Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”in pensiya tresti Yaponiyanın “Nissan Motor Co.” şirkətindəki payını satıb.
Gundelik.az-ın “Reuters”ə istinadən məlumatına görə, sövdələşmənin dəyəri 47,83 milyard yen (təxminən 324,65 milyon ABŞ dolları) təşkil edib.
“Mercedes-Benz”in sözçüsü avqustun 25-də bildirib ki, trestə məxsus 3,8 faiz payın satılması planlaşdırılırdı. Onun sözlərinə görə, bu pay 2016-cı ildə şirkətin pensiya aktivlərinə daxil edilib və strateji əhəmiyyət daşımadığı üçün satış qərarı “portfelin təmizlənməsi” kimi qiymətləndirilir.
Məlumata əsasən, “Nissan”ın səhmləri bazar ertəsi bağlanış qiymətindən 5,98 faiz ucuz – 341,3 yen dəyərində satılıb.
Qeyd olunur ki, 2025-ci ilin əvvəlindən şirkətin səhmləri 29 faiz ucuzlaşıb.
“Nissan” ilk maliyyə rübündə (aprel–iyun) satışların azalması və ABŞ-nin tarif siyasətinin təsiri nəticəsində xalis zərər açıqlayıb. Şirkət “biznes mühitinin proqnozlaşdırılmasının çətinliyi” səbəbindən maliyyə ili üçün əməliyyat və xalis mənfəət üzrə proqnoz verməkdən imtina edib.
2025-ci ilin aprelində baş direktor vəzifəsinə gətirilən İvan Espinosa isə şirkətdə işçi qüvvəsinin 15 faizinin ixtisarı və 7 zavodun bağlanması planını açıqlayıb.
Gundelik.az
