Gundelik.az Dünya İtaliyanın Siciliya adasında meşə yanğınları ilə mübarizə davam edir
Dünya Xəbərlər

İtaliyanın Siciliya adasında meşə yanğınları ilə mübarizə davam edir

İtaliyada yanğınsöndürmə, mülki müdafiə və meşə təsərrüfatı əməkdaşları Siciliya adasının müxtəlif bölgələrində baş verən və güclü küləyin təsiri ilə gecə boyu davam edən meşə yanğınlarını nəzarət altına almaq üçün mübarizəni davam etdirirlər.

Yerli mənbələrin məlumatına görə, adanın qərbində, Palermo şəhəri yaxınlığındakı Lonqa dağının ətəyində dünən başlayan meşə yanğını gecə saatlarında küləyin təsiri ilə daha da genişlənib.

Palermo yaxınlığındakı Trabia bölgəsində baş verən yanğın bəzi yolların bağlanmasına səbəb olub və yaşayış məntəqələri üçün təhlükə yaradıb. Bəzi evlər alovun əhatəsində qalarkən, təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər risk altında olan sakinləri təxliyə ediblər.

Siciliyada yanğınların söndürülməsi istiqamətində işlər davam edir. Alov bir sıra ərazilərdə elektrik enerjisinin kəsilməsinə və yolların bağlanmasına səbəb olaraq gündəlik həyata mənfi təsir göstərib.

Yerli mətbuatın məlumatına görə, Palermo və ətrafında meşə yanğınları səbəbindən tez-tez elektrik kəsintiləri yaşanıb. Yanğınsöndürmə xidmətləri, jandarma və meşə təsərrüfatı əməkdaşları gecə boyu alovu nəzarət altına almağa çalışıblar.

Siciliyanın iki böyük şəhəri olan Palermo ilə Kataniya arasında yerləşən avtomobil yolunun müxtəlif hissələrində də meşə yanğınları davam edib.

Adanın cənubunda, Aqrigento vilayətinin Santo Stefano Kiskina qəsəbəsi yaxınlığında başlayan yanğın da küləyin təsiri ilə genişlənərək yaşayış məntəqələrini təhdid edib. Bölgədən 100-dən çox sakin təxliyə olunub.

Meşə yanğınlarının söndürülməsinə havadan dəstək məqsədilə bölgəyə çoxsaylı helikopterlər və yanğınsöndürmə təyyarələri cəlb edilib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version