Sentyabr 17, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Mütəxəssislər xəbərdarlıq edir: Makiyaj və saç baxımı məhsullarında təhlükəli kimyəvi maddələr var

Gündəlik istifadə olunan kosmetik və şəxsi qulluq məhsullarının tərkibində sağlamlıq üçün risk yarada biləcək kimyəvi maddələr hələ də geniş yayılıb.

2025-ci il Gözəllik və Şəxsi Qulluq Tərkib Hesabatına əsasən, şampun, saç kremi, tonal krem və pomada kimi məhsullarda yüksək riskli kimyəvi maddələr aşkarlanıb.

Etiketdə göstərilməyən təhlükələr

ABŞ və Kanadada satılan 231 kosmetik məhsulun 52 faizində PFAS adlı kimyəvi maddələr müəyyən edilib. Bu maddələr hormonal sistemə təsir göstərir və xərçəng də daxil olmaqla müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.

Araşdırmada həmin maddələrin 88 faizinin məhsulların etiketində göstərilmədiyi də müəyyən olunub.

Mütəxəssislər saç düzləşdirici məhsullarda istifadə olunan formaldehidə də diqqət çəkirlər. Bu maddənin xüsusilə qaradərili qadınlar üçün nəzərdə tutulan bəzi saç məhsullarında geniş yayıldığı və xərçənglə əlaqələndirildiyi bildirilir.

Diqqət çəkən maddələr

Hesabatda risk baxımından diqqət yetirilməli maddələr arasında Cyclopentasiloxane, Cyclomethicone, Methylparaben, BHT, D&C Red 27 və D&C Red 28 də göstərilir. Onların bəziləri hormonal sistemə, immun və reproduktiv sistemlərə təsir göstərir.

Kimyəvi təhlükəsizlik üzrə mütəxəssis Heather McKenney hesab edir ki, məhsulun təhlükəsiz olub-olmadığını müəyyən etmək məsuliyyəti istehlakçının üzərinə düşməməlidir. Onun sözlərinə görə, istehsalçılar tərkib barədə daha şəffaf məlumat verməlidir.

Daha təhlükəsiz məhsullar artır

Hesabatı hazırlayan ChemFORWARD təşkilatı təhlükəli kimyəvi maddələrin istifadəsində 2 faizlik azalma olduğunu və daha təhlükəsiz formulaların artdığını bildirir. Bununla belə, təxminən 50 min məhsulun 4 faizində hələ də yüksək riskli maddələrin olduğu müəyyən edilib.

Mütəxəssislər kosmetika sənayesini daha təhlükəsiz və şəffaf tərkiblərə keçməyə çağırırlar.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az