Şotlandiyada arxeoloqlar təxminən min il yaşı olan anqlosaks sikkəsi aşkar ediblər.
Gundelik.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Tədqiqatçılar sikkəni tarixəqədərki dövrə aid tikililərdə aparılan qazıntılar zamanı təsadüfən tapıblar. Ekspedisiya iştirakçısı Elinor Qremin sözlərinə görə, tapıntının üzəri yaşılımtıl-qəhvəyi təbəqə ilə örtülsə də, üzərindəki təsviri görmək mümkün olub. “Biz dərhal onun son dərəcə nadir olduğunu anladıq”, – deyə o bildirib.
Ehtimal olunur ki, sikkə eramızın 991–997-ci illəri arasında zərb edilib. Onun ön tərəfində İngiltərə kralı Ethelred Ağılsızın təsviri yer alır. Qremin sözlərinə görə, bu qədim artefakt vikinqlərlə anqlosaks İngiltərəsi arasında inkişaf etmiş ticarət əlaqələrinin mövcudluğuna işarə edə bilər.
Tədqiqatçılar tapıntının inkişaf etmiş ticarət əlaqələrindən deyil, basqınlardan xəbər verdiyini də istisna etmirlər. Ola bilsin ki, skandinaviyalılar sikkəni zor gücünə ələ keçiriblər.
Ethelred Ağılsız 978–1013-cü illərdə İngiltərəyə hakimlik edib. O, vikinqlərin hücumlarını dəf etmək üçün göstərdiyi uğursuz cəhdlərlə tanınır. Nəticədə Danimarka kralı Sven Çəngəlsaqqal onu taxtdan salıb. Ethelred 1014-cü ildə hakimiyyətini geri qaytarıb və 1016-cı ildə vəfat edənədək ölkəni idarə edib. O, anqlosaks hökmdarları arasında ən uzun müddət hakimiyyətdə qalan monarxlardan biri olub.
Daha əvvəl Almaniyada həvəskar arxeoloqun ölkədə indiyədək aşkar edilmiş ən böyük qədim Roma gümüş sikkələri dəfinəsini tapdığı barədə məlumat verilmişdi. Torpağın altında təxminən 2 min il qalan bu sikkələrin eramızın II əsrinin ikinci rübündə, Roma imperatoru Adrianın hakimiyyəti dövründə qəsdən basdırıldığı ehtimal olunur.
Nuri
Gundelik.az

