Avqust 31, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Kilo itkisindən əlavə fayda: Bu pəhriz qaraciyər yağını 67 faiz azaltdı

ABŞ-da aparılan klinik araşdırmada ketogen pəhrizin qaraciyər piylənməsi və prediyabet üzərində təsiri araşdırılıb. Tədqiqata piylənmə, prediyabet və qaraciyər piylənməsi olan 42 nəfər cəlb edilib.

İştirakçılar ketogen, Aralıq dənizi və az yağlı, bitki əsaslı pəhriz olmaqla üç qrupa bölünüb. Təxminən 4-5 ay davam edən araşdırmada hər üç qrupun təxminən 10 faiz çəki itirməsi təmin edilib.

Nəticələrə görə, qaraciyərdəki yağ miqdarı ketogen pəhriz tətbiq edənlərdə orta hesabla 67 faiz azalıb. Aralıq dənizi və az yağlı, bitki əsaslı pəhriz qruplarında isə bu göstərici 45 faiz olub.

Ketogen pəhriz qrupunda insulin səviyyəsində daha böyük azalma, qaraciyərdə yağın azalmasına kömək edən qlükaqon hormonunda isə daha nəzərəçarpan artım müşahidə edilib. Araşdırmanın diqqətçəkən nəticələrindən biri də yüksək yağ qəbuluna baxmayaraq iştirakçıların qan yağları və xolesterin səviyyələrində artım qeydə alınmaması olub.

Prediyabet göstəricilərində də fərq ortaya çıxıb. Araşdırmanın sonunda ketogen pəhriz qrupundakı iştirakçıların təxminən 50 faizi artıq prediyabet meyarlarına cavab verməyib. Bu göstərici Aralıq dənizi pəhrizi qrupunda 29 faiz, az yağlı və bitki əsaslı pəhriz qrupunda isə 7 faiz olub.

Tədqiqatçılar nəticələrin xüsusilə qaraciyər piylənməsi və prediyabeti olan insanlarda karbohidrat qəbulunun azaldılmasının yalnız çəki itkisi deyil, əlavə metabolik faydalar da verə biləcəyinə işarə etdiyini bildiriblər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az