Uşağın psixoloji sağlamlığı onun gələcək şəxsiyyətinin və sosial davranışlarının əsasını təşkil edir. Ailə mühiti, valideyn münasibətləri və emosional yanaşma bu prosesdə həlledici rol oynayır. Psixoloq Aysel Məmmədova müsahibəmizdə uşaqlarda yalan danışma, aqressiya, diqqət əskikliyi və valideyn səhvləri ilə bağlı mühüm məqamları izah edir.
Uşağın psixoloji sağlamlığını müəyyən edən amillər hansılardır?
— İlk olaraq ailə mühiti, emosional dəstək, sosial münasibətlər, təhsil mühiti və şəxsi inkişaf imkanlarıdır. Uşağın psixoloji sağlamlığı onun emosional, sosial və idrak inkişafına birbaşa təsir edir. Valideynlərin bir – biri ilə və uşaqla münasibətləri uşağın davranış və emosional reaksiyalarına birbaşa təsir göstərir. Uşağın özünü sevilmiş və qorunmuş hiss etməsi onun emosional sabitliyi üçün olduqca vacibdir. Uşağın öz emosiyalarını başa düşməsi və onları düzgün ifadə etməsi psixoloji sağlamlığının əsas göstəricisidir.
Yalan danışan uşaqlara yanaşma necə olmalıdır?
— Uşaqların yalan danışması bir çox valideynlər üçün narahat edici və çaşdırıcı bir davranışdır. Lakin bu davranışın arxasında duran səbəbləri anlamaq, uşağa düzgün yanaşmaq və ona dürüstlüyü təşviq etmək üçün ən vacib addımdır. Uşaqların yalan danışma səbəbləri onların yaşına, inkişaf mərhələsinə, ailə mühitinə və psixoloji ehtiyaclarına görə dəyişə bilər. Kiçik yaşlı uşaqlar üçün təxəyyül və reallıq arasındakı sərhədlər hələ tam formalaşmayıb. Onlar tez-tez uydurduqları hekayələri reallıq kimi təqdim edə bilərlər. Bu yaş dövründə yalan danışmaq məqsədli deyil, daha çox oyun və təxəyyülün ifadəsidir. Məsələn, uşaq deyə bilər ki, bu gün meşədə Ayı ilə oynadım. Bu sadəcə onun təsəvvür dünyasının məhsuludur. Uşaq özünü diqqətdən kənarda hiss etdikdə maraqlı və ya drammatik hekayələr uyduraraq diqqət mərkəzində qalmağa çalışa bilər. Bəzi uşaqlar yalan danışaraq valideynlərinin və ya müəllimlərinin reaksiyalarını yoxlamaq istəyirlər. Bu onların sosial qaydaları öyrənmək cəhdidir. Uşaqlar məsuliyyətdən qaçmaq və ya nəticədən yayınmaq üçün yalan danışa bilər. Bu, xüsusilə, məktəb tapşırıqları və ya ev işləri ilə bağlı ola bilər. Bəzi uşaqlar dostları tərəfindən qəbul olunmaq və ya onlara bənzəmək üçün yalan danışa bilər. Bu xüsusilə yeniyetməlik dövründə daha çox müşahidə olunur. Uşaqlar valideynlərini və ətrafdakı böyükləri müşahidə edərək öyrənirlər. Əgər valideynlər tez-tez yalan danışırsa, uşaq da bunu normal davranış kimi qəbul edə bilər. Uşaqların yalan danışması onların şəxsiyyətinin pozulduğu anlamına gəlmir. Bu, inkişafın bir mərhələsi ola bilər və düzgün yanaşma ilə zamanla düzələ bilər. Əsas məsələ uşağın niyyətini anlamaq və onu qorxutmadan və etiketləmədən düzgün istiqamətləndirməkdir. Əgər yalan danışmaq tez-tez təkrarlanırsa, digər davranış problemi ilə müşahidə olunursa və ya uşağın sosial münasibətlərinə mənfi təsir göstərirsə, mütləq mütəxəssis dəstəyi almaq tövsiyə olunur.
Uşaqlarda aqressiya və əsəbilik nədən yaranır?
— Uşaqlarda aqressiv və əsəbi davranışlar çox vaxt sadəcə pis xasiyyət kimi qiymətləndirilir. Halbuki bu davranışların arxasında dərin psixoloji, emosional və sosial səbəblər dayanır. Uşaq sevilmədiyini, diqqət görmədiyini və ya anlaşılmadığını hiss etdikdə, bu, narahatlıq, aqressiya və əsəbilik kimi davranışları üzə çıxara bilər. Bu bir növ kömək çağırışıdır. Valideynlər arasında tez-tez mübahisələr, fiziki və emosional zorakılıq uşağın psixoloji təhlükəsizliyini pozur. Onun davranışlarında aqressiv reaksiyalar da özünü göstərə bilər. Uşaqlar bəzən hiss etdiklərini sözlərlə ifadə edə bilmədikləri üçün emosiyalarını qışqırmaq, əşyaları sındırmaq və ya başqalarına zərər verməklə göstərir. Bu xüsusilə danışma bacarığı zəif olan və ya emosional tərbiyə olunmayan uşaqlarda daha çox müşahidə olunur. Valideynlərin bir-birinə zidd qaydada tətbiq etməsi və ya uşağa qarşı həddindən artıq sərt davranması onun emosional balansını poza bilər. Bu da əsəbilik və ya itaətsizliklə nəticələnə bilər. Aqressiya və əsəbilik uşağın daxili dünyasının səsi ola bilər. Bu səsi dinləmək və düzgün cavab vermək uşağın sağlam, psixoloji inkişafı üçün çox vacibdir.
Uşaqlarda dərsə diqqət əskikliyi nə zaman problem sayılır?
— Uşaqlarda dərsə diqqət əskikliyi gündəlik həyat fəaliyyətlərinə, məktəb performansına və sosial münasibətlərə mənfi təsir göstərməyə başladıqda artıq problem kimi qiymətləndirilir. Bu hal davamlı və geniş yayılmış olduqda diqqət əskikliyi və imperaktivlik pozuntusu kimi diaqnoz qoyula bilər. Diqqət əskikliyi uşağın diqqəti uzun müddət bir işə və ya dərsə yönəldə bilməməsi, tez-tez yayındığı və tapşırıqları tamamlamaq da çətinlik çəkməsi ilə xarakterizə olunur. Bu vəziyyət bəzən normal inkişaf mərhələsinin bir hissəsi ola bilər. Lakin əgər davamlıdırsa, və furuksional pozuntuya səbəb olursa, bu artıq nevroinkişaf pozuntusu hesab edilir. Əlamətləri bunlardır : dərslərə tapşırıqlara diqqət yetirə bilməmək, tapşırıqları yarımçıq buraxmaq, daim nəyisə unutmaq və ya əşyaları itirmək, tez-tez səhvlər etmək və detallara fikir verməmək, emosional dəyişkənlik və səbirsizlik, söz kəsmək və növbə gözləyə bilməmək.
Valideynlərin uşaq tərbiyəsində ən çox yol verdiyi səhvlər hansılardır?
— Valideynlərin uşaq tərbiyəsində ən çox yol verdiyi səhvlər arasında həddindən artıq qoruma, fiziki və emosional cəza, sevgini açıq ifadə etməmək və uşağın fikirlərini nəzərə almamaq kimi davranışlar önə çıxır. Belə ki, uşağın hər addımını nəzarət altında saxlamaq onun müstəqil qərar vermə və məsuliyyət hissini zəiflədir. Risklərdən tam qorumaq uşağın problemləri ilə üzləşməyə və onları həll etmə bacarığını inkişaf etdirməsinə mane olur. Bu cür davranışlar uşağın valideynə qarşı qorxu və etimadsızlıq hissi formalaşdırmasına səbəb ola bilər. Bəzi valideynlər uşaqlarına sevgilərini açıq şəkildə göstərmirlər. Bu isə uşaqlarda sevilmədikləri hissi yarada bilər. Sevgi yalnız yemək vermək və ya təhlükəsizlik yaratmaqla deyil, emosional yaxınlıqda da ifadə oluna bilər. Bu səhvlərin qarşısını almaq üçün valideynlər daha çox məlumatlı olmaq, uşaqlarına qarşı empatiya və anlayışla yanaşmalıdırlar.
Aktual mövzuya aydınlıq gətirdiyi üçün Psixoloq Aysel xanım Məmmədovaya təşəkkürümüzü bildiririk.
Ziyalə Əhmədli
Gundelik.az

