Oktyabr 17, 2026
Baku
Müsahibə Ölkə Xəbərlər

Maliyyə hesabatına baxıb şirkətin vəziyyətini 5 dəqiqəyə necə anlamaq olar? – Sevinc Eminova vacib məqamlara toxundu

Şirkətin maliyyə vəziyyətini qiymətləndirmək üçün həmişə mürəkkəb hesablamalara və uzun təhlillərə ehtiyac yoxdur. Bəzi əsas göstəricilərə diqqət yetirməklə müəssisənin gəlirliliyi, borc yükü və maliyyə dayanıqlılığı haqqında ilkin təsəvvür əldə etmək mümkündür. Əsas məsələ rəqəmləri düzgün oxumaq və onları bir-biri ilə müqayisə etməkdir.

“MS Consulting 2026” MMC-nin rəhbəri Sevinc Eminova Gundelik.az-a açıqlamasında maliyyə hesabatlarını qısa müddətdə təhlil etməyin yollarından danışıb.

Onun sözlərinə görə, şirkətin maliyyə vəziyyətini ilkin qiymətləndirmək üçün ilk növbədə üç əsas sənədə, balans hesabatına, mənfəət və zərər hesabatına, eləcə də pul vəsaitlərinin hərəkəti haqqında hesabata nəzər salmaq lazımdır:

“İlk baxışda maliyyə hesabatları mürəkkəb rəqəmlər toplusu təsiri bağışlaya bilər. Lakin əsas göstəriciləri bilirsinizsə, cəmi bir neçə dəqiqə ərzində şirkətin hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirmək mümkündür. Birinci göstərici gəlirdir. Şirkətin satış gəlirlərinin əvvəlki dövrlə müqayisədə artıb-artmadığına baxmaq lazımdır. Gəlirlərin artması müsbət göstərici sayıla bilər, lakin bu, özlüyündə şirkətin daha çox qazandığını sübut etmir. Bəzən satışlar artır, amma xərclər daha sürətlə yüksəldiyi üçün mənfəət azalır. İkinci məqam mənfəətdir. Mənfəət və zərər hesabatında şirkətin gəlirləri ilə xərcləri arasındakı fərq aydın görünür. Burada təkcə xalis mənfəətin məbləğinə deyil, onun əvvəlki dövrlərlə müqayisədə necə dəyişdiyinə də diqqət yetirmək lazımdır. Satış gəlirləri artsa da, mənfəət azalırsa, bu, xərclərin idarə edilməsində və ya qiymət siyasətində müəyyən problemlərin ola biləcəyinə işarədir.

Üçüncü vacib göstərici pul axınıdır. Şirkətin hesabatda mənfəət göstərməsi onun hesabında kifayət qədər pul vəsaitinin olması demək deyil. Məsələn, məhsul satılıb, gəlir tanınıb, lakin müştəri ödənişi hələ həyata keçirməyib. Belə vəziyyətdə şirkət mənfəətli görünsə də, gündəlik öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər. Buna görə əməliyyat fəaliyyətindən yaranan pul axınını ayrıca qiymətləndirmək vacibdir. Dördüncü göstərici borc yüküdür. Balans hesabatında öhdəliklərin və kapitalın nisbətinə baxmaq şirkətin maliyyələşmə strukturunu anlamağa kömək edir. Borcların çox olması avtomatik olaraq şirkətin problemli olması demək deyil. Əsas məsələ həmin borcların hansı şərtlərlə cəlb edilməsi, nə vaxt ödənilməli olması və müəssisənin onları qarşılamaq imkanlarıdır. bBeşinci məqam qısamüddətli öhdəlikləri ödəmək qabiliyyətidir. Şirkətin cari aktivləri ilə cari öhdəliklərini müqayisə etmək lazımdır. Bu göstərici müəssisənin yaxın dövrdə yaranacaq ödənişləri qarşılamaq imkanları haqqında ilkin fikir verir. Bununla belə, aktivlərin tərkibi də əhəmiyyətlidir: məsələn, satılması çətin olan ehtiyatlar və vaxtında yığılmayan debitor borcları real pul çatışmazlığı yarada bilər”.

Həmsöhbətim bildirir ki, sahibkarlara maliyyə hesabatlarına yalnız ilin sonunda baxmağı tövsiyə etmir.

“Göstəricilərin aylıq və ya rüblük izlənilməsi problemləri vaxtında müəyyən etməyə, xərcləri nəzarətdə saxlamağa və daha əsaslandırılmış qərarlar verməyə imkan yaradır. Ən vacib məqam isə budur ki, bir göstəriciyə əsaslanaraq şirkət haqqında yekun qərar vermək olmaz. Gəlirlər, mənfəət, pul axını, borclar və likvidlik birlikdə təhlil edilməlidir. Beş dəqiqə ilkin mənzərəni görmək üçün kifayət edə bilər, amma ciddi investisiya, kredit və ya idarəetmə qərarları daha ətraflı maliyyə təhlili tələb edir”, – deyə o qeyd edib.

Nuri
Gundelik.az