1992-ci ilin fevralında Xocalıda törədilmiş soyqırım zamanı əsir düşmüş azərbaycanlılara həsr olunur
Mənim adım Arzudur…
Bu adı indi içimdə uzun-uzadı deyirəm, çünki adlar insanın kimliyini sabit saxlayan son sütundur və mənim içimdəki bütün sütunlar bir gecənin içində çökmüşdü.
1992-ci ilin qışı Xocalı üzərinə gələndə qar ağ deyildi, qar susqun idi, elə bir susqunluq ki, sanki dünya baş verəcəkləri görməmək üçün gözlərini örtmüşdü; o gecə evimizin divarları nəfəsini saxlamışdı, taxta döşəmə ayaqlarımızın altında titrəyirdi və mən ilk dəfə hiss etdim ki, evlər də qorxur.
Anamın əli çiynimdə idi, barmaqları əsirdi, amma o əsinti məni sakitləşdirmirdi, əksinə, içimdəki qorxunu böyüdürdü, atam otağın ortasında dayanmışdı, sanki evin özü onun bədəninə sığınıb dağılmamaq üçün ondan güc alırdı; o dua edirdi, amma bu dua göyə qalxmaq üçün deyil, içindəki dağılmanı bir az gecikdirmək üçün idi, çünki bəzən insan dua edəndə cavab gözləmir, sadəcə yıxılmamaq üçün bir şeydən yapışır.
Sonra səs gəldi.
Bu səs qapını döymədi, bu səs qapını hökm ilə açdı.
Taxtanın sınma səsi qulaqlarımda yox, sinəmdə çartladı, elə bil qabırğalarım qırıldı, içəri girənlər insan kimi girmədi, evə dolan qaranlıq kimi doluşdular; anam qışqırdı, qardaşım yerindən sıçradı, mən isə yerimdə donub qaldım, çünki qorxu bəzən qaçmağa yox, hərəkətsizliyə məcbur edir.
Atam irəli atıldı.
O an atam ata deyildi, o an atam divar idi.
O əllərini qaldırdı, səsini yüksəltdi, bədənini qabağa verdi, çünki bəzi anlarda insan anlayır ki, gücü yetməyəcək, amma yenə də dayanmaq lazımdır, çünki dayanmasan, özünlə yaşaya bilməzsən; onu vurdular, yerə yıxdılar, yenə qalxdı, yenə irəli getdi, sanki hər zərbə onun bədəninə yox, qüruruna dəyirdi və o qürur son ana qədər sınmaq istəmirdi.
— Qızıma toxunmayın! — deyə qışqırdı.
Bu cümlə hələ də qulaqlarımdadır.
Onu yenidən yerə çırpdılar. Anam atamın üstünə əyildi, amma onu da kənara itələdilər. Evimiz bir anda ev olmaqdan çıxdı, ev meydana çevrildi, harada ki, insanın müqəddəs saydığı hər şey tapdalanır.
Məni tutub apardıqda bədənim artıq mənim deyildi. Əllərim dartıldı, tarazlığım pozuldu, ayaqlarım yerə ilişdi, mən qışqırdım, çırpındım, müqavimət göstərdim, çünki insan son ana qədər “yox” demək istəyir, bədənimlə etiraz etdim, itələdim, dartındım, amma hər hərəkətim yeni zərbə ilə cavablandı; ağrı təkcə bədənimə yox, iradəmə də dəyirdi, sanki məni təkcə döymürdülər, sındırırdılar.
Atamın baxışını o an gördüm.
O baxışda nə yalvarış var idi, nə də qorxu.
Orada dağılan bir dünyanın sükutu vardı.
O baxış mənim içimə köçdü və orada qaldı, çünki o baxış atamla son görüşümüzün nöqtəsi deyil, ömür boyu uzanan səssiz cümləsi, qorumaq istəyib qoruya bilməməyin, “bağışla” deyilmədən deyilmiş etirafın və mənim bundan sonra daşımalı olduğum bütün yaddaşın başlanğıcı idi.
Düşmən əsgərlərinin baxışları insan baxışı deyildi. Orada insan görmək istəyi yox idi, orada sahiblik vardı, alçaltmaq vardı, “səni əşya kimi görə bilərik” düşüncəsi vardı. Mən o baxışların altında öz bədənimdən çıxmaq istədim. İnsan bəzən ağrıdan qaçmır, özündən qaçır.
Zirzəmiyə aparılanda artıq ağlamırdım. Ağlamaq üçün insanın içində hələ bir şey qalmalıdır. Zirzəmi qapısı bağlananda anladım ki, bura yer deyil, zamanın öldürüldüyü bir haldır. Orada günlər axmırdı, günlər əriyirdi, sanki vaxt mum idi və kimsə onu yavaş-yavaş yandırırdı.
Zamanın səsi vardı orada. Damcı-damcı axan bir səs. Hər damcı bir gecə idi. Hər gecə bir parça mən idi. Mən gecələr ruhumu bədənimdən ayırırdım. Tavandan özümə baxırdım. Aşağıda qalan qızın gözləri boş idi. O gözlərdə nə qorxu vardı, nə ümid. Sadəcə dözüm vardı. Erməni əsgərlərin toxunuşlarına dözmək kimi bir əzab vardı.
Bir gün məni işığa çıxardılar və işıq gözlərimi yandırdı, çünki qaranlığa öyrəşmiş gözlər həqiqətə dözə bilmir; sonra qardaşımı gətirdilər.
Onu görəndə içimdə qəribə bir sevinc oldu — bu sevinc yaşamaq sevinci deyildi, bu, “tək deyiləm” sevinci idi. Qardaşım sanki utanırdı deyə üzümə baxmaq istəmirdi. Amma baxışdıq. Danışmadıq. Danışmaq artıq gec idi. Onun üzündə uşaqlıq yox idi. Orada vaxtından əvvəl qocalmış bir baxış vardı.
Sonra…
sonra mənə baxmağı məcbur etdilər. Məcbur etdilər ki, qardaşımın başı bədənindən necə ayrılırsa onu izləyim. Mən düşünürdüm ki, indiyədək gördüklərim dəhşətdir, sən demə daha dəhşətli anlar var imiş…
Onun səsi…
sonra sükut.
O sükut qulaqlarımdan yox, sinəmdən keçdi. Mən o an içimdə bir qapının bağlandığını hiss etdim. Elə bir qapı ki, bir daha açılmadı. Mən qışqırmadım. Çünki bəzən ağrı o qədər böyük olur ki, səs çıxarmağa yer qalmır.
Bir müddət sonra sonra mənə bir qab uzatdılar. Qabda maye vardı, “iç!” dedilər…
Mən başa düşürdüm. Beynim başa düşürdü. Amma bədənim itaət edirdi. Bu, insanın özünə etdiyi ən ağır xəyanətdir — yaşamaq üçün öz sərhədini keçmək. Mən o an içimdə dedim: bu mən deyiləm, çünki qurtum-qurtum içdiyim mənim canımdan bir can olan qardaşımın qanı idi…yenə bu mən deyiləm, dedim… Mən bunu içimdə min dəfə təkrar etdim ki, dəli olmayım.
Zirzəmidə zaman daha da əriyirdi. Mən artıq günləri saymırdım. Mən artıq özümü saymırdım. Mən sadəcə mövcud idim. Nə canlı, nə ölü. Bir vəziyyət. Bir ara mərhələ. İnsanla kölgə arasında.
Bir il sonra azadlıq dedilər, “dəyişmə” dedilər, amma azadlıq mənim üçün bir söz idi, hiss deyildi. Mən bu sözü başa düşmədim. Nə dəyişəcəkdi? Keçmişim? Yaddaşım? Bədənimin xatirəsi?
Sərhədi keçəndə dizlərim qatlandı, çünki bədənim hələ də orada idi, zirzəmidə, mən isə iki yer arasında qalmışdım — nə tam əsir, nə də tam azad; sağ qalmaq bəzən yaşamaqdan daha ağırdır, çünki sağ qalmaq xatirələri daşımaq deməkdir.
İndi danışıram. Çünki danışmasam, içimdəki o yer böyüyür. Mən susduqca zirzəmi genişlənir.
Mənim adım Arzudur.
Və mən sağ qaldım.
Amma sağ qalmaq — bitmək demək deyil.
Sağ qalmaq — daşımaqdır.
Mənim adım Arzudur.
Arzum indi işıq deyil.
Arzum — həqiqətdir.
Çünki həqiqət deyilməsə, qaranlıq özünü əbədi sanır.

Nahid Tağıyev
Maliyyəçi, biznes-təlimçi
Gundelik.az