Araşdırmalar göstərir ki, qidalanma vərdişləri yalnız bugünkü sağlamlığımıza deyil, gələcək illərdəki vəziyyətimizə də təsir edir. Lakin yaş artdıqca orqanizmin qida ehtiyacları dəyişir.
Körpəlik və uşaqlıq
İkinci Dünya müharibəsi dövründə İngiltərədə şəkər ərzaq talonuna salınmış, 2 yaşdan kiçik uşaqlara isə şəkər payı verilməmişdi. 2025-ci ildə aparılan araşdırmada 1951-1956-cı illərdə doğulan insanların sağlamlıq məlumatları müqayisə edilib.
Nəticələrə görə, ana bətnində və həyatın ilk 1000 günündə daha az şəkərə məruz qalan insanlarda sonrakı illərdə ürək-damar xəstəliklərinin riski 20 faiz, ürək çatışmazlığının 25 faiz, insultun isə 31 faiz daha aşağı olduğu müəyyənləşdirilib.
Uşaqlıq dövründə beyin, əzələ və sümük inkişafı üçün kifayət qədər enerji ilə yanaşı dəmir, yod, vitaminlər, kalsium və D vitamini də vacibdir. Meyvə, tərəvəz, tam taxıl, paxlalılar, qoz-fındıq və toxumlar rasionda yer almalıdır. Həddindən artıq emal olunmuş qidalardan isə uzaq durmaq tövsiyə edilir.
Kalsium üçün süd, qatıq, pendir, kalsiumla zənginləşdirilmiş tofu və bitki mənşəli içkilər, D vitamini üçün isə yağlı balıq və yumurta mənbə ola bilər.
10-20 yaş aralığı
Yeniyetməlik və gənc yetkinlik dövründə əzələ və sümük inkişafı davam etdiyi üçün qida ehtiyacı artır. Xüsusilə kalsium, D vitamini, dəmir, zülal və B qrup vitaminlərinə diqqət yetirmək lazımdır.
Mütəxəssislər bu yaşlarda tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq, toxum və tam taxıllarla zəngin, bitki əsaslı qidalanmanı tövsiyə edirlər.
Araşdırmalar göstərir ki, tərəvəz və digər bitki mənşəli qidaların üstünlük təşkil etdiyi Aralıq dənizi tipli qidalanma həm fiziki, həm də psixi sağlamlıqla əlaqəlidir. Bu qidalanma modelinə tərəvəz, paxlalılar, qoz-fındıq və zeytun yağı ilə yanaşı müəyyən miqdarda balıq, süd məhsulları və quş əti daxildir.
Orta yaşlar
Orta yaşlarda qidalanma gələcək sağlamlığa uyğunlaşdırılmalıdır. Bu, xüsusilə menopauza dövründə olan qadınlar üçün əhəmiyyətlidir. Menopauza zamanı estrogen səviyyəsinin azalması sümük və əzələ itkisi, bədən çəkisinin və qarın nahiyəsində yağlanmanın artması ilə əlaqələndirilir.
ABŞ-da 39 yaşdan yuxarı 100 minə yaxın insanın məlumatlarının araşdırıldığı bir tədqiqatda meyvə, tərəvəz, tam taxıl, doymamış yağlar, paxlalılar və az yağlı süd məhsulları ilə zəngin qidalanmanın sağlam yaşlanma ilə əlaqəli olduğu müəyyən edilib.
Bu dövrdə somon kimi yağlı balıqlarda olan omeqa-3 yağ turşuları da faydalı olur. Əzələ itkisini azaltmaq üçün kifayət qədər zülal qəbul etmək də vacibdir.
Yaşlılıq dövrü
Yaşlandıqca enerji ehtiyacı azalır, buna görə qəbul edilən kalori miqdarı da azalır. Bununla belə, sümük və əzələ sağlamlığını qorumaq üçün qida dəyəri yüksək məhsullara üstünlük vermək lazımdır.
Bu dövrdə xüsusilə kalsium, D vitamini və keyfiyyətli zülal vacibdir. Kalsium süd məhsulları, sardina, tofu və ispanaqda, D vitamini isə yağlı balıq və yumurtada olur.
Yaşlılıqda əzələ kütləsi və gücü azala bildiyindən zülal qəbulu mühüm rol oynayır. Zülalın orqanizm tərəfindən düzgün istifadə olunması üçün onu keyfiyyətli karbohidratlar, doymamış yağlar, vitamin və minerallarla zəngin qidalarla birlikdə qəbul etmək tövsiyə olunur.
Yaşla birlikdə bağırsaq mikrobiomu da dəyişir. Faydalı bakteriyaların azalması və bəzi digər bakteriyaların artması müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilib. Lakin bu dəyişikliklərin xəstəliklərə necə təsir etdiyi hələ tam aydın deyil.
Bağırsaq sağlamlığını dəstəkləmək üçün tərəvəz, meyvə və digər liflə zəngin, polifenol tərkibli qidalar qəbul etmək faydalı olur. Bəzi araşdırmalar isə prebiyotik əlavələrin yaşlı insanlarda bağırsaq mikroorqanizmlərinin müxtəlifliyinə və idrak funksiyasına müsbət təsir göstərə biləcəyini göstərir.
Ümumilikdə, hər yaş dövründə əsas məqsəd yalnız kalori ehtiyacını ödəmək deyil, orqanizmin həmin dövrdə ehtiyac duyduğu zülal, vitamin, mineral, lif və sağlam yağları kifayət qədər almaqdır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
