İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İrandan ABŞ hava bazasına cavab hücumu

İran İnqilab Keşikçiləri Korpusu, Bəndər-Abbasda həyata keçirilən hücuma cavab olaraq bölgədəki ABŞ hava bazasını hədəf aldıqlarını açıqlayıb. Bu arada Küveyt də raket və pilotsuz uçuş aparatı hücumuna məruz qaldığını bildirib.

İran İnqilab Keşikçilərinin yazılı açıqlamasında qeyd olunub ki, ABŞ-ın bu gün səhər tezdən Bəndər-Abbas hava limanı ətrafındakı bir nöqtəyə endirdiyi hava zərbəsindən sonra hücumun həyata keçirildiyi ABŞ hava bazası vurulub.

Açıqlamada belə deyilib:

“Bu cavab düşmənə ciddi xəbərdarlıqdır ki, onun təcavüzü cavabsız qalmayacaq. Hücumların təkrarlanacağı halda cavabımız daha qətiyyətli olacaq. Nəticələrin məsuliyyəti hücum edən tərəfin üzərinə düşür.”

Hədəf alınan ABŞ hava bazasının hansı ölkədə yerləşdiyi açıqlanmasa da, bölgədə ABŞ hərbi hava bazalarına ev sahibliyi edən ölkələrdən olan Küveyt raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib.

Küveyt ordusunun yaydığı açıqlamada isə hücumun hansı məntəqəni hədəf aldığı barədə məlumat verilməyib.

İran dövlət televiziyası səhər saatlarında ölkənin cənubundakı Bəndər-Abbas şəhərinin şərq istiqamətindən üç partlayış səsinin eşidildiyini xəbər vermişdi.

ABŞ ordusu isə bölgədəki Amerika qüvvələri və ticari dəniz nəqliyyatı üçün təhlükə yaratdığı iddiası ilə İranın cənubundakı hərbi bölgəyə hava zərbəsi endirdiyini açıqlamışdı.

Küveytdə hava müdafiə sistemi aktivləşdirildi

Küveyt ordusu hava müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatı hücumlarının qarşısını almağa çalışdığını açıqlayıb.

Ordunun sosial media hesabında yayılan məlumatda hava müdafiə sistemlərinin PUA və raketləri zərərsizləşdirmək üçün fəaliyyət göstərdiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, eşidilə biləcək partlayış səsləri hava müdafiə sistemlərinin hücumları dəf etməsi ilə əlaqədardır. Vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etmələri çağırışı edilib.

Hücumların mənbəyi və xarakteri ilə bağlı əlavə məlumat paylaşılmayıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az