Sentyabr 10, 2026
Baku
Dünya Xəbərlər

İngiltərədə turist vergisi tətbiq oluna bilər

İngiltərə hökuməti yerli icra orqanlarına turistlərdən gecələmə vergisi almaq səlahiyyəti verməyi planlaşdırır. Yeni verginin sabit məbləğ deyil, otel, hostel və digər yerləşmə vasitələrinin qiymətinin müəyyən faizi əsasında tutulması nəzərdə tutulur.

Turizm və qonaqpərvərlik sektoru bu qərarın ailəvi istirahətin xərclərini artıracağından narahatdır. UKHospitality təşkilatının rəhbəri Allen Simpson verginin İngiltərədə ailə tətilinin orta hesabla 100-120 funt sterlinq bahalaşmasına səbəb ola biləcəyini bildirib.

Hökumət isə verginin sabit məbləğ olmayacağını və turistlərin büdcəsinə təsirinin məhdud qalacağını düşünür. Vergidən əldə olunan gəlirin necə xərclənəcəyinə yerli merlər qərar verəcək.

Hazırda İngiltərədə Mançesterdə gecəlik 1 funt, Liverpulda isə 2 funt məbləğində turist ödənişi tətbiq olunur. Lakin bu ödənişlər yerli idarələrin qərarı ilə deyil, otellərin təşəbbüsü əsasında həyata keçirilir.

London meri Sadiq Khan turist vergisinin tətbiqinin “ən qısa zamanda” həyata keçirilməli olduğunu bildirib. Bununla belə, Vestminster Bələdiyyəsinin rəhbəri Paul Svaddle toplanan vəsaitin yerli rayonlarla bölüşdürülməsinin vacibliyini vurğulayıb.

Turist vergisi dünyanın bir çox şəhərində tətbiq olunur. Nyu-York, Amsterdam və Roma gecələmə vergisi alan şəhərlər sırasındadır. Şotlandiyada isə yerli idarələr turist vergisi tətbiq edə bilir. Edinburqda bu vergi gecələmə qiymətinin 5 faizi qədərdir və maksimum beş gecə üçün tutulur.

Uelsdə isə 2027-ci ilin aprelindən gecələyən şəxslər üçün maksimum 1,30 funt sterlinq məbləğində turist vergisinin tətbiqi planlaşdırılır. Bunun tətbiq edilib-edilməyəcəyinə yerli idarələr qərar verəcək.

 

Mənbə:BBC Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az