The Lancet jurnalında dərc olunan üç mühüm araşdırma göstərib ki, ultra emal olunmuş qidalar bütün dünyada ənənəvi qidalanmanı arxa plana keçirir, qidalanma keyfiyyətini aşağı salır və xroniki xəstəliklərin artmasına səbəb olur. Mütəxəssislər hökumətləri və cəmiyyəti bu problemlə bağlı təcili addımlar atmağa çağırırlar.
Ultra emal olunmuş qidalar sənaye üsulu ilə hazırlanmış komponentlər və müxtəlif qatqı maddələri ilə istehsal olunan, əksər hallarda təbii formasını itirmiş məhsullardır. Qazlı içkilər, çipslər və bir çox səhər yeməyi üçün nəzərdə tutulmuş taxıl məhsulları bu kateqoriyaya daxildir.
Problem iradə zəifliyi deyil
Araşdırmaya görə, əsas problem insanların iradəsizliyi deyil, qlobal miqyasda böyük təsir gücünə malik qida sənayesidir. Son illərdə ultra emal olunmuş qidaların istehlakı bir çox ölkədə sürətlə artıb. ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada insanların gündəlik enerji qəbulunun təxminən yarısı bu məhsullardan əldə olunur.
Tədqiqatlar göstərir ki, bu qidalar həddindən artıq kalori qəbuluna səbəb olur. Onların tərkibində şəkər və doymuş yağ yüksək, lif, vitamin və minerallar isə az olur.
104 uzunmüddətli araşdırmanın təhlili nəticəsində onların 92-si ultra emal olunmuş qidaların piylənmə, 2-ci tip diabet, yüksək qan təzyiqi, yüksək xolesterin, ürək-damar və böyrək xəstəlikləri, Crohn xəstəliyi, depressiya və erkən ölüm riskini artırdığını göstərib.
Klinik sınaqlar isə müəyyən edib ki, bu qidalar böyüklərdə gündəlik əlavə 500–800 kilokalori qəbuluna, daha sürətli və nəzarətsiz qidalanma davranışına səbəb olur.
Təklif olunan tədbirlər
Tədqiqatçılar hökumətlər üçün dörd əsas siyasət istiqaməti təklif edirlər:
Məhsulların tənzimlənməsi: Təkcə şəkərin dadlandırıcı ilə əvəz edilməsi kifayət deyil. Müəyyən qatqı maddələrinə məhdudiyyət qoyulmalı və məhsulların emal səviyyəsini göstərən işarələmə sistemi yaradılmalıdır.
Qida mühitinin tənzimlənməsi: Qablaşdırmaların ön hissəsində xəbərdarlıq etiketləri yerləşdirilməli, 18 yaşadək uşaqlar bütün platformalarda qida reklamlarından qorunmalı, şəkərli içkilərə və seçilmiş ultra emal olunmuş qidalara ən azı 20 faiz vergi tətbiq edilməli, məktəblərdən, xəstəxanalardan və digər ictimai məkanlardan bu məhsullar çıxarılmalı, mağazalarda onların satış payı azaldılmalıdır.
Şirkətlərin bazar gücünün məhdudlaşdırılması: Satış portfelləri izlənməli, inhisarçılığa qarşı rəqabət qaydaları gücləndirilməli və vergi siyasəti ilə bazarda həddindən artıq üstünlük əldə edilməsinin qarşısı alınmalıdır.
Kənd təsərrüfatı və təchizat zəncirinin yenidən qurulması: Qarğıdalı, soya və şəkər kimi məhsullara verilən dəstəklər sağlam qida istehsalını təşviq edən siyasətlə əvəz edilməli, ekoloji siyasətlər qidalanma hədəfləri ilə uyğunlaşdırılmalıdır.
Qlobal çağırış
Mütəxəssislər bildirirlər ki, uğur yalnız eyni vaxtda həyata keçirilən kompleks siyasətlər və beynəlxalq əməkdaşlıq sayəsində mümkün ola bilər. Araşdırmada ultra emal olunmuş qida istehsalçılarının lobbiçilik və gecikdirmə strategiyalarının tütün və fosil yanacaq sənayelərinin istifadə etdiyi üsullara bənzədiyi vurğulanır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

