Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 131 milyon manat vəsait daxil olub.
Gundelik.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,8 % çoxdur.
6 ay ərzində qurum 32 hərrac keçirib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 520 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 282-si qeyri-yaşayış, 2 084-ü torpaq sahələri üzrə olmaqla 2 366 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 29,4 % çox – 28,2 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-iyun aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 159,2 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 57,2 % çoxdur.

