Azərbaycan xalqı olduqca qədimdir, onun yaratdığı ədəbiyyatsa, o qədər zəngin, genişdir ki, hətta adı bu gün həlli olmayan, yaradıcılığından bir sətir bizə gəlib çatmayan şair və yazıçılarımızın əsərlərini bir yerə toplayıb yığmaq mümkün olsaydı, onların əsasında belə bir xalqın söz xəzinəsindən istədiyin qədər, ürək dolu danışmaq mümkün olardı. Dünya mədəniyyətinə Nizami, Xəqani, Xətai, Nəsimi, Füzuli, Saib Təbrizi, M.F.Axundzadə, Mirzə Cəlil, Sabir, Cavid, Şəhriyar, S.Vurğun kimi saysız azmanlar, nəhənglər bağışlayan xalqımızın elə söz ustaları da olmuşdur ki, tarixin keşməkeşlərində, fırtınalarında adı birdəfəlik unudulmuş, yazdıqları yerli-dibli yox olmuş, ya da yox edilmişdir. Elələri də var ki, qeyrətli oğulların sevgisi onları yenidən dünyaya gətirmiş, ikinci dəfə həyata qaytarmışdır. Bunlardan biri də XIX yüzillikdə Azərbaycan realist-maarifçi ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl bəy Nəsrulla sultan oğlu Qutqaşınlıdır. (1806-1855) Öz zamanında adı dillərdə dolaşan, sözləri ağızdan-ağıza gəzən İsmayıl bəyin cismani ölümu onun yazılı irsinin də ölümünə çevrildi. Əsərlərinin çapına çalışmayan bu yazıçıdan, şairdən uzun illər boyu bir kimsə danışmadı, bir kimsə onu anmadı… Nəhayyət, Salman Mümtaz adlı bir Simurq quşu uçub gəldi, ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət dünyadan işıqlı dünyaya çıxardı. Adı artıq hamının yadından çıxmış o azmanlardan biri yenə bu gün haqqında qürurla danışdığımız general-mayor, Avropada ədəbiyyatımızın ilk təmsilçisi olan həmin İ.Qutqaşınlıdır.
Salman Mümtazın 1936-cı ildə yazdığı, “Ədəbiyyat qəzeti”ndə cap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin 1984-cü ildəki yazısınacan keçən təxminən yarım əsr içərisində İ. Qutqaşınlı haqqında bir çox dəyərli elmi araşdırmalar aparılmış, onun əsərləri nəşr edilmişdir. Alimlərimizdən Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Həbib Əfəndiyev, Əziz Mirəhmədov, Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin Tahirzadə, Kərəm Kərəmov, Ədalət Tahirzadə və başqalarının, Polşa alimləri Bohdan Baranovski və Ancey Xodubskinin son dərəcə qiymətli yazılarında ədibin həyat və yaradıcılığına dair çoxlu yeni faktlar üzə çıxarılmış, onun ədəbiyyat tariximizdə tutduğu mühüm yer müəyyənləşdirilmişdir. Bu yazılarda bəzən mübahisəli, hətta bir- birini danan fikirlər olsa da, deyilən hər sözün də Qutqaşınlı şəxsiyyətini və yaradıcılığını öyrənməyə töhfə olduğunu nəzərə aldıqda, onların müəlliflərinin nə qədər xeyirxah iş gördüklərini minnətdarlıqla qiymətləndirməliyik. İsmayıl bəy Qutqaşınlı 27 yanvar 1806-cı ildə (bəzi mənbələrə görə 1809-cu ildə) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olmuşdur. İsmayıl bəy Qutqaşınlı uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. 1855-ci ildə İsmayıl bəy Qutqaşınlı Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilmişdir. İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə İsamyıl bəy Qutqaşınlının adı verilmişdir. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılmış, xatirə-ev muzeyi yaradılmışdır. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə də Qutqaşınlının adı verilmişdir.
İ.Qutqaşınlı Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında “Paqonlu maarifçilər” adı ilə məşhurdurlar. İsmayıl bəy Qutqaşınlının müasiri tanınmış yazıçı, maarifçi Mirzə Fətəli Axundzadə ilə dostluq münasibətləri də ədəbiyyat və mədəniyyət tariximizin maraqlı səhifələrindəndir. XIX əsrdə Azərbaycan xalqının inkişafında xidmətləri olmuş bu iki şəxsin dostluğu barədə məlumatlara böyük ədəbiyyatşünas alim mərhum Əziz Mirəhmədovun 1967-ci ildə çap etdirdiyi “İsmayıl bəy Qutqaşınlı əsəri” kitabında rast gəlirik. İ.Qutqaşınlı Polşada hərbi qulluqda olarkən 1835-ci ildə Varşavada fransız dilində “Rəşid bəy və Səadət xanım” əsərini yazaraq, elə orada da çap etdirmiş və bununla realist Azərbaycan nəsrinin bünövrəsini qoymuşdur. İndi yeganə nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda (surəti Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində) qorunan bu kitabın sonunda M.F.Axundzadənin avtoqrafı var. O, kitabı oxuduqdan sonra öz təəssuratlarını rusca yazmışdır: “Mənim qəlbim elə alovlu qəlblərdəndir ki, o nə öz sevincini, nə də öz kədərini gizlədə bilər. Buna görə də mən bu günki sevincimi sizə xəbər verməyə bilmərəm. Mənim şadlığımın səbəbi odur ki, başladığımız işin axıra çatması haqqında məndə zərrə qədər şübhə qalmamışdır. Bu gün sizi tamamilə inandıra bilərəm ki, arzularımızın həyata keçirilməsi günü yaxınlaşmışdır. İzahatını gələcək münasib bir təsadüfə saxlayıram. 15 mart 1846. Mirzə Fətəli.”
İ.Qutqaşınlı elə bir dahi insandır ki, onun vətənimizə olan xidmətləri çox şaxəlidir. İ.Qutqaşınlı hər bimizə olan xüsusi xidmətləri ilə yanaşı, ədəbiyyatımıza da gözəl töhfələr bəxş etmişdir. Hamımızın bildiyi kimi o bir sıra kiçik və iri əsərlərin müəllifidir. Adı Qəbələdən Peterburqa, Tiflisdən Varşavaya, Məkkədən Mədinəyə, Şamdan İstambuladək sayğı və sevgi ilə çəkilən elsevər, yurdsevər, insansevər birisi haçansa unudular?..
XIX əsr Azərbaycan ədəbiyyatının Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Seyid Əbülqasım Nəbati, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi kimi klassikləri ilə bir cərgədə İsmayıl bəy Qutqaşınlının da adı iftixarla çəkilir. Ədəbiyyatımızda maarifçilik görüşlərinin ilk yazıçılarından sayılan İsmayıl bəy bütün ömrü boyu doğma xalqın səadəti, maariflənməsi, mədəni yüksəlişi uğrunda çarpışmışdır.
Bildiyimiz kimi o, eyni zamanda yorulmaz səyyah idi. Müsəlman Şərqini iki dəfə başdan-başa gəzmiş İsmayıl bəy gördüklərinə əsl alim kimi yanaşmış, olduğu ölkələr, şəhərlər haqqında geniş məlumat qoyub getmişdir. Ata-babaları kimi özü də “Qutqaşınlı” familiyası daşıyan İsmayıl bəy 27 yanvar 1806-cı ildə qədim Qəbələ diyarının Qutqaşın kəndində doğulmuşdur. Babaları bu torpağın ən tanınmış adamlarından olmuşdur. Bir babası Hacı Şəfi sultan, İkinci babası Kəbəli sultanı idi.
İsmayıl bəy haqqında ilk məlumat və ilk yazılar böyük mətnşünas Salman Mümtazın qələmindən çıxmışdır. Onun Əlyazmalar İnstitunda Qutqaşınlıya dair iki çox dəyərli əlyazması saxlanılır. Bu əlyazmaların hər ikisi və 1936-cı ildə “Ədəbiyyat qəzeti” ndə çap etdirdiyi “Rəşid Bəy və Səadət xanım” hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin həyatı məqaləsi , həmçinin “Rəşid bəy və Səadət xanım”ın ilk tərcüməçisi Səlim bəy Behbudovun “Mütərcimdən” adlı əlyazması da qısaldılmadan bu nəşrə daxil edilib.
Salman Mümtazın 1936-cı ildə yazdığı, “Ədəbiyyat qəzeti” ndə çap etdirdiyi ilk məqaləsindən Xalid Əlimirzəyevin 1984-cü ildəki yazısınacan keçən təxminən yarım əsr içərisində Qutqaşınlı haqqında bir çox dəyərli elmi araşdırmalar aparılmış, onun əsərləri nəşr edilmişdir. Salman Mümtazın dediklərindən: İsmayıl bəyin haqqında bəzi vəsiqələrdən başqa bu gün əldə heç bir yazılı mənbə yoxdur. Bu qiymətli vəsiqələrin nazimi isə İsmayıl bəyin və Mirzə Fətəlinin müasiri və yaxın dostu məşhur şairləimizdən Qasım bəy Zakirdir. Zakir öz yaradıcılığında dəfələrlə İ.Qutqaşınlıya müraciət .
Bu əhldən mehribanlıq görmədim,
Məgər bizə ola o yandan mədəd.
Qutqaşın tərlanı, Şəki şahbazı,
Sakini-biladi –Şirvandan mədəd.
İsmayıl bəy Qutqaşınlı geniş ürəkliliyi, insan sevərliliyi ilə məzlumlara məhəbbəti, darda qalanlara həmişə əl tutmasıyla məşhurdur. Qasım bəy Zakirin həyatının ən acı dəqiqələrində məhzİsmayıl bəyin arxa durduğunuhamımıza məlumdur. Zillətdə yaşayan Mirzə Baxış Nadimə də onun köməyi az olmamışdır. Özü yüksək təbəqədən olan İsmayıl bəy yurddaşlarına varlı-yoxsul, bəy-rəiyyətbaxımından deyil, əməkçi havayıyeyən, məzlum- zalım baxımından yanaşmışdır. “Rəşid bəy və Səadət xanım” əsəri bu mənada ən yaxşı örnəkdir. Hacı İsmayıl bəyin adını hər eşidəndə, oxuyanda, yazanda özümüzdən asılı olmayaraq ürəyimiz göynəyir, içimiz sızıldayır. Gözlərimiz qarşısında sanki möhtəşəm bir heykəlin qopub-tökülmüş qırıqlarını, min illik bir palıdın ildırım parçalamış, kömür etmiş gövdəsini görürük. Yaxınlarından, uzaqlarından, yerlilərindən yadlarından eşitdiklərimiz, yurdunda gözümüzlə gördüklərimiz bizdə ona qarşı həm sevgi, həm də yanğı duyğuları oyadıb.
İ.Qutqaşınlının əlimizdə olan ikinci əsəri “Səfərnamə” yol qeydləridir. “Səfərnamə” təkcə “siravi” oxuculara deyil, bir çox ixtisasdan olan elmi işçilərə də maraqlı faktlar verir. Ondan ədəbiyyatşünaslarla yanaşı coğrafiyaçılar, dilçilər, tarixçilər, etnoqraflar, və başqaları da çoxlu yeni məlumatlar götürə bilərlər. Fikrimizcə, Qutqaşınlının bu əsəri ən ciddi elmi araşdırmaların mövzusu ola bilər. Çünki o, XIX əsr Azərbaycan elminin görkəmli nailiyyətlərindəndir.
Burada, təkcə şəxsən İ.Qutqaşınlının həyatına deyil, Azərbaycan haqqında və Osmanlı imperiyasına daxil olan ərəb ölkələri haqqında orijinal məlumatlar istənilən qədərdir. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədov tərəfindən aşkar edilmiş və şərti olaraq “Səfərnamə” adı altında nəşr edilmişdir. Onun mühüm bir hissəsi də bu yaxınlarda Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Ədalət Tahirzadə tərəfindən tapılmışdır. “Səfərnamə” də ədibin həyatını, maraq dairəsini, mədəni səviyyəsini, dünyagörüşünü və şəxsiyyətini öyrənmək üçün bir sıra diqqətəlayiq məlumat vardır. İ.Qutqaşınlının əsərləri Azərbaycan ədəbi nəsr dilinin formalaşması və inkişaf tarixini öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir.
1852-ci ildə İsmayıl bəy çox çətinliklə olsa da, xanımı Bikə, bibisi Surə Mirzə Hacı Əli əfəndi və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşmək üçün imperatordan icazə alır. O vaxta qədər ona müsbət münasibət bəsləyən rus məmurlarının bir çoxu onun Məkkə ziyarətindən sonra, ona qarşı münasibətini dəyişir. Bununla belə, İsmayıl bəy öz xeyriyyəçilik tədbirlərini davam etdirir, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin maarifləndirilməsinə sərf edir. İ.Qutaşınlı 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışmasına baxmayaraq , öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini daim qoruyub saxlamışdır.
İsmayıl bəy Qutqaşınlı 1869-cu ildə Qutqaşında vəfat etmişdir. Qəbri həyat yoldaşı Hacı Bikə xanımla yanaşı Qutqaşen qəbristanlığındadır. Həmçinin onun ev müzeyi vardır. Muzeydə çoxlu sayda maraqlı eksponatlar vardır. Xalqımızın bu qeyrətli oğlunun həyatı təəssüf ki, çox az öyrənilmiş və tədqiq edilmişdir.
AYNUR TURAN
Gundelik.az
