Gundelik.az Mədəniyyət və cəmiyyət Məşhur pəhrizlərə aldanmayın
Mədəniyyət və cəmiyyət Xəbərlər

Məşhur pəhrizlərə aldanmayın

Arıqlamaq arzusu ilə yaşayan bir çox insan sosial şəbəkələrdə sürətlə yayılan pəhriz dəblərinin təsirinə düşür. Lakin bu pəhrizlərin nəzarətsiz tətbiqi arıqlamağa kömək etmək əvəzinə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Son illərdə demək olar ki, hər gün yeni bir pəhriz üsulu populyarlaşır. Fasiləli oruc, ketogen qidalanma, qlütensiz pəhrizlər və qısa müddətdə sürətli çəki itkisi vəd edən müxtəlif proqramlar arıqlamaq istəyənlərin diqqətini cəlb edir. Sosial şəbəkələrdə paylaşılan “əvvəl-sonra” fotoları da insanları bu üsulları sınamağa həvəsləndirir. Amma reallıq fərqlidir. Çünki eyni pəhriz hər kəsdə eyni nəticəni vermir. Bəziləri bir neçə həftədə nəzərəçarpacaq dəyişiklik əldə etsə də, digərləri aylarla səy göstərməsinə baxmayaraq istədiyi nəticəyə çata bilmir.

Mütəxəssislər bildirirlər ki, buna görə də populyar pəhrizlərin mahiyyətini anlamaq, düzgün seçim etmək və ən əsası, orqanizmə uyğun fərdi qidalanma planı hazırlamaq böyük əhəmiyyət daşıyır.

Ketogen pəhriz müalicə məqsədilə yaradılıb

Elvan Yılmaz Akyüz bildirir ki, bəzi populyar pəhrizlər ilkin olaraq müəyyən xəstəliklərin müalicəsi üçün hazırlanıb.

Onun sözlərinə görə, bu pəhrizlərin uzun müddət və nəzarətsiz tətbiqi müxtəlif xəstəlik risklərini artırır, xüsusilə də hipoqlikemiyası olan insanlarda ciddi fəsadlara səbəb ola bilər. Buna görə hər hansı pəhriz mütləq mütəxəssis nəzarəti altında tətbiq edilməlidir.

Mütəxəssis qeyd edir ki, hazırda geniş yayılan ketogen pəhriz tibbdə istifadə olunan klassik ketogen qidalanmadan fərqlənir. Bu pəhrizin əsas məqsədi karbohidrat qəbulunu azaltmaqla orqanizmi enerji mənbəyi kimi yağlardan istifadə etməyə yönəltməkdir.

Qlütensiz qidalanma hər kəs üçün uyğun deyil

Son dövrdə qlütensiz pəhrizlər də geniş yayılıb. Mütəxəssis vurğulayır ki, bu qidalanma üsulu əsasən Çölyak xəstəliyi olan və qlütəni həzm edə bilməyən insanlar üçün nəzərdə tutulub.

Əgər insanın qlütənə qarşı həssaslığı yoxdursa, uzun müddət qlütensiz qidalanmaq əksinə, mənfi nəticələr doğura bilər. Belə şəxslər sonradan qlütən qəbul etdikdə orqanizmdə arzuolunmaz reaksiyalar yarana bilər.

Fasiləli oruc hər kəs üçün təhlükəsiz deyil

Son illərin ən məşhur qidalanma üsullarından biri də fasiləli orucdur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu üsul da yalnız həkim və ya dietoloqun nəzarəti altında tətbiq olunmalıdır.

Fasiləli oruc, hüceyrələrin özünü yeniləmə prosesi olan Autofagiya anlayışının populyarlaşmasından sonra geniş yayılıb. Onun müəyyən xəstəliklərdə faydalı təsirləri olsa da, nəzarətsiz tətbiqi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Ən geniş istifadə olunan model 16 saat ac qalmaq və qidaları 8 saatlıq zaman intervalında qəbul etməkdir. Ancaq bu müddətdə də sağlam qidalanmaq vacibdir. Əgər həmin 8 saat ərzində çoxlu işlənmiş məhsullar, karbohidrat və zərərli yağlar qəbul edilərsə, gözlənilən fayda əvəzinə sağlamlığa zərər dəyə bilər.

Mütəxəssis əlavə edir ki, fasiləli orucun tətbiqi yaşa, cinsə və qadınlarda menstrual dövrə görə fərqli planlaşdırılmalıdır.

Şok pəhrizlər təhlükəlidir

Qısa müddətdə sürətli çəki itkisi vəd edən şok pəhrizlər də geniş yayılıb. Mütəxəssislərin sözlərinə görə, belə pəhrizlər yalnız xüsusi hallarda, məsələn, uzun müddət çəkisi dəyişməyən və ya təcili əməliyyata hazırlaşan xəstələrdə həkim nəzarəti altında tətbiq edilə bilər.

Lakin insanların çoxu uzun müddətdə topladığı çəkini qısa vaxtda itirməyə çalışır və şok pəhrizləri uzun müddət davam etdirir. Bu isə verilən çəkilərin qısa zamanda geri qayıtmasına, həmçinin müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Sağlam arıqlamağın əsas yolu

Mütəxəssislər hesab edirlər ki, davamlı və sağlam arıqlamağın əsas şərti həyat tərzinin dəyişdirilməsidir.

Bu baxımdan Aralıq dənizi pəhrizi ən sağlam qidalanma üsullarından biri hesab olunur. Bu model tərəvəz, bitki mənşəli zülallar və sağlam yağlarla zəngin qidalanmanı nəzərdə tutur. Bununla yanaşı, müntəzəm fiziki aktivlik əzələ kütləsinin artmasına, enerji səviyyəsinin yüksəlməsinə və sağlam şəkildə çəkinin azalmasına kömək edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version