Texnologiya nəhəngi Meta yaxın aylarda Instagram, Facebook və WhatsApp istifadəçiləri üçün premium abunəlikləri sınaqdan keçirməyi planlaşdırır.
Yeni təkliflər istifadəçilərə genişləndirilmiş süni intellekt (AI) imkanları da daxil olmaqla əlavə funksiyalara çıxış verəcək.
Plana əsasən, platformaların əsas xidmətlərindən istifadə ödənişsiz olaraq qalacaq.
Şirkət həmçinin Vibes adlı video yaratma tətbiqi kimi funksiyalar üçün də abunəlikləri test etməyi planlaşdırır. Meta bildirir ki, bu tətbiq “yeni AI əsaslı vizual yaratma alətləri ilə ideyalarınızı həyata keçirə bilər”.
Meta Vibes tətbiqini sentyabr ayında Meta AI tətbiqinin ən son versiyasının bir hissəsi kimi təqdim etmişdi.
TechCrunch-un ilk olaraq yaydığı xəbərə görə, Meta abunəlik planlarında dekabr ayında təxminən 2 milyard dollara (1,46 milyard funt sterlinq) aldığı, Çin mənşəli Manus adlı süni intellekt şirkətinin texnologiyalarından da istifadə etməyi hədəfləyir.
Şirkət eyni zamanda Manus-un ayrıca abunəliklərini biznes müştəriləri üçün təklif etməyə davam edəcək.
Sövdələşmə zamanı Meta bildirmişdi ki, bu alış onun öz süni intellekt imkanlarını gücləndirəcək və insanlara “agentlərə” çıxış verəcək. Bu agentlər istifadəçi müdaxiləsi minimum olmaqla mürəkkəb tapşırıqları yerinə yetirə bilir — məsələn, səyahət planlaşdırmaq və ya təqdimatlar hazırlamaq kimi.
Meta blog paylaşımında qeyd edib:
“Manus-un istedadlı komandası Meta-nın heyətinə qoşularaq həm istehlakçı, həm də biznes məhsullarımız üçün, o cümlədən Meta AI daxilində, ümumi təyinatlı agentlər təqdim edəcək.”
Çindən köçərək hazırda Sinqapurda yerləşən Manus, özünü digər AI tərtibatçılarından fərqləndirməyə çalışır və iddia edir ki, onun sistemi “tam müstəqil” agent ola bilər.
Bir çox çat-botlardan fərqli olaraq — hansı ki, istifadəçi istədiyi cavabı almaq üçün dəfələrlə sorğu göndərməlidir — Manus bildirir ki, onun xidməti verilən təlimatlara uyğun olaraq tapşırıqları özbaşına planlaşdıra, icra edə və tamamlaya bilir.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
