Avqust 31, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

İştahsızlıq və halsızlığı normal qəbul etməyin: Qaraciyərdə gizli irəliləyən xəstəliyin əlaməti ola bilər

Gündəlik həyatda tez-tez rast gəlinən iştahsızlıq və halsızlıq əksər hallarda ciddi qəbul edilmir. Lakin bu əlamətlərə səbəbsiz çəki itkisi və qarın nahiyəsində narahatlıqlar da əlavə olunursa, qaraciyərlə bağlı ciddi problemlərin araşdırılması tövsiyə olunur.

Qaraciyərdə yaranan kütlələr uzun müddət heç bir əlamət vermədən inkişaf edir. Buna görə də onlar çox vaxt rutin müayinələr zamanı təsadüfən aşkarlanır. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxslərin mütəmadi müayinələrini gecikdirməməsini vurğulayırlar.

Prof. Dr. Cem İbiş qaraciyərdəki kütlələrin əsasən xoşxassəli və bədxassəli olmaqla iki qrupa ayrıldığını bildirib. Xoşxassəli kütlələr daha çox müşahidə olunur və qaraciyərin özünü yeniləmək qabiliyyətinə görə uzun müddət əlamət vermir. Bu kütlələr əsasən digər səbəblərlə aparılan ultrasəs müayinəsi zamanı təsadüfən aşkarlanır və müntəzəm görüntüləmə ilə izlənilir.

Bədxassəli şişlər isə qaraciyərin öz hüceyrələrindən inkişaf edə və ya başqa orqandakı xərçəng hüceyrələrinin qan yolu ilə qaraciyərə yayılması nəticəsində yaranır.

Qaraciyər şişləri ilkin mərhələdə çox vaxt əlamətsiz olur. Kütlə böyüdükcə müxtəlif şikayətlər ortaya çıxır. Səbəbsiz çəki itkisi, uzunmüddətli halsızlıq və iştahsızlıq davam edirsə, bu əlamətləri sadə yorğunluq kimi qiymətləndirməmək və həkimə müraciət etmək vacibdir.

Mütəxəssislər qeyd edirlər ki, qaraciyər şişlərində erkən diaqnoz müalicənin nəticələri baxımından böyük əhəmiyyət daşıyır. Müasir görüntüləmə üsulları kiçik ölçülü kütlələrin belə vaxtında aşkarlanmasına imkan verir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az