Mixail Yuryeviç Lermontov böyük rus xalqının ən məşhur ədəbi simalarından biridir. Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən olan Lermontov XIX əsrin birinci yarısında yaşayıb yaratmışdır. Klassik rus poeziyasını onsuz təsəvvür etmək mümkün deyildir. A.S.Puşkin ədəbi məktəbinin poetik şöhrət zirvəsinə yüksələn, rus ədəbi və ictimai fikrinin inkişafında mühüm rol oynayan Lermontov tarixən çox çətin və mürəkkəb bir dövrdə – I Nikolay irticasının tüğyan etdiyi bir zamanda yaşayıb yaratmışdır. Demək olar ki, M.Y.Lermontov həm qüdrətli söz ustası kimi, həm də mütərəqqi siyasi-ictimai görüşləri etibarilə A.S.Puşkindən sonra Rusiyada ikinci böyük şairdir. Puşkin kimi Lermontov da özündən əvvəlki rus ədəbiyyatının ən yaxşı ənənələrini davam və inkişaf etdirmiş, Puşkinin ilk və ən istedadlı varisi olmuşdur.
Azərbaycanda da geniş tanınan bu məşhur rus ədibini Qafqazla bağlayan və Azərbaycan oxucusuna sevdirən, ilk növbədə, onun Şərq mövzusuna müraciəti və Qafqaz xalqlarının həyatını, onların adət-ənənələrini çoxsaylı əsərlərində əks etdirməsidir. Rus poeziyasının ən yüksək zirvələrindən biri sayılan M.Y.Lermontovu tanıdan və sevdirən həm də onun yaradıcılığında rast gəlinən insan və cəmiyyət, güclü şəxsiyyət problemlərinə yanaşma tərzidir.
Lermontov rus şairləri içində musiqiyə ən çox bağlı olan sənətkarlardan idi. Vaxtilə ən görkəmli rus bəstəkarları onun rübabına valeh olmuş, onun sözlərinə mahnı və romanslar bəstələmişlər. İlk rus romanslarının bir çoxu Lermontovun adı ilə bağlıdır.
M.Y.Lermontov sözün əsl mənasında novator olmuşdur. O, siyasi-ictimai və fəlsəfi lirikanın, lirik və liro-epik poemanın, vətəndaşlıq poeziyasının, romantik və realist dram və faciənin gözəl və orijinal nümunələrini yaratmışdır. Rus ədəbiyyatının sonrakı inkişafına Lermontovun çox müsbət təsiri olmuşdur. N.A.Nekrasovdan başlamış A.A.Bloka və V.V.Mayakovskiyə qədər bütün rus şairləri Lermontov lirikasının sehrkar qüvvəsindən təsirlənmişlər. Lermontovun Azərbaycan şairləri içərisində də A.Səhhət kimi pərəstişkarları az olmamışdır.
Lermontov əsərlərində zəmanəsinin ən qabaqcıl nəslinin görüşlərini, onların azadlıq həsrətini, Rusiyanın gələcəyi haqqındakı gözəl arzularını əks etdirdiyi üçündür ki, V.Q.Belinski, N.Q.Çernışevski, A.A.Dobrolubov, A.İ.Gersen kimi mütəfəkkirlər onun əsərlərinin və görüşlərinin ilk hərarətli təbliğatçıları olmuşlar.
Həyat və yaradıcılığı
Mixail Yuryeviç Lermontov 1814-cü ildə oktyabr ayının 3-də( yeni stillə 15-də) Moskvada anadan olmuşdur.1817-ci ilin mart ayında Lermontov 3 yaşında ikən Mariya Mixaylovna vərəm xəstəliyindən vəfat etmişdi. Balaca Mixayıl hakim dairələrə yaxın olan Bexmetovlar və Arsenyevlər ailəsinə mənsub babası və nənəsinin himayəsi altında tərbiyə almışdır. Şairin sonrakı taleyində də ana tərəfdən nənəsi Yelizaveta Alekseyevna Arsenyeva böyük rol oynamışdır. Yelizaveta nəvəsini həddi-büluğa çatana qədər öz yanında saxlayıb tərbiyə etməyi qərara aldı və bütün varidatını nəvəsinə vəsiyyət etməyi vəd etdi.
Lermontov bədii yaradıcılığa da pansionda başlamış, əvvəlcə müəllimlərin məsləhəti ilə Şillerin şeirlərindən bir neçəsini təbdil emiş, sonra 1828-1829-cu illər arasında “Çərkəzlər” (1828), “Dəniz qulduru” (1828), “Qafqaz əsiri” (1828), “Demon”( ilk variant 1829) poemalarını və bir çox lirik şeirlərini (“Napoleon”, “Romans”, “Monoloq”, “İki tərlan”, “Rus melodiyası”, “Gürcü qızı”, “Çərkəz qızı” və başqalarını) yazmışdır. Bu əsərlərdən görünür ki, 1812-ci il vətən müharibəsi, məğlub edilmiş dekabristlərin qəmli taleyi və Qafqaz səfərlərinin xatirələri 15-16 yaşlı şairi düşündürən əsas məsələlərdən olmuşdur.
Pansionda, Lermontov Puşkinin və dekabrist şairlərin senzura tərəfindən qadağan edilmiş əsərləri ilə ( əlyazma şəklində) də tanış ola bilmişdi. Gənc şairin 28-29-cu illərdə yazdığı əsərlərdə Puşkin və Rıleyevin əsərlərinin təsiri nəzərə çarpırdı.
Tələbəlik illərində Lermontov üç dram əsəri – “İspanlar” (1830), “İnsanlar və ehtiraslar” ( 1830), “Qəribə adam” (1831), “Qanlı” (1831), “Azadlığın son övladı” (1830), “İki məhbus” (1830) poemalarını və bir çox məzmunlu siyasi-lirik şeirlərini yaratmışdır.
Universitetdə mühafizəkar-monarxist professorlar da var idi. Onların öz mühazirələrində təbliğ etdikləri fikirlər azad fikirli gəncləri çox narazı salırdı. Xüsusən dekabrizm ideyalarına sadiq tələbələr kütləvi surətdə narazılıq edirdilər. Bütün bu səbəblərə görə Lermontovu – 300 gözəl şeirin, 16 poemanın müəllifini, mütərəqqi rus şeirinin ən yaxşı varisini universitetdən xaric etdilər.
Lermontov 4-cü dəfə idi ki, Qafqaza gəlirdi. Lakin bu dəfə istirahətə yox, iradəsi əleyhinə olaraq, çarın Qafqazda apardığı işğalçılıq müharibələrində vuruşmağa göndərilmişdi.
Bu ilk sürgün dövründə, Lermontov sürgün edilmiş dekabristlərlə, xüsusən ən görkəmli dekabristlərdən biri olan A.İ.Odoyevski ilə, gürcü şairi N.Barataşvili, A.Çavçavadze ilə və bir də ehtimala görə Mirzə Fətəli Axundovla tanış ola bilmişdir. Gənc yaşlarından xalq yaradıcılığını böyük diqqət və həvəslə öyrənən şair demək olar ki, bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən, Azərbaycan xalq yaradıcılığına da dərin məhəbbət göstərmişdir. Şairin Azərbaycan xalq dastanı “Aşıq Qərib” i, bəzi dəyişikliklərlə yazıb götürməsi və Azərbaycan dilini səylə öyrənməyə çalışması bunu sübut edir.
1838-ci ilin yanvar ayında şair sürgündən Peterburqa qayıtdı.
1838-ci ilin axırları və 1839-cu ildə şair “Mtsıri” poemasını və “Demon”un yeni variantını yazdı, “Zəmanəmizin qəhramanı” romanı üzərində işlədi.
1841-ci ilin iyul ayının 15-də, vaxtilə Peterburqda hərbi məktəbdə Lermontovla bir yerdə oxuyan Martınov şairi duelə çağırır. Lermontov gülləni havaya atdı. Martınov isə, duelin qanunlarını pozaraq, lap yaxın gəlib düz Lermontovun ürəyinin başından nişan aldı.
İyulun 17-də Lermontov Pyatiqorsk qəbiristanlığında dəfn edildi. 1842-ci ilin aprel ayında isə indiki Lermontov kəndinə köçürüldü.
Əvəzsiz istedad hələ 27 yaşını tamamlamamış, yaradıcılığının tam çiçəkləndiyi bir dövrdə məhv edildi. Onu Qafqaza sürgün etmişdilər ki, müharibədə dağlıların qəfil gülləsinə düçar olsun, ancaq şairi rus-kübar gülləsi öldürdü.
Rus yazar və şair Mixail Lermontov cəmi 26 il yaşadı. Rus romantizminin öndə şəxslərindən biri olan Lermontovun şeirləri, əsas da tək romanı olan “Zəmanəmizin qəhrəmanı” illər keçməsinə baxmayaraq, mövzu cəhətdən hələ də öz aktuallığını qoruyub-saxlamaqdadır.
“Zəmanəmizin qəhrəmanı” romanı ən yaxşı kitablar arasında, şübhəsiz, öz yerini alır. Adsız səyyah tərəfindən danışılan əsərdə 19-cu əsr Rusiyasının burjua abu-havasını hiss etmək olar.
Rus şairi M.Y.Lermontov Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətləri olan şair və yazıçılardandır. Məhz onun sayəsində məşhur məhəbbət dastanımız – “Aşıq Qərib” geniş rusdilli oxucu auditoriyasının malına çevrildi və ciddi tədqiqatlara cəlb olundu. Geniş tarixi-mədəni areala malik dilimizi şair fransız dili ilə müqayisə edərək, söz və ifadələrimizi, atalar sözlərimizi bir sıra əsərlərində ustalıqla istifadə etmiş, ədəbiyyatımızın ayrı-ayrı nümayəndə və nümunələrinə müraciətdən öz yaradıcılığında bəhrələnə bilmişdir.
Həyat və yaradıcılığı bir-birini sıx şəkildə tamamlayan rus şairi istər poetik, istər nəsr, istərsə də dramaturji yaradıcılığında rus gerçəkliyinə söykənir, özünü dekabristlərdən sonrakı gənc rus dvoryan nəslinin nümayəndəsi kimi təqdim edirdi. Bəlkə də o, bu nəslin problemlərini rus ədəbiyyatına gətirən, kəskin şəkildə qoyan ən barışmaz şair, yazıçı və dramaturq idi. Elə bu barışmazlığının da qurbanına çevrilmişdi.
Uşaqkən üç dəfə nənəsilə Qafqaza səyahət edən və iki dəfə buraya sürgünə göndərilən şairə bu romantik diyar əsl ilham mənbəyi olmaqla yanaşı, həm də gözəl və orijinal mövzu, ideya, süjet, motiv və xarakterlər bəxş etdi. Bestujev-Marlinski və Puşkindən sonra Qafqaz reallıqlarını inandırıcı və incə şəkildə işıqlandıran və sələflərinə münasibətdə mövzuya daha dərindən bələdçilik nümayiş etdirən də Lermontov oldu. “Geniş azadlığın əzəl məskəni olan” Qafqaza müraciətlə şair “Sevirəm Qafqazı mən”adlı şeirində yazırdı:
İtirdim anamı uşaq yaşından
Sehirli axşamlar keçdi qarşımdan.
Bir səs nə zamandı getmir başımdan
Uca qayalara bağlıyam qəlbən,
Sevirəm Qafqazı mən!
Sizinlə xoşbəxtəm dağlar, dərələr,
Sizsiz düz beş ildir həmdəmim kədər.
Gördüyüm o gözəl, ilahi gözlər
Yadıma düşdükcə yanır içindən
Sevirəm Qafqazı mən!
Lakin düçar olduğu bədbəxtliklər və tale uğursuzluqlarından qurtulmaq ləzzətini anlamağa macal tapmayan şair Rusiyanın bu ucqar diyarının da xoşbəxtlikdən çox uzaq olduğunu anlayır, rus ordusunun zabiti olsa belə, həqiqəti izhar etməkdən çəkinmir:
Sən də bədbəxtliyə olursan düçar,
Vuruşlar al qana qərq edir səni!..
Qafqaz müharibəsinin od-alovundan, gurlayan tufanların sınağından çıxmış şair doğma Şimalda unudulmayacağına əmin olmadığı üçün kədərlənir:
Bu uzun illərin cəfakeşini
Görəsən, dost, aşna tanıyacaqmı?
Məni əvvəlkitək bağrına basan,
Qabağıma çıxan tapılacaqmı?
Lermontovun bu hissləri onun çox məşhur olan “Şair” adlı şeirindəki duyğuları ilə üst-üstə düşür. Şair-peyğəmbər sözünü qızıl oyuncağa dönüb divardan asılmış və pasa çulğalanmış xəncərə bənzədən müəllif, “şeirin ilahi ruh tək başların üzərində gəzib nəcib fıkirlər doğurduğu” zamanların arxada qaldığından təəssüflənir. Nə qədər ağır olsa da, sevdiyi Vətəndən uzaqlarda gizlənməklə özünə nicat tapır:
Əlvida, əlvida, ey kirli Rusiya,..
Qafqaz dağlarını aşıb, bəlkə mən
Jandarm-paşalardan olaram nihan.
Vətənə olan “qəribə məhəbbət”ini “Vətən” şeirində ustalıqla nümayiş etdirən şair həm də böyük vətənpərvər idi. Tarixi mövzuda yazdığı əsərlərdə, xüsusən də “Borodino” şeirində, “Vadim” romanında və “Tacir Kalaşnikov haqqında nəğmə” poemasında o öz sənətkarlığının ecazkar qüvvəsini və potensial imkanlarını nümayiş etdirə bilir.
Lermontov yaradıcılığı və XIX əsr rus ədəbiyyatında mühüm əhəmiyyətə malik olmuş, realist rus sosial-psixoloji roman janrının əsasını qoymuş və bu dövr ədəbiyyatında çox aktual görünən “artıq insan problemi”nin işıqlandırılmasına yönəlmiş “Zəmanəmizin qəhrəmanı” romanı hələ 1908-ci ildə Azərbaycan türkcəsində səslənmişdi. Bu mövzudan təsirlənən tanınmış şair və yazıçımız, rus ədəbiyyatının gözəl bilicisi və tərcüməçisi Abdulla Şaiqsə Azərbaycan həqiqətlərini əks etdirən “Əsrimizin qəhrəmanı” romanını yazmışdı.
Bəlkə də şairin o zamankı rus cəmiyyətində “artıq” göründüyü üçün aradan götürüldü. Rus tarixinin üç əsas mərhələsi barəsində üç böyük roman yazmaq planını cızan gənc, lakin dahi bir sənətkarın ömrünə vaxtından çox-çox əvvəl son qoyuldu.
AYNUR TURAN
Gundelik.az

