Gundelik.az Dünya Alimlər: Kişi və qadın beyinlərində yüzlərlə gen fərqli işləyir
Dünya Elm və təhsil Xəbərlər

Alimlər: Kişi və qadın beyinlərində yüzlərlə gen fərqli işləyir

Yeni araşdırma göstərib ki, yüzlərlə gen kişi və qadın beyinlərində fərqli şəkildə fəaliyyət göstərir. Bu fərqlər “Alzheimer” və “Parkinson” kimi cinslə əlaqəli beyin xəstəliklərinin inkişafında mühüm rol oynaya bilər.

Gundelik.az xəbər verir ki, araşdırma “The Conversation” platformasında dərc edilib.

Oksfordda yerləşən La Trobe Universitetinin professoru Cenni Qreyvsin sözlərinə görə, gen aktivliyi kişi (XY) və qadın (XX) fərdlərin beyinlərində əhəmiyyətli dərəcədə fərqlənir.

2025-ci ildə aparılan tədqiqat nəticəsində məlum olub ki, kişi beynində 610 gen, qadın beynində isə 316 gen daha aktivdir.

Alimlər müəyyən ediblər ki, bu fərqlər yalnız hormonların təsirindən qaynaqlanmır, həm də birbaşa genetik səviyyədə baş verir və dölün inkişafının çox erkən mərhələlərində formalaşır.

Genlərin yalnız 10 faizi cinsi xromosomlardadır

Araşdırma göstərib ki, genlərin cəmi 10 faizi cinsi xromosomlarda yerləşir. Qalan genlər hər iki cinsdə olan “normal” xromosomlarda olur. Bu da cinsi hormonların — “estrogen” və “testosteron”un — gen aktivliyinə ciddi təsir etdiyini sübut edir.

Beyin toxumalarının analizinə əsasən, neyronlarla əlaqəli genlər qadınlarda, hüceyrə membranları və nüvə strukturları ilə bağlı genlər isə kişilərdə daha aktivdir.

Xəstəlik riskində cins fərqləri

Genetik səviyyədəki bu fərqlər, beyin xəstəliklərinə qarşı həssaslıqdakı cins fərqlərini də izah edə bilər.

“Alzheimer” xəstəliyi ilə əlaqəli genlərin çoxu qadınlarda daha aktivdir. Bu da qadınların bu xəstəliyə tutulma ehtimalının kişilərlə müqayisədə iki dəfə çox olmasını açıqlayır.

Kişilərə xas olan SRY geni isə “Parkinson” xəstəliyinin inkişafını sürətləndirə bilər.

Nəticə: Beyin fərqi anadangəlmədir, lakin sərhədlər aydın deyil

Tədqiqatçılar bildirirlər ki, genlərin kişi və qadın beyinlərində fərqli işləməsi danılmaz faktdır. Lakin bu fərqlərin intellektə və ya davranışa təsiri hələ tam başa düşülməyib.

Professor Qreyvs vurğulayır: “Genetik səviyyədə cinslər arasında fərqlər mövcuddur, lakin bu fərqlər insanların imkanlarını və intellektini müəyyən etmir”.

Gundelik.az 

Exit mobile version