Türkiyənin Ticarət Nazirliyi, Elektron Elan Doğrulama Sistemi (EİDS) qaydalarına zidd olaraq daşınmaz əmlak və nəqliyyat vasitələri ilə bağlı elanların yayımlanmasına icazə verdiyi üçün Instagram, Facebook və WhatsApp platformalarını idarə edən META Platforms İstanbul Bilişim Hizmetleri Limited Şirkətinə 5 milyon lirə məbləğində inzibati cərimə tətbiq edildiyini açıqlayıb.
Nazirliyin yaydığı məlumata görə, internet üzərindən dərc olunan elanlarda şəxsiyyət və səlahiyyət təsdiqinin məcburi olması saxta elanların qarşısını almaq, süni qiymət artımlarını əngəlləmək və istehlakçıların hüquqlarını qorumaq məqsədilə tətbiq edilir.
Bəyanatda vurğulanıb ki, EİDS vasitəsilə həyata keçirilən şəxsiyyət və səlahiyyət doğrulaması öhdəliyi təkcə elan saytlarını deyil, həm də Instagram, Facebook və WhatsApp kimi sosial media platformalarını əhatə edir.
Doğrulanmamış elanlara görə cərimə
Nazirlik tərəfindən aparılan yoxlamalar zamanı sözügedən platformalarda doğrulanmamış daşınmaz əmlak və avtomobil elanlarının paylaşılmağa davam etdiyi müəyyən edilib. Bu səbəbdən EİDS qaydalarının pozulmasına görə META Platforms İstanbul Bilişim Hizmetleri Limited Şirkətinə ümumilikdə 5 milyon lirə inzibati cərimə kəsilib.
Əmlak və avtosalonlara sosial media xəbərdarlığı
Ticarət Nazirliyi daşınmaz əmlak şirkətləri və avtomobil qalereyalarına da mühüm xəbərdarlıq edib. Bildirilib ki, inzibati sanksiyalarla üzləşməmək üçün sosial media hesablarında birbaşa elan xarakterli paylaşımlar edilməməlidir. Yalnız EİDS yoxlamasından keçmiş elanların keçid linklərinin paylaşılması məqsədəuyğun hesab olunur.
Vətəndaşlara beh fırıldaqçılığı ilə bağlı xəbərdarlıq
Nazirlik vətəndaşları sosial şəbəkələrdə rast gəldikləri doğrulanmamış elanlara qarşı diqqətli olmağa çağırıb. Açıqlamada qeyd olunub ki, mövcud olmayan əmlak və ya nəqliyyat vasitələrinin satışa çıxarılması, səlahiyyətsiz şəxslər tərəfindən elan yerləşdirilməsi və beh (kapora) dələduzluğu kimi halların qurbanına çevrilməmək üçün təsdiqlənməmiş elanlara etibar edilməməlidir.
Sonda bildirilib ki, ticarətin etibarlı və şəffaf mühitdə aparılması məqsədilə nəzarət tədbirləri və inzibati sanksiyalar qətiyyətlə davam etdiriləcək.
Mənbə:CNN
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

