Qidalardan kifayət qədər lif qəbul etməmək ürək xəstəliklərindən piylənməyə, həzm problemlərindən xərçəngə qədər bir çox sağlamlıq probleminə zəmin yaradır. Çünki lifli qidalanma sağlamlığın ən vacib açarlarından biridir.
Son dövrlərdə aparılan elmi araşdırmalar göstərir ki, liflə zəngin qidalanma sağlam mikrobiotanı qorumağın əsas şərtlərindən biridir. Bəs gündə nə qədər lif qəbul etməliyik və hansı qidalar liflə zəngindir?
Lif niyə bu qədər vacibdir?
Diyet lifi (yəni qida posası) əsasən bitki mənşəli qidalarda olan, suda həll olan və həll olmayan formaları mövcud olan maddələrdir. Bu formaların hər biri orqanizmə fərqli faydalar verir.
Suda həll olan və həll olmayan liflər
Suda həll olan liflər mədədə jel əmələ gətirərək toxluq hissini artırır, qanda şəkərin səviyyəsini aşağı salmağa və xolesterinin orqanizmdən çıxmasına kömək edir.
Suda həll olmayan liflər isə həzm olunmur və bağırsaqlardan daha sürətli keçidi təmin edir, bağırsaq həcmini artırır və qəbizliyin qarşısını alır.
Beləliklə, hər iki növ lif immun sisteminin güclənməsinə və müxtəlif xəstəliklərdən qorunmaya yardım edir.
Məsələn, alma meyvəsində həm suda həll olan, həm də olmayan liflər mövcuddur: meyvənin içi həll olunan, qabığı isə həll olunmayan liflə zəngindir. Buna görə bütöv alma yemək daha faydalıdır.
Gündə nə qədər lif lazımdır?
Yetkin qadınlar üçün gündə təxminən 25 qram, kişilər üçün isə 38 qram lif qəbul edilməsi tövsiyə olunur. Uşaqlarda isə 2 yaşdan sonra hər yaş üçün əlavə 5 qram lif qəbul edilməsi məsləhət görülür.
Bitki mənşəli bütün qidalar lif mənbəyidir. Qoz-fındıq və digər çərəzlər də lif baxımından zəngindir.
Lif çatışmazlığının nəticələri
Kifayət qədər lif qəbul edilmədikdə, bu, adətən bitki mənşəli qidaların az, heyvan mənşəli qidaların isə çox istehlak edilməsi deməkdir. Bu vəziyyət ürək-damar xəstəlikləri, yüksək xolesterin, qan şəkəri balanssızlığı və hətta bəzi xərçəng növlərinin yaranma riskini artıra bilər.
Mütəxəssislərin fikrincə, liflə zəngin qidalanmamaq eyni zamanda Aralıq dənizi (Mediterranean) tipli qidalanmadan uzaqlaşmaq deməkdir. Bu isə sağlamlıq üçün mənfi nəticələr yaradır.
Bağırsaqlar “ikinci beyin”dir
Bağırsaqlar “ikinci beyin” kimi qəbul edilir. Onların sağlam olması ümumi sağlamlıq üçün çox vacibdir. Sağlam bağırsaq mikroflorası xərçəng, ürək-damar xəstəlikləri, piylənmə və artıq çəki riskini azaldır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
