İyul 31, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Maliyyə “Yelo Bank”ın mənfəəti kəskin AZALDI – yığılmış zərəri hələ də 200 milyondan çoxdur

“Yelo Bank” bu ilin ilk yarısını 12,6 mln manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 7,1 milyon manat azdır.

Gundelik.az Plat.az-a istinadən xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, mənfəətin azalmasına baxmayaraq, əsas bank fəaliyyəti üzrə gəlirlər artıb.

Belə ki, hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 21,2% artaraq 101,7 mln manata çatıb. Artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin yüksəlməsi hesabına baş verib. Nəticədə xalis faiz gəliri də 53,5 mln manatdan 58,2 mln manata yüksəlib.

Lakin kreditlərdən əldə olunan əlavə gəlir artan maliyyələşmə xərclərini kompensasiya edə bilməyib. Belə ki, bankın faiz xərcləri illik müqayisədə 41,1% artaraq 40,6 mln manata çatıb. Bunun əsas səbəbi depozitlər üzrə faiz xərclərinin 44,6% artaraq 26,4 mln manatdan 38,2 mln manata yüksəlməsi olub.

Bankın gəlirliliyinə qeyri-faiz gəlirlərinin azalması da mənfi təsir göstərib. Bu gəlirlər 37,6% azalaraq 8,2 mln manatdan 5,1 mln manata düşüb. Azalmanın əsas səbəbi isə xarici valyuta əməliyyatlarından əldə olunan nəticənin pisləşməsi olub. Belə ki, ötən ilin ilk yarısında bank bu istiqamətdən 2,4 mln manat gəlir əldə etdiyi halda, cari ilin eyni dövründə həmin maddə üzrə cüzi zərər qeydə alınıb.

Eyni zamanda, bankın əməliyyat xərcləri də artıb. Qeyri-faiz xərcləri illik müqayisədə 4,8% artaraq 43,8 mln manata çatıb. Bu dövrdə əməkhaqqı və digər kompensasiya xərcləri 3,9% artaraq 22,8 mln manata, ümumi və inzibati xərclər 14,8% artaraq 4,7 mln manata, digər əməliyyat xərcləri isə 3,8% artaraq 14,3 mln manata yüksəlib.

Bundan başqa, bank kredit portfeli üzrə risklərə qarşı daha çox vəsait ayırıb. Belə ki, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi 3,7 mln manat təşkil edib ki, bu da mənfəətə əlavə təzyiq göstərib.

Bu ilin ilk yarısında təkcə mənfəət azalmayıb, bank həm də kiçilib. Belə ki, 2026-cı ilin ilk yarısının sonunda bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 2,7% və ya 40,3 mln manat azalaraq 1,515 mlrd manatdan 1,475 mlrd manata enib. Cəmi öhdəliklər isə 4% və ya 53,4 mln manat azalaraq 1,339 mlrd manatdan 1,285 mlrd manata düşüb.

Bununla yanaşı, bankın bölüşdürülməmiş zərəri 5,9% və ya 12,6 mln manat azalaraq 213,7 mln manatdan 201,1 mln manata düşüb. Cari ilin ilk yarısında əldə olunan mənfəət hesabına bankın kapitalı da 7,4% artaraq 176,5 mln manatdan 189,6 mln manata yüksəlib.

Beləliklə, “Yelo Bank” 2026-cı ilin ilk yarısında kredit portfelini genişləndirərək faiz gəlirlərini artırmağa nail olsa da, resursların bahalaşması, depozitlər üzrə faiz xərclərinin sürətli artımı, qeyri-faiz gəlirlərinin azalması, əməliyyat xərclərinin yüksəlməsi və kredit riskləri üçün ayrılan ehtiyatların artması bankın maliyyə nəticələrinə mənfi təsir göstərib.