Məşhur forum saytı “Reddit” və canlı yayım platforması “Kick” Avstraliyada 16 yaşdan kiçik uşaqlar üçün tətbiq ediləcək sosial media qadağasına daxil edilib.
Gundelik.az-ın “ABC News”a istinadən məlumatına görə, dekabrın 10-da qüvvəyə minəcək yeni qaydalar bu günə qədər “Facebook”, “X”, “Snapchat”, “TikTok”, “YouTube”, “Instagram” və “Threads” daxil olmaqla yeddi sosial media platformasını əhatə edirdi.
Avstraliyanın Ünsiyyət naziri Anika Wells açıqlamasında bildirib ki, “Reddit” və “Kick” də bu siyahıya əlavə olunaraq qanunun əhatə dairəsinə daxil ediləcək.
Nazir sosial media platformalarının uşaqlar üzərində “dəhşətli nəzarət gücünə” sahib olduğunu vurğulayıb və bu qadağanın “heç bir bəhanəsinin olmadığını” qeyd edib.
Avstraliyanın internet təhlükəsizliyinə cavabdeh olan e-Təhlükəsizlik Komissiyası isə bildirib ki, bu platformalar “yeganə və ya əsas məqsədi onlayn sosial qarşılıqlı əlaqəni təmin etmək” olduğu üçün qadağaya daxil edilib.
Yeni tənzimləməyə əsasən, texnologiya şirkətləri 16 yaşdan kiçik istifadəçilərin mövcud hesablarını bağlamaq və yenilərinin yaradılmasına mane olmaq üçün “ağlabatan addımlar” atmasalar, 50 milyon Avstraliya dollarınadək (təxminən 32,5 milyon ABŞ dolları) cərimə oluna bilərlər.
Dünyada ilk dəfə tətbiq olunacaq bu qanuna görə, 16 yaşdan kiçik uşaqlar “YouTube” platformasında videolara baxa biləcəklər, lakin hesab yarada bilməyəcək, məzmun paylaşa və ya qarşılıqlı əlaqə qura bilməyəcəklər.
Gundelik.az

