunu artıraraq xəstəlik tutmalarını gücləndirə bilər. Yaşlı insanlar üçün protein vacib olsa da, böyrək funksiyalarına və su qəbuluna uyğun şəkildə, həddi aşmadan istifadə edilməlidir.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
