Avqust 31, 2026
Baku
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının Baş prokuroru ilə görüşüb

Avqustun 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olanÇin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri bu səfərin Azərbaycan və Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, həmçinin prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Spiker 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından keçən illər ərzində münasibətlərimizin dostluq, qarşılıqlı hörmət və dəstək əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan “Vahid Çin” siyasətini, Çin isə öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib.
İkitərəfli əlaqələrin güclənməsində ali və yüksək səviyyəli səfərlərin müstəsna rolundan danışan Sahibə Qafarova, Prezident İlham Əliyevin Çinə səfərlərinin və imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini vurğulayıb.Spiker qonağa Milli Məclisin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə
konstruktiv əməkdaşlığı, parlamentin strukturu və qanun yaradıcılığı prosesi barədə məlumat verib. O, qeyd edib ki, hazırda fəaliyyət göstərən VII çağırış Milli Məclis 2024- cü ildə keçirilmiş seçki nəticəsində formalaşıb. Həmin seçki Azərbaycanın bütün suveren ərazisində keçirilmiş ilk parlament seçkisi kimi xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə Milli Məclisin sədri Çin parlamenti ilə əməkdaşlığın mövcud vəziyyəti və gələcək imkanlar barədə danışıb, özünün cari ilin mart ayında Çinə işgüzar səfərini
və bu ölkənin parlamet sədri Cao Lıci ilə görüşünü, apardığı müzakirələri məmnunluqla xatırlayıb. Spiker Sahibə Qafarova parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti barədə də fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycanla Çin arasında qarşılıqlı faydalı siyasi əməkdaşlığın daha bir nümunəsi olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq yüksək qiymətləndirilib. Həmçinin, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirakı, ölkəmizin Çinlə Avropanı birləşdirən Orta Dəhlizin inkişafında mühüm rolu diqqətə çatdırılıb.

Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycana səfərdən əvvəl Ümumçin Xalq
Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb müzakirələr apardığını qeyd edib və onun xahişinə əsasən, onun salamlarını Milli Məclisin sədrinə çatdırıb.
Spiker Sahibə Qafarova da öz növbəsində təşəkkürünü bildirərək, onun salamlarının həmkarına çatdırılmasını xahiş edib.
Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olmasından  məmnunluqla danışan qonaq, cənab Prezident İlham Əliyevin 2025-ci ildə Çinə
səfərlərini və cənab Prezident Si Cinpinlə görüşlərinin əhəmiyyətini diqqətə çatdırıb. İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından söz açan Baş
prokuror Azərbaycan Baş prokurorluğu ilə imzalanmış sənədlərdən və əməkdaşlığın perspektivlərindən danışıb. O, diqqətə çatdırıb ki, iki ölkənin Baş prokurorluqları
arasında sıx əməkdaşlıq hər iki ölkənin vətəndaşlarının hüquqlarının qorunmasına və cinayətkarlığın qarşısının alınmasına öz töhfəsini verəcək. Qonaq Çində hüquq-
mühafizə orqanlarının fəaliyyəti, ədliyyə sistemi, Baş Prokurorluqla parlament arasında əməkdaşlıq və ölkə prokurorluğunun fəaliyyəti haqqında məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Qonaqlar Milli Məclisin inzibati binasında olarkən parlamentin plenar iclas zalına da baş çəkiblər, burada yaradılmış iş şəraiti ilə tanış olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

       

Gundelik.az