İyul 8, 2026
Baku
Ədəbiyyat

Məsləkim, silahım yazmaq  

 Şair öz eliylə sevinə gərək,

  Elin qəzəbiylə qabarmalıdır.

O, ana bətnindən məzar evinə

  Ürəyi tərtəmiz aparmalıdır…

Tofiq Bayram

     Bəlli bir həqiqətdir: şair-doğma xalqının yaradıcı istedadının daşıyıcısıdır. Onun bu qeyri-adi qisməti şairlik amalının ucalığını, eyni zamanda çətinliyini şərtləndirir.  Öz varlığında xalq başlanğıcını duymaq şairin poeziyasına təbiilik, səmimilik, vətəndaşlıq, aşılayan amildir. Belə poeziyanı geniş oxucu kütləsi sevir, yaddaşına yazır. Tofiq Bayramın vətəndaş inamlı, xalqsevər poeziyası  beləcə sevilir.

Azərbaycan ədəbiyyatında və poeziyasında görkəmli şair, tərcüməçi, əməkdar incəsənət xadimi Tofiq Bayramın özünəməxsus bir yeri var. O, hər zaman poeziyamızın seçilən şairlərindəndir. Xarakterindəki bütövlük, çılğınlıq, onun şeirlərində, və bütün yaradıcılığında özünü göstərir.

Tofiq Bayramın poetik inamına, ilhamına qol-qanad verən  vətən sevgisi, xalq eşqidir. Azərbaycan mövzusu onun yaradıcılığının məhək daşı, hərəkətverici qüvvəsidir. “Azərbaycan deyəndə…” şeirini neçə-neçə şeirsevərlər əzbər söyləyirlər.

                           Həyat və yaradıcılığı

Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954-1959). Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959-1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960-1961), M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), “Ulduz” jurnalı redaksiyasında (1964-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri (1968-1978), “Yazıçı” nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə etmişdir. A.T. Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).

1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.

Məsləkim, silahım yazmaq     Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimidir.

                        Yuxu da, nağıl da  köçdü beşikdən,

                         Dəyişdi gözümdə bu həyət-baca.

                         Bir gün körpəliyim düşdü beşikdən,

                         Dəcəl uşaqlığım çıxdı ağaca!..

 Tofiq Bayram öz dövrünün istedadlı şairlərindən hesab olunur. İstedadla  bacarıq arasında böyük fərq var. Bəli, istedad başqa, bacarıq başqadır. Söz quraşdırmağı, qafiyə düzməyi, şeirin zahiri bəzəyini düzəltməyi bacarmaq şairlik demək deyildir.

Şeir şairin ürəkləri dindirən dilidir desək, yanılmarıq. Şairdə yanar ürək, dəqiq, dərin müşahidə qabiliyyəti, yüksək mədəniyyət, oxucuların ürək tellərini dindirmək, şeir üçün yeni bədii vasitələr axtarıb tapmaq qabiliyyəti əsasdır. Şeirdən ürəklərə hərarət, gözlərə işıq gəlməlidir. Şair özü üçün deyil, xalq üçün yazır. Axtarış da düzgün anlaşılmalıdır. T.Bayram hər dövrün şairlərindəndir. Onun hər dövrdə geniş oxucu kütləsi var və olacaq. Onun şeirlərində  vətənpərvərlik hisləri güclüdür. T.Bayramın elə şeirləri var ki, onları həyəcansız oxumaq mümkünsüzdür. Bəli, oxucularla şeir dililə danışmaq, onların ürəklərindəki telləri dindirmək şairdən hünər tələb edir. T.Bayram bir necə şeir kitabının müəllifidir. Onun kitablarını diqqətlə nəzərdən keçirdikcə, şairin kitabdan kitaba bişkinləşdiyini, müdrikliyinin, sözə sahib olduğunun, düşündüyünü şairanə ifadə etdiyinin şahidi oluruq. Şairin şeirləri könül açandır, ürəyə yatandır. Əlbəttə, belə şeirlərin kökü, mayası bizim varlığımızdır. Bu şairin həyatla, insanla qaynıyıb-qarışmasının nəticəsidir. T.Bayramın istənilən mövzuda-vətəndən, xalqdan, dostluqdan, təbiətdən, məhəbbətdən yazılarında  səmimilik və təbiilik vardır. Səmimiyyət şeir üçün əsas amillərdəndir. Ürəklərə yol tapan, könülləri dilləndirən, dillər əzbəri olan əsərlər əlbəttə, ürək döyüntüsüylə, ilhamla yazılmış şeirlərdir.

T.Bayram şeirləri ahu-zar, sızıltı, küskünlük, düşgünlük kimi motivlərdən məhrumdur.

Tofiq Bayram həmişə nikbin biri olmuşdur. O, heç vaxt şeirlərini şeir xatirinə yazmamışdır. Onun şeirləri bir  daxili tələbdən doğmuşdur. T.Bayramı düşündürən, onu həmişə narahat məsələ şeirin çətin, lakin şərəfli yollarında qələm ordusundan geri qalmamaq, gələcəyi bu gündən görmək, yeni şeir mənbələri tapmaq və öz şairlərini sevən xalqa xidmət etmək olmuşdur.

Tofiq Bayram səlis üslublu, rəvan dili, ifadə tərzi ilə fərqlənən  şairlərimizdəndir.

  1. Bayramı digər şairlərdən fərqləndirən onun üslubu, rəvan dili, ifadə tərzi, nikbinliyidir. Şair ömrünün son anına kimi sünilikdən uzaq qaçdı, təbii oldu. Bu sözlər də dilinin əzbəriydi: “Təbii olmaq eyib deyil…” Onun üçün ülvi, təmiz məhəbbət Tanrı qədər əlçatmaz, əziz, müqəddəs idi. Deyərdi: “Qaya parçasını, daşı da ürəkdən sevsən, üzünə gülər. Şirin, xoş söz nəvazişdən quruyan bulaqların gözü açılar”.

    T.Bayram tərcümə sahəsində  qələmini sınamış və bu sahədə uzun illər səmərəli fəaliyyət göstərmişdir. Onun dünya və  keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi əsərlər bədii kamilliyi ilə seçilir.

Ömrünün yarısını bu fədakar işə sərf edən şair tərcümə əsərini əmanət sayar, “əmanətə xəyanət olmaz” deyər, tərcümə prosesini “qanköçürmə əməliyyatı”na bənzədər – “qan qrupu uyğun olmayanda tərcümə olunan şeir də xəstə olur”- deyərmiş.

O, A.Tvardovskinin “Üfüqlərdən-üfüqlərə” (1966), dünya xalqlarının incilərindən ibarət “Ürəkdən-ürəyə” toplusu (1975), Rasul Həmzətovun “Durnalar” (1973) və “Dostları qoruyun” (1989) adlı şeir kitablarını, A.Puşkinin “Mosart və Salyeri”, A.Tvardovskinin “Yaddaşın hökmü”, A.Axmatovanın “Rekviyem” poemalarını, habelə İspan dramaturqu Lope de Veqanın “Hiyləğər məşuqə” pyesini ustalıqla dilimizə tərcümə etmişdir.

Şair eləcə də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Q.Quliyev və bir çoxlarının həqiqi sənət əsərlərini seçərək, onları yüksək bədii səviyyədə tərcümə etməklə Azərbaycan oxucusuna töhvə etmişdir.

Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə T.Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı” laureatı fəxri adları verilmişdir.

Şeirlərini və poemalarını vətənə, doğma yurda, ana dilinə məhəbbət və vətəndaşlıq yanğısı ilə yazan şair – “poeziya hər şeydən əvvəl şairin inamından, onun əqidəsindən yaranmalıdır” – fikrinə inandığını həmişə dilə gətirərək, “İnamım, əqidəm” şeirini –yazmaqla bu fikrini sübuta yetirmişdir.

      Yaşaya bilərəm odsuz, ilhamsız,

        Yaşaya bilmərəm çörəksiz, susuz.

       Yaşaya bilərəm yüz il yuxusuz,

       Yaşaya bilmərəm bir gün inamsız…

     T.Bayramın fikrini yığcam və sərrast ifadə etmək məharəti onun poeziyasının əsas xüsusiyyətlərindən idi. O, nə yazırsa, nədən yazırsa yazsın, qələmə aldığı mövzunu ürəyinin süzgəcindən keçirər, hər misrasına poetik don geyindirər, fikrini aydın və obrazlı şəkildə çatdırar, əsası isə oxucuya həyacan yaşatmağı bacaran, onu düşündürən, dünyaya, həyata açıq gözlə baxmağı təlqin edən şairlərdəndir. Ən başlıcası isə o vətəndaş şair idi, torpağına və Vətəninə bütün varlığı ilə bağlı, mövqeyi isə hər kəsə bəlli idi. O, əsl yaradıcı insan olaraq, içərisində yaşadığı cəmiyyətdə cərəyan edən hadisələrə vətəndaş vicdanı ilə cavabdeh olduğunu bilərəkdən öz mövqeyini ortaya qoyaraq nöqsanlı cəhətləri qəzəblə qamçılayan, xeyirxah əməllərdən isə ilham alaraq qələmə sarılan, ədəbiyyatı özünün həyatı sayan, ilhamına güvənən, şeiri-sənəti canından əziz tutan, poeziya gecələrini, gur məclisləri çox sevən, coşqun təbiətli bir şair idi.

Onun xoşbəxtliyi bir də onda olmuşdur ki, özü dediyi kimi o, həmişə ağıllı, zəngin dünya görüşü olan, təmənnasız insanların əhatəsində olmuşdur.

Tofiq Bayram qadınlara-analara həmişə böyük ehtiramla yanaşmış, onun yaradıcılığında “qadın-ana” mövzusu aparıcı yerlərdən birini tutmuş və şair onlara olan tükənməz sevgilərini “Analıq haqqı”, “Ana sevinci, ana qəzəbi”, “Anam ağlayır”, “Qadınlar və analar haqqında qəsidə”, “Ay gecikən məhəbbətim”, “Qadın ürəyi”, “Şair arvadına” və bu kimi şeirlərində ürəklə, ilhamla vəsf etməyə müvəffəq olmuşdur.“Analıq haqqı” şeirində, “Yüz il dayansam da qulluğunda mən, Ay ana, bir günlük haqqın ödənməz”… deyən şair, bacısı gəlin köçdüyü zaman yazdığı və sonradan bəstəkar Süleyman Ələsgərov tərəfindən musiqi bəstələnərək dillər əzbərinə çevrilən mahnıya çevrilmiş “Anam ağlayır” şeirində –

           Duvağa bürünüb yola düşürsən,

           Qonşular telinə şiçək bağlayır.

           Ay bacım, sən haldan-hala düşürsən,

          “Vağzalı” çalınır, anam ağlayır…

yazaraq, duyğularını belə kövrək və poetik dillə ifadə etmişdir.

Bu bir danılmaz həqiqətdir ki, hər yaranan əsərin bir qaynaq mənbəyi olur. Qaynaq mənbəyi olmayan əsər obrazlı şəkildə ifadə oluna bilmədiyi kimi, heç vaxt da qəlblərdə yer tutub əbədilik qazana bilməz.

Yuxarıdakı parçalardan da göründüyü kimi, şair yaradıcılığının hər nümunəsi bir “istinad nöqtəsi” ndən doğmuş, sonradan isə papulyarlaşaraq ictimailəşmişdir.

Zərifə xanım xatırlayaraq söyləyir ki, hələ institutda oxuyarkən Tofiq hər onu qarşılamağa gələrkən təqdim etdiy yeni şeirini, evdə kimsənin görəcəyindən ehtiyatlanaraq onların bəzilərini cırıb atsa da, ev arxivini araşdıran zaman, saralmış kağızlarda hələ də aydın oxunan bəzi şeirlər üzə çıxmışlar. O, söhbətinə davam edərək -Tofiq hərdənbir mənə zarafat edərək, özü hiss eləmədən belə xətrimə dəysə də, mən buna münasibət bidirib bir söz deməzdim. Toy mərasimlərinin birində bu bir də təkrar olunandan sonra biz evə dönəndə sakit və mülayim səslə ona – “Tofiq, sən mənim qəlbimə dəydin, toxundun, ancaq mən sənə heç nə demədim”, deyərək kövrəlib mətbəxə keçdiyini və bir az keçmiş isə –

             Necə rəhmlidir, necə amansız,

             Necə mehribandır qadın ürəyi.

             Sən onu sındırsan, bil ki, a qansız,

            Ağlayan kamandır qadın ürəyi…

misraları ilə başlayan təzəcə yazdığı “Qadın ürəyi” adlı şeiri ayaq üstə ona oxuyaraq könlünü aldığını, köks ötürərək xatırlayır.

     O, özündən sonra yüzlərlə, minlərlə ölməz sənət əsərləri, gözəl poeziya nümunələri qoydu getdi bu dünya üçün, dünyadakılar üçün-həm özününküləri, həm də dilimizə çevirdiyi, özümüzünküləşdirdiyi müxtəlif dünya xalqlarının nümayəndələrinin əsərlərini. Bax, elə budur T.Bayramın bu dünyadan qazancı, qazancından da çox, bu dünyaya, dünyamızdakılara qazandırdıqları.

Onun “şəkər diabeti” ndən çəkdiyi ağrıların üzərinə daha bir dəhşətli “ağrı” gəldi – “Qarabağ ağrısı”. O, şəkərin verdiyi ağrılara dözsə də, Vətən ağrısına dözə bilmədi və 1991-ci ilin aprel ayının 19-da Əmircan kənd qəbrstanlığında fiziki cismini qatdı Vətən torpağına, ruhunu göylərə, şeirlərini isə bizlərə əmənət verərək…

Ümummilli Liderimiz Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü ilə T.Bayramın doğulub boya-başa çatdığı, Bakının Əmircan qəsəbəsindəki “İstirahət parkı”nda şairin əzəmətli büstü ucaldılmaqla bu parka şairin adı verilmişdir.

1998-ci ilin sentyabr ayının 24-də parkın yenidənqurulmasından sonrakı açılışında şəxsən iştirak edən Heydər Əliyev cənabları çıxış nitqində T.Bayramı ədəbiyyatımızın böyük qayğıkeşi adlandırmış və onun yaradıcılığına yüksək qiymət verərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında T.Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri, əsərləri, onun şeirlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. T.Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir”.

T.Bayram poeziyasındakı qadınlarımızın həyatından  bəhs edilən şeirlər çoxdur. O, gah beşik başında, nəvəsinə layla çalan ağbirçəkli nənədən, övladlarının qayğısı ilə yaşayan, ailə ismətini hər şeydən üstün tutan həyat yoldaşından, gah da ilk məhəbbətin acısını-şirinini təzəcə dadan  növrəstə qızdan söz açır:

   Qadınlar dünyanın ən cəfakeş

Qadınlar dünyanın ən bəxtəvəri;

  Hər evin qadındır tale günəşi,

 Hər eşqin qadındır, şirin bəhəri.

 Şair ana laylasını dünyada ən şirin nəğmə, ananı isə yer üzünün ən böyük bəstəkarı adlandırır. Qadın anadır, bacıdır, yoldaşdır. Qadın məğrur ataların, mərd oğulların, vəfalı ərlərin həyanı, arxasıdır.

   1990-cı ildə Tofiq Bayram yataq xəstəsi idi. Qəzetlərin birində onun haqqında yazı dərc edilmişdi. Adı isə “Necəsən, Tofiq Bayram”-adlanırdı. Tofiq müəllim qəzet əməkdaşının sualına belə cavab vermişdi: “Mən hər zaman yaxşı olacağam”. Hər zaman yaxşı olan şair, ruhun şad olsun!

   Aynur Turan 

Gundelik.az