Kanada hökuməti ABŞ-nin tətbiq etdiyi tariflərin təsirlərini azaltmaq və daxili iqtisadiyyatı gücləndirmək məqsədilə 141 milyard Kanada dolları həcmində büdcə təklifi təqdim edib.
Gundelik.az-ın “CBC News”a istinadən məlumatına görə, maliyyə naziri Fransua-Filip Şampan baş nazir Mark Karni hökumətinin ilk üzvü kimi parlamentdə çıxış edərək büdcə qanun layihəsini təqdim edib.
Təklif olunan plan ABŞ Prezidenti Donald Trampın tarif siyasəti ilə başlayan “ticarət müharibəsi”nin davam etdiyi bir dövrdə ölkə iqtisadiyyatını dəstəkləməyi hədəfləyir. Layihəyə əsasən, növbəti beş il ərzində 141 milyard Kanada dollarının xərclənməsi nəzərdə tutulur.
Büdcə təklifi ABŞ-ın tarifləri səbəbindən iqtisadi çətinlik yaşayan vətəndaşlara dəstək verməyi və yerli istehsalı canlandırmağı məqsəd qoyur. Bu vəsaitin maliyyələşdirilməsi üçün təqribən 51,2 milyard Kanada dolları həcmində kəsir və qənaət planlaşdırılır.
Sənəddə həmçinin qarşıdakı beş il ərzində müdafiəyə 81 milyard, infrastruktur layihələrinə isə 51 milyard Kanada dollarının ayrılması nəzərdə tutulub.
Büdcə qanun layihəsinin qüvvəyə minməsi üçün onun Kanada parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur.
Gundelik.az

