“Azərbaycan iqtisadiyyatının qarşısında dayanan əsas çağırışlardan biri resurs gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və əhalinin sosial rifahının dayanıqlı şəkildə yüksəldilməsidir”.
Qlobal iqtisadiyyatda baş verən sürətli dəyişikliklər, rəqəmsallaşma və süni intellektin iqtisadi proseslərə təsirinin artması isə ölkələr üçün yeni imkanlarla yanaşı, ciddi risklər də yaradır. Bu baxımdan Azərbaycanın iqtisadi siyasətinin prioritetlərinin düzgün müəyyənləşdirilməsi və rəqəmsal iqtisadiyyatın imkanlarından səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır.
Tanınmış iqtisadçı-ekspert Məmməd Talıblı ilə müsahibəmizdə əhalinin sosial rifahının yüksəldilməsi, əməkhaqqı siyasəti, qeyri-resurs iqtisadiyyatının əsas drayverləri, eləcə də Azərbaycanın rəqəmsal iqtisadiyyata və süni intellekt dövrünə hazırlığı barədə danışdıq. Ekspert xüsusilə sosial siyasətin daha dayanıqlı gəlir mənbələri üzərində qurulmasının, kənd təsərrüfatı və turizm kimi sahələrin inkişaf etdirilməsinin, həmçinin rəqəmsal maliyyə alətlərindən istifadənin genişləndirilməsinin vacibliyini vurğulayır.
Müsahibədə, həmçinin süni intellektin əmək bazarına mümkün təsirləri və Azərbaycanın qlobal rəqəmsal transformasiya prosesində gecikməməsi üçün atmalı olduğu addımlar barədə fikirlər səsləndirilir.
