İsrailin Baş naziri Benyamin Netanyahu Fələstini dövlət kimi tanıyan ölkələrə qarşı “rəsmi cavab” veriləcəyini bildirib.
Gundelik.az xəbər verir ki, baş nazirin bu açıqlaması onun müşaviri Dmitri Gendelman tərəfindən Telegram kanalında dərc olunub.
“Torpaqlarımızın mərkəzində bizə qarşı terror rejimi tətbiq etmək cəhdinə cavab ABŞ-dan qayıdandan sonra veriləcək. Gözləyin”, – deyə Netanyahu bəyan edib.
O, həmçinin Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşı çıxdığını vurğulayıb:
“İordan çayının qərbində heç bir Fələstin dövləti olmayacaq. İllərdir daxili və xarici təzyiqlərə baxmayaraq, bu terror təşkilatının yaradılmasının qarşısını almışam. Biz Yəhudeya və Samariyada yəhudi məskunlaşmasını ikiqat artırdıq və bu siyasəti davam etdirəcəyik”.
Xatırladaq ki, sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb. Fransa prezidenti Emmanuel Makron isə sentyabrın 22-də Parisin də bu addımı atacağını açıqlayıb. Onun sözlərinə görə, bu qərar regionda daha geniş sülh planına uyğundur.
Netanyahu bundan öncə də ABŞ-ni Misirə təzyiq göstərməyə çağırmışdı.
Gundelik.az

