İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Kişilər üçün bir fincan kakao – gözlənilməz sağlamlıq mənbəyi

Yeni elmi araşdırma göstərib ki, bir fincan isti kakao idmanla məşğul ola bilməyən kişilər üçün düşündüyünüzdən daha çox fayda verə bilər.

Gundelik.az xəbər verir ki, Böyük Britaniyada aparılan tədqiqatın nəticələrinə əsasən, kakao uzun müddət oturmaqdan qaynaqlanan qan damarlarındakı mənfi dəyişikliklərin qarşısını alır.

Mütəxəssislərin sözlərinə görə, uzun müddət hərəkətsiz qalmaq – istər masa arxasında işləmək, istərsə də avtomobil idarə etmək – qan axınının azalmasına, damar elastikliyinin zəifləməsinə və nəticədə ürək xəstəliyi və insult riskinin artmasına səbəb ola bilər.

Araşdırmada vurğulanır ki, kakao, çay, alma və yaban mersini kimi bitkilərdə təbii şəkildə olan flavanol adlı birləşmələr bu mənfi təsirlərə qarşı qoruyucu rol oynayır. Flavanollar damarların elastikliyini qorumağa kömək edir.

Birmingem Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda 40 sağlam gənc kişi iştirak edib. Onlardan bəzilərinə yüksək flavanol tərkibli (təxminən 695 mq), digərlərinə isə aşağı flavanol tərkibli (5,6 mq) kakao verilib. Daha sonra iştirakçılardan iki saat hərəkətsiz oturmaları istənilib.

Nəticələr göstərib ki, aşağı flavanollu kakao içənlərdə damar funksiyası zəifləyib və qan təzyiqi yüksəlib. Lakin yüksək flavanollu kakao içənlərdə bu dəyişiklik müşahidə olunmayıb. Alimlər bildiriblər ki, flavanollar uzun müddət oturmanın qan damarlarına mənfi təsirini demək olar ki, tamamilə aradan qaldıra bilir.

“Journal of Physiology” jurnalında dərc olunan bu araşdırma, flavanolların oturmanın səbəb olduğu damar sərtliyinin qarşısını ala bildiyini ilk dəfə sübut edib. Maraqlıdır ki, müntəzəm idman edən şəxslərdə belə uzun müddət oturmaq damar funksiyasını mənfi təsirləyə bilir.

Tədqiqat yalnız kişilər üzərində aparılıb. Alimlər bunun səbəbini qadınlarda menstrual dövr zamanı hormonal dəyişikliklərin flavanolun təsirini fərqli edə bilməsi ilə izah ediblər. Qadınlara təsiri ayrıca bir tədqiqatda araşdırılacaq.

Tədqiqatın müəlliflərindən Dr. Katarina Rendeiro bildirib: “Uzun müddət oturma zamanı flavanolla zəngin qida və içkilərin qəbulu, hərəkətsizliyin damar sisteminə mənfi təsirlərini azaltmaq üçün təsirli üsuldur”.

Doktorant Alessio Daniele isə əlavə edib: “Əgər kakaonu sevmirsinizsə, alma, gavalı, göyərti, fındıq, həmçinin qara və yaşıl çay da bənzər faydalar verir. Supermarketlərdə və sağlam qidalar mağazalarında yüksək flavanol tərkibli kakao məhsullarını tapmaq mümkündür”.

Gundelik.az