Gundelik.az Mədəniyyət və cəmiyyət Məktəblər açılır, Bakı yollarında vəziyyət necə olacaq? – Ekspertdən açıqlama
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

Məktəblər açılır, Bakı yollarında vəziyyət necə olacaq? – Ekspertdən açıqlama

Yeni dərs ilinin başlanmasına sayılı günlər qaldıqca Bakı şəhərində nəqliyyat sıxlığı və məktəblərin ətrafında yaranan avtomobil sıxlığı yenidən gündəmə gəlir. Xüsusilə valideynlərin övladlarını şəxsi avtomobillərlə məktəbə aparıb-gətirməsi paytaxtın onsuz da yüklənmiş nəqliyyat sisteminə əlavə təzyiq yaradır. Digər tərəfdən, şəhər əhalisinin artması, urbanizasiya və ictimai nəqliyyat imkanlarının genişləndirilməsi zərurəti tıxac probleminin daha kompleks şəkildə həllini tələb edir.

Bəs yeni dərs ili ərəfəsində Bakı yollarında nəqliyyat vəziyyəti necə dəyişəcək? Məktəblərdə school bus sisteminin genişləndirilməsi tıxacların azalmasına nə dərəcədə kömək edə bilər? Valideynlərin şəxsi avtomobillərdən istifadəsinin azaldılması üçün hansı addımlar atılmalıdır? Paytaxtın nəqliyyat probleminin uzunmüddətli həlli üçün metro, tramvay və digər alternativ nəqliyyat imkanları nə vəd edir?

Gundelik.az bu və digər suallara aydınlıq gətirmək üçün tanınmış nəqliyyat eksperti İlqar Hüseynovla söhbətləşib.

– Bakı şəhərində tıxac problemi artıq uzun illərdir gündəmdədir. Sizcə, bu problemin əsas səbəbləri nələrdir və onun həlli üçün hansı addımlar atılmalıdır?

– Əslində, hər il bizim üçün aktual olan məsələlərdən birinə toxunursunuz. Təəssüf ki, Azərbaycanda, xüsusilə regionlarda bu istiqamətdə ciddi problem yaşanmasa da, Bakı şəhərində tıxac problemi artıq uzun illərdir ki, ciddi narahatlıq doğurur.

İlk növbədə, tıxacların aradan qaldırılması üçün çoxmərhələli tədbirlər həyata keçirilməlidir. Urbanizasiyanın təsiri nəticəsində Bakı şəhəri həddindən artıq yüklənib. Regionlardan kifayət qədər insanın paytaxta köçməsi nəticəsində şəhər infrastrukturu əhalinin sayına uyğun olmayan vəziyyətə gəlib. Bu isə kompleks və uzunmüddətli həll tələb edən problemdir.

Xüsusilə nəzərə almaq lazımdır ki, sentyabrın 15-də yeni dərs ili başlayır. Bu zaman nəqliyyat məsələsi daha da aktuallaşır. Məktəbə yeni başlayan uşaqların valideynləri onları özləri aparıb-gətirməyə çalışırlar. İbtidai sinif şagirdlərinin valideynləri arasında da bu praktika geniş yayılıb.

Bəzi valideynlər isə üç-dörd nəfər birləşərək uşaqların məktəbə aparılıb-gətirilməsi üçün avtomobil kirayələyirlər. Beləliklə, şəxsi minik avtomobillərindən istifadə daha da artır. Bu isə məktəblərin ətrafında nəqliyyat sıxlığının yaranmasına səbəb olur.

– Məktəblərin qarşısında yaranan nəqliyyat sıxlığının qarşısını almaq üçün nə etmək olar?

– Bunun həlli üçün bir sıra tədbirlər görülməlidir. Əvvəla, ümumtəhsil məktəblərinin maddi imkanları artırılmalıdır ki, onlar məktəb avtobusları ilə təmin olunsunlar. Məktəb yaşlı uşaqların daşınmasında əsas yük school bus-ların üzərinə düşməlidir.

Valideynlər də tədricən bu sistemə uyğunlaşmalıdırlar. Artıq bəzi məktəblərdə bu prosesə başlanılıb. Lakin təəssüf ki, Bakı şəhərindəki bütün məktəbləri əhatə etmir.

Özəl liseylərdə məktəb avtobuslarından istifadə olunur. Düzdür, bu xidmət ödənişlidir. Lakin hesab edirəm ki, dövlət məktəblərində də belə bir sistemin tətbiqinə başlanılması məqsədəuyğun olardı.

Digər tərəfdən, əhaliyə maarifləndirici çağırışlar edilməlidir. Məktəbə yaxın ərazilərdə yaşayan valideynlərin övladlarını imkan daxilində piyada aparıb-gətirmələri təşviq olunmalıdır. Bununla bağlı geniş təbliğat kampaniyasının aparılmasına ehtiyac var.

Bəzən müşahidə edirik ki, məktəblərin ətrafı avtomobillərlə dolu olur və hərəkət etmək, demək olar ki, mümkünləşmir. Bu da həmin ərazilərdə və yaxın prospektlərdə əlavə tıxacların yaranmasına gətirib çıxarır.

– Dayanma və durma qaydalarının pozulması ilə bağlı müəyyən tədbirlər görülür. Bu tədbirlər problemin həlli üçün kifayət edirmi?

– Dayanma və durma qaydalarının pozulması ilə bağlı həm polis, həm də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən tədbirlər görülür. Cərimə mexanizmləri də mövcuddur. Lakin bu qaydalara əməl edənlər olduğu kimi, onları pozanlar da var.

Müvafiq mexanizmlər işə salınsa da, düşünürəm ki, yalnız bu tədbirlərlə köklü nəticə əldə etmək çətin olacaq. Biz ümumilikdə Bakı şəhərindəki tıxac problemini sistemli şəkildə həll etməliyik.

– Bəs paytaxtın nəqliyyat probleminin uzunmüddətli həlli üçün hansı istiqamətlərə üstünlük verilməlidir?

– Bunun üçün alternativ ictimai nəqliyyat mexanizmləri daha fəal şəkildə tətbiq olunmalıdır.

Bildiyiniz kimi, 2030-cu ilədək nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı dövlət səviyyəsində mühüm hədəflər müəyyənləşdirilib. Hesab edirəm ki, bu istiqamətdə yeni metro xətlərinin və avtomobil yollarının inşası, nəqliyyat ötürücülərinin yaradılması, eləcə də tramvay nəqliyyatının bərpası kimi layihələrin həyata keçirilməsi müəyyən mənada tıxacların azalmasına imkan verə bilər.

Lakin yaxın perspektivdə bu problemin tam həlli ilə bağlı ürəkaçan və nikbin proqnoz səsləndirmək çətindir. Tıxac probleminin aradan qaldırılması uzunmüddətli, kompleks və mərhələli yanaşma tələb edir.

Düşünürəm ki, həm dövlət qurumlarının, həm məktəblərin, həm də valideynlərin bu prosesdə üzərinə düşən məsuliyyəti dərk etməsi vacibdir. Xüsusilə yeni dərs ili ərəfəsində şəxsi avtomobillərdən istifadənin optimallaşdırılması və məktəb avtobuslarının genişləndirilməsi Bakı yollarında nəqliyyat yükünün azalmasına müəyyən töhfə verə bilər.

Ziyalə Əhmədli
Gundelik.az
Exit mobile version