Gundelik.az Mədəniyyət və cəmiyyət İştahınız yayda azalırsa, diqqət : Səbəbi budur
Mədəniyyət və cəmiyyət Xəbərlər

İştahınız yayda azalırsa, diqqət : Səbəbi budur

Yay aylarında havaların istiləşməsi bir çox insanda iştahanın azalmasına və enerji çatışmazlığına səbəb olur. Mütəxəssislərin sözlərinə görə, bu, orqanizmin isti havaya uyğunlaşmaq üçün yaratdığı təbii müdafiə mexanizmidir. Ağır yeməklər əvəzinə yüngül qidaların seçilməsi və kifayət qədər su qəbul edilməsi həm bədən tarazlığını qoruyur, həm də istinin mənfi təsirlərini azaldır. Lakin iştahsızlıq uzun müddət davam edir, çəki itkisi, halsızlıq və ya ürəkbulanma ilə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

Qidalanma və Dietologiya üzrə mütəxəssis Safiyə Kəskin bildirib ki, isti havalarda orqanizm bədən temperaturunu tənzimləmək üçün enerji sərfiyyatını azaldır. Bu səbəbdən insanlar yağlı və ağır yeməklərdən uzaqlaşaraq daha yüngül qidalara üstünlük verirlər.

Böyük porsiyalar əvəzinə yüngül və balanslı qidalanın

Mütəxəssis vurğulayıb ki, yay aylarında əsas məsələ yemək sayından çox, qidaların tərkibidir. Gün ərzində asan həzm olunan və qidalandırıcı yeməklər seçilməlidir.

Əsas qida rasionunda bunlara yer verilməsi tövsiyə olunur:

Keyfiyyətli zülal mənbələri;

Bol tərəvəz;

Tam taxıllı məhsullar.

Ara yeməklərdə isə:

Yoqurt;

Kefir;

Mövsümi meyvələr;

Çiy çərəzlər.

Bu qidalar həm qan şəkərinin sabit qalmasına, həm də enerji səviyyəsinin qorunmasına kömək edir.

Su tərkibi yüksək qidalar üstünlük təşkil etməlidir

Yay süfrəsində xiyar, pomidor kimi su ilə zəngin tərəvəzlər, eləcə də yoqurt, ayran, cacıq və kefir daha çox istifadə olunmalıdır. Zülal ehtiyacı isə qızartmalar deyil, əsasən:

Izgara balıq;

Toyuq əti;

Paxlalılar vasitəsilə qarşılanmalıdır.

Həddindən artıq yağlı, duzlu yeməklər və şəkərli içkilər həm həzmi çətinləşdirir, həm də susuzluq hissini artırır.

Gündə 2–2,5 litr su qəbul edin

Safiyə Kəskin qeyd edib ki, sağlam böyüklər üçün gündə orta hesabla 2–2,5 litr su içmək yaxşı başlanğıcdır. Açıq havada çalışanlar və intensiv idman edənlər isə daha çox maye qəbul etməlidirlər.

Maye qəbulunun kifayət edib-etmədiyini anlamağın sadə yolu sidiyin rəngidir. Açıq saman sarısı rəng kifayət qədər su içildiyini göstərir.

Yay meyvələrində porsiyaya diqqət edin

Qarpız və yemiş yüksək su tərkibli olduqları üçün sağlam seçim hesab edilir. Lakin onların tərkibində təbii şəkər olduğundan normadan artıq qəbul edilməməlidir.

Mütəxəssis meyvələri yoqurt, kefir və ya bir ovuc çiy çərəzlə birlikdə yeməyi tövsiyə edir. Bu, toxluq hissini uzadır və qan şəkərinin daha sabit qalmasına kömək edir.

Tətildə sərt pəhrizə ehtiyac yoxdur

Tətildə əsas məqsəd sərt pəhriz deyil, balanslı qidalanmanı qorumaqdır. Açıq bufetlərdə boşqabın əvvəlcə salat və tərəvəzlə doldurulması, əsas yeməkdə isə ızgara seçimlərə üstünlük verilməsi məsləhətdir.

Şəkərli içkilər əvəzinə su və ya ayran içmək, şirniyyatları isə kiçik porsiyalarla və ya paylaşaraq yemək daha məqsədəuyğundur. Gündəlik gəzinti və üzgüçülük də çəkiyə nəzarət etməyə kömək edir.

Risk qrupunda olanlar daha ehtiyatlı olmalıdır

Uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər isti havadan daha çox təsirlənirlər. Bu qruplarda:

Maye qəbulu müntəzəm olmalıdır;

Yemək ötürülməməlidir;

Tez xarab olan qidalar diqqətlə saxlanmalı və istehlak edilməlidir.

Yayda enerjili qalmaq üçün nə yeməli?

Mütəxəssis səhər yeməyinə yumurta və ya pendir, bol göyərti və tam taxıllı çörəklə başlamağı tövsiyə edir. Yumurta yeməyənlər üçün yoqurt və yulafdan hazırlanmış səhər yeməyi yaxşı alternativdir.

Əsas yeməklərdə isə:

Izgara toyuq və ya balıq;

Paxlalılar;

Zeytun yağlı tərəvəzlər;

Salat;

Ayran və cacıq.

Şəkərsiz soyuq qəhvə və ya şəkərsiz matça ölçülü miqdarda qəbul olunmalıdır. Lakin bu içkilər suyu əvəz etmir və həddindən artıq kofein qəbulundan çəkinmək lazımdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version