Dəri insan orqanizminin həm ən böyük, həm də ən həssas orqanıdır. Müasir həyatın sürətli ritmi, ekoloji çirklənmə, stres, qeyri-sağlam qidalanma və yanlış qulluq vərdişləri dəri sağlamlığını ciddi təhlükə altına alır. Təəssüf ki, bir çox insan dəri xəstəliklərinin səbəbləri, risk amilləri və profilaktik tədbirlər barədə yetərli məlumata malik deyil. Bu isə vaxtında həkimə müraciət etməməyə və yanlış müalicə üsullarına yol açır.
Bu mövzularla bağlı suallarımızı Azərbaycan Tibb Universitetinin I Müalicə və Profilaktika fakültəsinin dekanı, Dermatovenerologiya kafedrasının dosenti Elşad Novruzov  cavablandırır.
Elşad müəllim, hazırda ən çox rast gəlinən dəri xəstəlikləri hansılardır?
– Hazırda ilboyu müşahidə olunan əsas dəri problemləri arasında göbələk xəstəlikləri, pullu dəmrov (psoriaz), pemfigus, allergik dermatitlər və müxtəlif formalı eqzemalar üstünlük təşkil edir. Xüsusilə göbələk xəstəlikləri son illərdə artmaqdadır. Bunun əsas səbəbi bəzi bərbərxana və gözəllik salonlarında steril olmayan alətlərdən istifadə, eləcə də ümumi hamamlar, saunalar kimi ictimai məkanlardır.
 İrsi faktorların dəri xəstəliklərində rolu nə dərəcədədir?
– Psoriaz və pemfigus kimi xəstəliklərdə irsi meyillik mühüm rol oynayır. Lakin bu xəstəliklərin üzə çıxması və ya şiddətlənməsi təkcə genetika ilə bağlı deyil. Stress bu prosesdə əsas tətikləyici faktorlardan biridir. Yəni irsi zəmin varsa, stress həmin xəstəliyi aktiv mərhələyə keçirə bilir.
 Allergik dəri problemlərinin artmasının səbəbləri nələrdir?
– Mövsümi olaraq, xüsusilə sitrus meyvələrinin həddindən artıq qəbulu allergik dermatitlərə səbəb ola bilər. Digər tərəfdən, qadınlarda gündəlik təmizlik zamanı istifadə olunan yuyucu vasitələr də kontakt allergik dermatitlərin yaranmasına yol açır. Kimyəvi maddələrlə tez-tez və qoruyucusuz təmas dərinin müdafiə mexanizmini zəiflədir.
Son dövrlərdə qoturluq xəstəliyinin artması nə ilə bağlıdır?
– Qoturluq xəstəliyinin artmasının əsas səbəbi də yenə ümumi istifadə olunan məkanlardır. İnsanlar gigiyenik qaydalara yetərincə əməl etmədikdə bu xəstəlik çox sürətlə yayılır.
İnsanların özbaşına müalicə üsullarına müraciət etməsi hansı risklər yaradır?
– Təəssüf ki, insanlar dəridə problem yarandıqda birbaşa dermatoloqa müraciət etmirlər. Tanışların məsləhəti və ya aptek işçilərinin tövsiyəsi ilə müxtəlif məlhəm və kremlərdən istifadə edirlər. Bu isə xəstəliyin klinik mənzərəsini dəyişir, diaqnozu çətinləşdirir və prosesin xroniki mərhələyə keçməsinə səbəb olur. Həmçinin dərmanlara qarşı davamlılıq formalaşa bilər.
Stressin dəri sağlamlığına təsiri barədə nə deyə bilərsiniz?
Aparılan müşahidələr göstərir ki, dəri xəstəliklərinin təxminən 80–90 faizində stress tətikləyici rol oynayır. Stress mövcud xəstəlikləri şiddətləndirir və gizli gedən prosesləri üzə çıxarır. Vitiligo, alopeciya areata, psoriaz, ekzema, atopik dermatit kimi xəstəliklər stress fonunda daha ağır keçir.
– Gənclər arasında akne problemlərinin artmasının səbəbi nədir?
 Aknenin yaranması təkcə hormonal dəyişikliklərlə bağlı deyil. İmtahan stresi, yuxusuzluq, uzun müddət kompüter və telefon qarşısında qalmaq da bu problemin yaranmasında mühüm rol oynayır. Bu hallar piy vəzilərinin fəaliyyətini artırır və nəticədə sızanaqlar əmələ gəlir.
 Sonda oxucularımıza nə tövsiyə edərdiniz?
– Ən vacib məqam odur ki, dəridə hər hansı problem yarandıqda vaxt itirmədən dermatoloqa müraciət edilsin. Erkən diaqnoz xəstəliyin xronikləşməsinin qarşısını alır və düzgün müalicəyə imkan yaradır. Özbaşına müalicə isə əksər hallarda problemi daha da dərinləşdirir.
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az