Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi davam edir. Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən keçirilir.
Bu barədə Gundelik.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə keçirilən müsabiqənin əsas məqsədi yeni bədii əsərlərin yaranmasına stimul verməkdir.
Müsabiqənin şərtləri:
* Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
* Əsərlər orijinal olmalı, daha əvvəl heç yerdə çap edilməməli və yayımlanmamalıdır.
* Əsərlər Azərbaycan dillində yazılmalıdır.
* Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-poçt) qeyd etməlidir.
* Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək əsərlər qəbul olunmur.
* Əsərlərdə 2020-ci ilin 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusu tərəfindən 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının qəhrəmanları, müharibənin sosial, psixoloji və hərbi təsirləri, tarixi Zəfərimiz əks etdirilməlidir.
* Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.
Qaliblərin seçilməsi və mükafatlandırılması:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılmış Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq, 3 nəfər qalib seçiləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqənin mükafat fondu:
Birinci yer – 3000 manat
İkinci yer – 2500 manat
Üçüncü yer – 1500 manat
Müsabiqənin müddəti:
Müsabiqəyə pyeslərin qəbulu 30 sentyabr 2025-ci il tarixində sona çatacaq.
İştirakçılar tərəfindən əsərlər teatr@culture.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Əlavə məlumat üçün (012) 147 nömrəsinə müraciət edə bilərsiniz.
Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququ qorunmaqla toplu şəklində nəşrini həyata keçirə bilər.
Gundelik.az

