Son illər dünyada geosiyasi və iqtisadi proseslərin dəyişməsi beynəlxalq nəqliyyat marşrutlarının əhəmiyyətini daha da artırıb. Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz bu gün qlobal ticarətin əsas arteriyalarından birinə çevrilməkdədir. Əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirilən irimiqyaslı layihələr sayəsində Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri kimi çıxış edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və ölkədə yaradılan müasir logistika imkanları Azərbaycanın beynəlxalq rəqabət üstünlüklərini daha da gücləndirir.
Azərbaycanın qlobal nəqliyyat sistemindəki mövqeyi, Orta Dəhlizin perspektivləri və ölkəmizin tranzit potensialı barədə suallarımızı sosial-iqtisadi məsələlər üzrə ekspert İlqar Hüseynli cavablandırıb.
– İlqar müəllim, Azərbaycanın beynəlxalq rəqabət üstünlüklərini hansı amillər müəyyənləşdirir?
– Azərbaycanın beynəlxalq rəqabət üstünlüklərinin əsasını onun strateji coğrafi mövqeyi təşkil edir. Ölkəmiz Orta Dəhlizin üzərində yerləşməklə Avropa ilə Asiyanı birləşdirən ən mühüm tranzit qovşaqlarından birinə çevrilib. Bu baxımdan Azərbaycan qlobal yükdaşımalarında mühüm əhəmiyyət daşıyır və regionda üstün mövqeyə malikdir.
– Azərbaycanın tranzit potensialını gücləndirən əsas layihələr hansılardır?
– Tranzit imkanlarımızın genişlənməsində həyata keçirilən infrastruktur layihələrinin xüsusi rolu var. Bunların sırasında Bakı–Tbilisi–Qars dəmir yolu xətti xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə region ölkələri arasında əlaqələri gücləndirmir, həm də Azərbaycanın beynəlxalq logistika sistemində mövqeyini daha da möhkəmləndirir.
– Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bu prosesdə rolu nədən ibarətdir?
– Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Xəzəryanı regionun ən iri logistika mərkəzlərindən biridir. Burada müxtəlif nəqliyyat növlərinin inteqrasiyası təmin olunur. Liman vasitəsilə həm dəniz, həm dəmir yolu daşımaları həyata keçirilir ki, bu da yükdaşımaların operativliyini və səmərəliliyini artırır.
– Ələt Hava Limanının tikintisi bu imkanlara hansı töhfəni verəcək?
– Hazırda Ələt Hava Limanının tikintisi davam edir. Bu layihə başa çatdıqdan sonra Ələtdə hava, dəmir yolu və dəniz nəqliyyatı bir mərkəzdə birləşəcək. Belə inteqrasiya logistik imkanları daha da genişləndirəcək və Azərbaycanın beynəlxalq yükdaşımalarda rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
– Bu infrastrukturun Azərbaycanın gələcək iqtisadi inkişafına təsirini necə qiymətləndirirsiniz?
– Azərbaycanın malik olduğu müasir nəqliyyat infrastrukturu ölkəmizi Asiya ilə Avropanı birləşdirən əsas logistika mərkəzlərindən birinə çevirir. Bu isə tranzit gəlirlərinin artmasına, yeni investisiyaların cəlb edilməsinə, beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə və Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Ziyalə Əhmədli
Gundelik. az

