2032-ci ildən Azərbaycan iki yaşıl enerji dəhlizinin istismarına başlayacaq.
Gundelik.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Bakı İqlim Həftəsi 2026″nın açılış mərasimindəki çıxışında bildirib.
Nazir bildirib ki, digər bir strateji prioritet isə regional və regionlararası əlaqəlilik vasitəsilə yaşıl enerjini beynəlxalq bazarlara çıxarmaqdır.
P.Şahbazov vurğulayıb ki, ümumi gücü 3 900 МVt olan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırma artıq bu layihələri real müstəviyə keçirib:
“2032-ci ildən etibarən həm bu dəhlizin birinci mərhələsinin, həm də Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin istismara verilməsi gözlənilir.
Eyni zamanda, Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə Türkiyə və Avropa istiqamətində yeni yaşıl enerji dəhlizlərinin inkişafı üçün də konkret tədbirlər görülür. İnkişaf etdirilən şaxələndirilmiş enerji əlaqələri sayəsində Azərbaycanın hüdudlarından kənarda — daha geniş coğrafiyada regionlararası enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və emissiyaların azaldılmasına töhfə veriləcək”.
Tədbir iştirakçılarına müraciət edən energetika naziri Türkiyənin ev sahibliyi edəcəyi və təmiz energiyə keçidlə elektrifikasiyanın əsas prioritetlər sırasında yer alacağı COP31 konfransına da toxunub:
“Azərbaycan COP29-un zəngin irsinə söykənərək enerji keçidi gündəliyinin konkret layihələrə, regional əlaqəliliyə və emissiyaların real azaldılmasına çevrilməsinə dəstək verməyə davam edəcək. İnanırıq ki, gələcəyin enerji sistemi yalnız daha “yaşıl” deyil, həm də daha təhlükəsiz, çevik və dayanıqlı olmalıdır”.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

