Gundelik.az Dünya İranın bu ay həyata keçirdiyi hücumlarda təxminən 100 ABŞ hərbçisinin yaralandığı iddia olunur
Dünya Siyasət Xəbərlər

İranın bu ay həyata keçirdiyi hücumlarda təxminən 100 ABŞ hərbçisinin yaralandığı iddia olunur

İranın bu ay Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına həyata keçirdiyi hücumlar nəticəsində təxminən 100 amerikalı hərbçinin yaralandığı iddia edilir.

CBS News-a anonimlik şərti ilə danışan ABŞ rəsmilərinin sözlərinə görə, İranın raket hücumlarına məruz qalan ABŞ bazalarında çoxlu sayda hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumatda bildirilir ki, Yaxın Şərqdəki ABŞ bazalarına edilən çoxsaylı İran hava hücumları zamanı yaralanan hərbçilərin əksəriyyəti müalicədən sonra yenidən xidmətə qayıdıb.

Pentaqonun sözçüsü Şon Parnell də CBS News-a açıqlamasında iyulun 7-dən etibarən təxminən 100 nəfərin müxtəlif dərəcəli xəsarət aldığının müəyyən edildiyini, onların 96 faizinin yenidən xidmətə qayıtdığını təsdiqləyib.

Parnell bildirib ki, hərbçilər xidmətlərini davam etdirməkdə qərarlıdırlar və qeydə alınan xəsarətlərin böyük hissəsi yüngül beyin silkələnməsi olub.

Pentaqonun məlumatları ictimaiyyətdən gizlətdiyi iddia edilir

The New York Times qəzeti ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranın son dövrlərdə ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi bəzi hücumlar və bu hücumlarda çoxlu sayda amerikalı hərbçinin yaralanması ilə bağlı məlumatları ictimaiyyətə açıqlamadığını iddia edib.

Qəzetə danışan ABŞ rəsmilərinin sözlərinə görə, İordaniyada iki ABŞ hərbçisinin həlak olduğu və birinin itkin düşdüyü hücumdan əvvəl İran bu ölkədə yerləşən ABŞ qüvvələrinə daha üç hücum həyata keçirib. Həmin hücumlarda çoxlu sayda ABŞ hərbçisinin yaralandığı, həmçinin ABŞ-a məxsus bir neçə helikopterin zədələndiyi bildirilir.

Müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 17-yə çatıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 17-də İranın İordaniyadakı ABŞ hərbi bazasına hücumu nəticəsində 2 hərbçinin həlak olduğunu, 1 hərbçinin isə itkin düşdüyünü açıqlayıb.

Pentaqon həlak olan hərbçilərin şəxsiyyətinin müəyyənləşdirildiyini və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.

CENTCOM daha sonra İraqda iyulun 18-də İranın pilotsuz uçuş aparatına (PUA) məxsus partlamamış sursatın zərərsizləşdirilməsi zamanı 1 ABŞ hərbçisinin həyatını itirdiyini açıqlayıb.

Beləliklə, ABŞ və İsrailin fevral ayında İrana qarşı başladığı hərbi əməliyyatlardan bəri həlak olduğu açıqlanan ABŞ hərbçilərinin sayı 17-yə yüksəlib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version