Sosial şəbəkələrdə dəriyə qulluqla bağlı müxtəlif “ev üsulları” geniş yayılır. Limon suyunun ləkələri açdığı, sodanın dərini təmizlədiyi, diş məcunundan istifadənin isə sızanaqları azaltdığı iddia olunur. Lakin mütəxəssislər bildirirlər ki, internetdə populyarlaşan hər üsul dəri üçün təhlükəsiz və faydalı deyil.
Mövzu ilə bağlı Gundelik.az-a açıqlama verən kosmetoloq Günay Əliyavanın sözlərinə görə, dəriyə qulluq zamanı sosial şəbəkələrdə yayılan məsləhətlərə kor-koranə əməl etmək olmaz.
Onun fikrincə, xüsusilə limon, soda və diş məcunu kimi məhsulların üz dərisinə tətbiqi qıcıqlanma, quruluq, yanma və dəri baryerinin zədələnməsi ilə nəticələnə bilər:
“Limonun tərkibindəki turşular dəridə qıcıqlanma yarada bilər və günəş şüalarına həssaslığı artıra bilər. Soda da dərinin təbii balansına təsir göstərərək quruluq və qıcıqlanmaya səbəb ola bilər. Diş məcunu isə sızanaq üçün hazırlanmış məhsul deyil. Tərkibində olan bəzi maddələr dərini qıcıqlandıra, qızartı və qabıqlanma yarada bilər. Buna görə belə məhsulları kosmetik vasitələrin alternativi kimi istifadə etmək düzgün yanaşma deyil. Dərinin problemi hər insanda fərqli ola bilər və uyğun qulluq vasitəsi də dəri tipinə, yaşa və mövcud problemə əsasən seçilməlidir. Sosial şəbəkədə bir şəxsdə nəticə verdiyi deyilən üsulun başqa insanda eyni nəticəni verəcəyinə zəmanət yoxdur”.
Kosmetoloq qeyd edib ki, ev şəraitində dəriyə qulluq zamanı məqsəd dərini “tez dəyişdirmək” deyil, onun təbii qoruyucu baryerini qorumaq olmalıdır. Xüsusilə həssas, allergiyaya meyilli və problemli dəriyə sahib şəxslərin təsadüfi reseptlərdən istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti alması tövsiyə olunur.
Sosial şəbəkələrdə yayılan “bir gecəyə ləkələri yox edir”, “sızanağı dərhal qurudur” və ya “dərini ağardır” kimi vədlərə də ehtiyatla yanaşmaq lazımdır. Kosmetik qulluqda təhlükəsizlik və elmi əsaslandırma hər hansı viral məsləhətin populyarlığından daha vacibdir.
Nuri
Gundelik.Az
