Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Məğlubiyyət anında verilən dəstək uşağın gücünə çevrilir
⁠Ailə, qadın və uşaq Müsahibə

Məğlubiyyət anında verilən dəstək uşağın gücünə çevrilir

Uşağın şəxsiyyət kimi formalaşmasında ailə və məktəb mühiti mühüm rol oynayır. Dinlənilmək, başa düşülmək, qəbul olunmaq və dəstəklənmək uşağın özünəinamının, həyata münasibətinin və gələcəyə baxışının formalaşmasına birbaşa təsir göstərir. Xüsusilə də məğlubiyyət və uğursuzluq anlarında uşağa göstərilən münasibət onun mənəvi dünyasında dərin iz buraxa bilər. Uşağı yalnız uğurlarına görə deyil, bütün xüsusiyyətləri ilə qəbul etmək, onun kiçik addımlarını belə dəyərləndirmək və sevgini şərtləndirməmək sağlam şəxsiyyət tərbiyəsinin əsas prinsiplərindəndir.

Məhz bu baxımdan məktəb yalnız bilik verilən məkan deyil, həm də uşağın özünü təhlükəsiz və dəyərli hiss etdiyi bir mühit olmalıdır. Şagirdin ehtiyac duyduğu anda sığınacağı bir qucaq, döyə biləcəyi bir qapı, eşidəcəyi xoş söz onun həyata daha möhkəm bağlanmasına yardım edə bilər. Gündelik.az-ın Gəncə şəhər Nəriman Nərimanov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Camalzadə ilə söhbətində də uşaqların sevgi, diqqət və anlayışla böyüdülməsinin vacibliyi ön plana çıxır.

Uşaqların xoşbəxt və sağlam şəxsiyyət kimi böyüməsində valideyn və müəllimlərin münasibəti nə dərəcədə əhəmiyyətlidir?

Leyla Camalzadə: Dinlənilməyən, görülməyən, eşidilməyən, təqdir görməyən, aşağılanan, mütəmadi tənqidə məruz qalan və daima müqayisə olunan uşaqlar əsla xoşbəxt böyüyə bilməz. Uşaqların alnından deyil, ruhundan öpmək lazımdır. Onları yalnız qalib gələndə deyil, məğlub olanda da dəstəkləməliyik. Doğrusu ilə, yanlışı ilə qəbul edib, günahı ilə, savabı ilə sevməliyik. Sevgimiz “əgər”lərlə, şərtlərlə, qarşılıqlı gözləntilərlə və təmənna ilə deyil, rəğmən olmalıdır. Uşağın qüsurlarını fərqlilik kimi görməli, atdığı kiçik addımlarla belə qürur duymalıyıq. Ən yaxşı olanı sevmək deyil, sahib olduğumuzu sevmək lazımdır. Çünki sahib olduğumuz bizim üçün ən yaxşısıdır.

Gələcək bizim əlimizdədir. Qarşımızda bir dibçək, əlimizdə isə toxum dənəsi var. Ona qulluq edib sevgi versək, çiçək açacaq. Əks halda nə çiçəyin günahı var, nə də dibçəyin. Sulamadığın çiçək solmağa məhkumdur. Şagirdlərimizə verə biləcəyimiz ən böyük sərvət sevgidir. Onların sığına biləcəyi bir qucaq, döyə biləcəkləri bir qapı və ürəklərini isidəcək bir cüt şirin söz ola bilsək, onlar dünyadan qaçmağa deyil, həyata daha möhkəm bağlanmağa çalışacaqlar. Uşaq evin güzgüsü, cəmiyyətin sözcüsüdür. Güzgünü təmiz saxlamaq valideynin, sözcünü xoşbəxt etmək isə cəmiyyətin borcudur.

Gundelik.az
Exit mobile version