Gundelik.az Elm və təhsil Ədəbiyyat Misralardan ləçəklər
Ədəbiyyat

Misralardan ləçəklər

Səbəbi sən
Buludlar boşalıb göylərdən indi,
Yağışlar boşanıb göylərdən indi,
Sel kimi tökülən göylərdən indi,
Göyün nuru deyil, şikayətindir.
Üşüyən əlimi alovlandıran,
Titrəyən könlümü alovlandıran,
Ehh, mənim ruhumu alovlandıran,
Gün istisi deyil, hərarətindir.
Özünü özümdə şirinləşdirən,
Sevgini sözümdə şirinləşdirən,
Ömürü gözümdə şirinləşdirən,
Həyat eşqi deyil, sədaqətindir.
Sevib-sevilməyi mənlə qanmısan,
Bəlkə də sevməyi oyun sanmısan,
Sən sevgi odunda elə yanmısan,
Səbəbi mən deyil, məhəbbətindir.
ANA
Vəfalı yar olmaz ondan savayı,
Qayğının,sevginin ölkəsi Ana!
Quruca nəfəsi dünyaya dəyər,
Allahın yerdəki kölgəsi Ana!
Dilində bayatı, laylası gözəl,
Nur üzün göstərən aynası gözəl,
Hamının gözündə anası gözəl,
Ətirli güllərin qönçəsi Ana!
Övlada güc verər xoş həvəsiylə,
Gücünə güc qatar gül nəfəsiylə
Cahanı məst edər incə səsiylə,
Dilimin ən gözəl şərqisi Ana!
Nə yazım şəninə?! Şeirdir Ana!
Bütün varlığı ilə sehrdir Ana!
Qayğısı möcüzə, bir sirrdir Ana!
Yerdəki Günəşin şöləsi Ana!
Neyləsin?!
Sən elə müəmmasan, heç fələk də baş açmaz,
Qəlbiqara adama, Günəş nurunu saçmaz,
Sözünü tutmayan kəs, adam sözündən qaçmaz,
Yarpaq ağacdan bezib, budaq ona neyləsin?!
Bunca savab içində, Allahı görməz oldun,
And-amanın içində, gözəgörünməz oldun,
Sən günahın içində, necə lal-dinməz oldun?!
Yoxdursa, din-imanın, tövbə sənə neyləsin?!
Zülüm bir qıfıl isə, açarı var əlində,
Bütün müşkülü çözən, dualar var dilində,
Əlin, gözün, ayağın, əzaların yerində,
Bəs indi bundan artıq, Allah sənə neyləsin?!
Ceyran Qurbanova 
Exit mobile version