Gundelik.az Dünya Abramoviç otel tikməkdən imtina etdi! Böyük ərazi aldı, görün nə edəcək
Dünya Xəbərlər

Abramoviç otel tikməkdən imtina etdi! Böyük ərazi aldı, görün nə edəcək

Dünyaca məşhur rusiyalı milyarder Roman Abramoviçin Bodrumdakı investisiya planı dəqiqləşib. Məlumata görə, bölgədə 100 min kvadratmetr ərazi alan Abramoviç burada otel deyil, cəmi üç malikanə tikməyi planlaşdırır. Bir müddətdir Türkiyədə turizm və daşınmaz əmlak sahələrinə investisiya yatıracağı ilə bağlı iddialarla gündəmə gələn rusiyalı milyarder Roman Abramoviçin seçdiyi məkan bəlli olub.

Gundelik.az xarici Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Fatih Altaylı Abramoviçin Bodrumda böyük bir torpaq sahəsi satın aldığını açıqlayıb.

Muğlanın sahillərinə maraq göstərən iş adamının Kaplankaya bölgəsində axtardığı ölçüdə ərazi tapa bilmədiyi üçün yaxınlıqdakı qonşu torpaq sahəsinə yönəldiyi bildirilir.

10 hektarlıq ərazi və iki özəl çimərlik

Abramoviçin aldığı torpaq sahəsinin təxminən 100 min kvadratmetr, yəni 10 hektar olduğu və ərazidə ona məxsus iki özəl çimərliyin yerləşdiyi qeyd olunur. İnvestisiyanın ən diqqətçəkən tərəfi isə bölgədəki intensiv tikinti və kommersiya maraqlarından fərqli yanaşmanın seçilməsidir.

Məlumata görə, rusiyalı milyarder geniş ərazidə böyük bir otel kompleksi tikmək əvəzinə, təbiətə zərər vermədən hər 30 dönümə bir malikanə düşəcək şəkildə cəmi üç lüks ev inşa etdirəcək.

“Bölgənin dəyərini artıracaq”

Məsələni köşə yazısında şərh edən Fatih Altaylı bu cür yüksək səviyyəli daşınmaz əmlak layihələrinin Türkiyənin turizm imicinə töhfə verəcəyini bildirib. O, fikirlərini belə ifadə edib:

“Beləliklə, ərazinin həddindən artıq sıx məskunlaşması, təbiətin məhv edilməsi və ya ətraf mühitə zərər vurulması kimi mübahisələr yaşanmayacaq. Ən əsası isə, artıq bu bölgədə də Cənubi Fransa, Sardiniya və ya Marbellada olduğu kimi, hər birinin dəyəri 10 milyon, hətta 100 milyon dollar olan superlüks malikanələr yerləşəcək. Bu cür keyfiyyətli investisiyalar ölkənin qlobal brend dəyərini artırır”.

Nuri
Gundelik.az

Exit mobile version