Çin Elmlər Akademiyasının alimləri ultrasəsi hədəflənmiş xərçəng müalicəsi üçün “açar”a çevirmək üsulunu tapıblar. Yeni yanaşma dərmanı birbaşa şişin daxilində aktivləşdirməyə imkan verir, yan təsirləri minimuma endirir və sağlam toxumalara zərər vermir.
Gundelik.az xəbər verir ki, araşdırmanın nəticələri “National Science Review” jurnalında dərc olunub.
Məlumata görə, mütəxəssislər heyvan üzərində sınaq zamanı tərkibində qeyri-aktiv dərman və katalizator olan nanohissəciklərdən istifadə ediblər. Qeyd edilib ki, aşağı intensivlikli ultrasəsə məruz qaldıqda şişin içərisində kimyəvi reaksiya baş verib: dərman işə salınıb və xərçəng hüceyrələrinə təsir göstərməyə başlayıb.
Vurğulanıb ki, kolorektal xərçəngin siçan modelində bu üsul təsirli nəticələr verib: şiş böyüməsi 99 faiz yatırılıb və heyvanların üçdə ikisi tam sağalıb. Eyni zamanda subyektlər sağlam toxuma zədələnməsi və ya kemoterapinin əsas risklərindən biri olan sistemli toksiklik hiss etməyiblər.
Müəlliflər qeyd edirlər ki, texnologiya təhlükəsiz və yüksək dəqiqlikli xərçəng əleyhinə dərmanların yeni sinfi üçün əsas ola bilər. Alimlər hazırda üsulun digər şiş növlərinə uyğunlaşdırılması və insanlar üzərində klinik sınaqlara hazırlanmasını müzakirə edirlər.
Gundelik.az

