Gundelik.az Dünya İsrail Livanın cənubuna yeni hücumda iki nəfəri öldürüb
Dünya Xəbərlər

İsrail Livanın cənubuna yeni hücumda iki nəfəri öldürüb

İsrail avtomobilə edilən dron hücumunun Hizbullah üzvünü hədəf aldığını iddia edir.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin avtomobilə endirdiyi dron hücumu nəticəsində Livanın cənubunda iki nəfər həlak olub.
“Al Jazeera”nın Livandan reportaj hazırlayan müxbiri İhab əl-Aqdi bildirib ki, hücum bazar günü Bint Cübeyl şəhərinin şimalında yerləşən Ayn əl-Mizrab ərazisində baş verib. Onun sözlərinə görə, hədəf alınan avtomobil tamamilə məhv edilib, yaxınlıqdakı binalara isə ziyan dəyib.
İsrail hücumun Hizbullah üzvünü hədəf aldığını bildirərək, Livan qrupunu 2024-cü ilin noyabrında başlayan atəşkəsə əməl etməməkdə ittiham edib.
Atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livana qarşı hücumlarını davam etdirir. Sözügedən razılaşma Livanı və Hizbullah rəhbərliyini ciddi şəkildə sarsıdan, bir il davam edən münaqişəyə son qoymuşdu. İsrail eyni zamanda sərhədin Livan tərəfində yerləşən beş mövqedə işğalını davam etdirir.
Atəşkəsdən sonra İsrailin hücumları nəticəsində Livanda 300-dən çox insan həlak olub, onların arasında azı 127 mülki şəxs var.
ABŞ tərəfindən dəstəklənən İsrail Hizbullahın tərksilah olunmasını tələb edir. Lakin Hizbullah bu tələbi rədd edib. Bu isə Livan hökuməti və ordusunu çətin vəziyyətə salıb: bir tərəfdən İsrail və ABŞ-ı sakitləşdirməyə çalışırlar, digər tərəfdən isə İsrailin hücumlarına baxmayaraq gücünü qoruyan Hizbullahla hərbi qarşıdurmadan qaçmağa çalışırlar.
Hizbullahın itkiləri arasında onun uzunmüddətli lideri Həsən Nəsrullahın 2024-cü ilin sentyabrında İsrailin Beyruta endirdiyi hücum nəticəsində öldürülməsi də var.
Livan hökumətinin çərşənbə axşamı ordunun Hizbullahın tərksilah edilməsi istiqamətində – prosesə Livanın cənubundan başlanmaqla – gördüyü işləri müzakirə etmək üçün toplantı keçirməsi gözlənilir. Hökumət daha əvvəl bu prosesin 2025-ci ilin sonunadək tamamlanması, daha sonra isə ölkənin digər bölgələrində davam etdirilməsi üçün vaxt müəyyən etmişdi. Lakin bu plan Hizbullah tərəfindən rədd edilib.
Mənbə : Al Jazeera
Hazırladı : Ziyalə Əhmədli
Gundelik.az
Exit mobile version