Gərək heç kəs bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi… 1993-cü ildə Azərbaycan yanırdı.
Heydər Əliyev, Ümummilli lider
Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan vermişdir.
Respublikamızın vətəndaşları hər il 15 iyun – Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər. Bu gün bütün içtimaiyyət haqlı olaraq dərin iftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosial sahələr surətlə inkişaf etmiş, içtimai-siyasi sabitlik bərqərar olmuşdur. Bu, Heydər Əliyevin böyük idarəetmə bacarığının, qətiyyətinin səmərəli bəhrəsidir.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yoluna çevrildi. Bu gün o uğurlu yolun ildönümüdür.
1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Təəssüf ki, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin dövlətin bütün təsisatlarında bir boşluq vardı. Ermənistanın Azərbaycana qarşı işğalçılıq təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış və istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq göstərən Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Vəziyyəti nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar müsbət nəticə vermirdi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələrigirov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıtdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi…
1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, həmin gün şanlı tariximizin dönüş anı, kimi daxil oldu. Sonralar millət vəkilləri 15 iyunu təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Azərbaycan xalqının Milli Qurtuluş Günü Azərbaycan Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci ilin 15 iyunda bayram elan edilib. Bayrama 1998-ci ildən dövlət statusu verilib.
Milli Qurtuluşun zəfər yolu
Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun- Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın yaddaşına həkk olunmuş Qurtuluş Günü ölkəmizin hər yerində Heydər Əliyevə dərin hörmət və böyük minnətdarlıq hissi ilə qeyd olunur. XX əsrin sonlarında Sovet İttifaqı kimi nəhəng bir dövlətin süqutu milli respublikaların öz müstəqilliklərini elan etməsi üçün şərait yaratdı və bu, müstəqil dövlətlərin meydana gəlməsi ilə nəticələndi. Yaranmış tarixi şəraitdən istifadə edən Azərbaycan da öz dövlətmüstəqilliyini dünyaya bəyan etdi. Lakin 80-cı illərin axırında, 90-cı illərin əvvəllərində respublikaya rəhbərlik etmiş şəxslərin kölə psixalogiyası, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş korkoranə addımları Azərbaycanı getdikcə tənəzzülə doğru aparmış, torpaqlarımızın bir-birinin ardınca düşmənlərimizin əlinə keçmişinəşərait yaratmışdır. 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan içtimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Bir-birini əvəz edən səriştəsiz, idarəetmədə naşı olan o vaxtkı dövlət rəhbərləri ölkədə elə xaos, anarxiya, özbaşınalıq yaratmışdılar ki, xalqın qanı bahasına qazanılmış müstəqillik artıq uçuruma doğru yuvarlanırdı. Belə bir şəraitdə torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunur, günahsız insanlar qətlə yetirilir, ata-baba yurdlarından didərgin salınanların sayı durmadan artırdı. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Çünki hakimiyyətdə müstəqil Azərbaycanı xarici işğaldan və daxili parçalanmadan qoruya biləcək şəxsiyyət və milli lider yox idi. Belə bir zamanda xalq Azərbaycanın xilasını yalniz Heydər Əliyevin simasinda görürdü. Bu böyük insan ümumxalq inamını, etibarını xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı.
Ümumiyyətlə, Azərbaycanın içtimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğur və nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısı İlham Əliyev də ulu öndərin layiqli yetirməsi və davamçısıdır.
Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi. Bu qayıdışın daha bir nəticəsi xalqın özünəinam hissinin bərpası idi. Təsadüfü deyil ki, Heydər Əliyev Naxçıvandan Bakıya dönən gün bütün Azərbaycan sevinc içərisində idi. Çünki həmin gün ürəklərdə ümidsizlik və iztiraba son qoyulurdu. Xalq inandığı, etibar etdiyi oğlunu və rəhbərini gülçiçəklə, qəlbinin ən böyük sevinci ilə qarşılayırdı.Heydər Əliyevin müdrikliyi ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Ölkəmiz hər şeydən əvvəl vətəndaş müharibəsi təhlükəsindən, parçalanmadan və beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu… Ötən müddət ərzində respublikada baş verənləri tək-tək sadalamağa ehtiyac yoxdur. Böyük zəhmət, gərgin fəaliyyət sayəsində başa gələn daxili içtimai-siyasi sabitlik, sosial inkişaf və nəhayət, olduqca böyük iqtisadi tərəqqi… Məhz ümumilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün respublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dünyanın bir çox iri və inkişaf etmiş dövlətlərindən də öndədir.
Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə aparmışq, bu yolda minlərlə şəhid vermişdir. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyininn qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Biz azadlığımız, müstəqilliyimiz naminə ağır sınaqlardan keçmişik. Lakin unutmayaq ki, qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, möhkəmlənməsəndə. Dünyaya tanıdılmasında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı- alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi üçün rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. AXCMusavat iqtidarı yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar kömək üçün Heydər Əliyevə müraciət etdi. Azərbaycanın görkəmli oğlu Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi.
Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdir: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu qayıdışı böyük ümid və sevinclə qarşıladı.
Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsidir. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub axlanması deməkdir, qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruhyüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əminamanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdanxilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Fikrimizi dahi şəxsiyyət Heydər Əliyevin öz sözləri ilə yekunlaşdırmaq istərdik:
“Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayaram və həyatımı da xalqıma qurban verməyə hazıram”.
Xalq Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın bugünkü uğurlarının bünövrəsini qoya bildi. Bu gün Azərbaycanın iqtisadi inkişaf strategiyasının digər ölkələrə nümunə göstərilməsi uğurlarımızın ən yaxşı təsdiqidir. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevirmişdir.
Böyük şəxsiyyətləri fərqləndirən ali xüsusiyyətlərdən biri onların yalnız bu gün deyil, perspektiv barədə düşünmələri,insanların gələcək həyatında mühüm rol oynayan strateji qərarlar qəbul etmələridir. Başlanğıcda bəlkə də qanunauyğunluq kimi nəzərdən keçirilən bu qərarların sonradan ümumilikdə xalqın, dövlətin tərəqqisi, inkişaf baxımından necə əlahiddə əhəmiyyət daşıdığı daha aydın görünür. Bu mənada, Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bugünün özündə də duyur, gündəlik həyatımızda, taleyimizdə qabarıq hiss edirik… O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsi yolunda əlindən gələni əsirgəməmişdir. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.
Heydər yer üzünə
Tək gəldi-getdi.
Hələ sağlığında
Heykəldi-getdi.
Millətin əlindən
Yapışdı bərk-bərk
Əzmi dahilərə
Diz çökdürərək.
Dedi ki, tanıyın
Azərbaycanı!
Gəlin tariximizə, dövlətimizə, müstəqilliyimizə, xalqımıza ulu öndər Heydər Əliyevin öz sözləri ilə nəzər salaq: “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”, “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasına öz töhvəsini verir”.
15 iyun Milli Qurtuluş Günüdür. Azərbaycanı ürəkdən sevənlər, tarixini öyrənənlər üçün və Azərbaycan taleyini öz taleyi bilənlər üçün bu gün həmişə müqəddəs olacaqdır. Hazırda ölkəmizdə bütün sahələrdə işlər uğurla gedir. Bizi ciddi narahat edən və hələ nail olmadığımız bir problem Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Müstəqil Azərbaycan Respublikası hazirda öz gələcəyinə doğru inamlı addımlayır. Bütün bunların başlanğıcı faciələrdən, fəlakətlərdən, qurtuluş anından başlayıb. Ulu öndər Heydər Əliyev müdrikcəsinə deyib: “Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır- əgər onlar şəxsiyyətdirlərsə”.
Tibb Elmləri Doktoru, professor Nəsibov Firuz Həsən oğlu

Gundelik.az