İran beynəlxalq sanksiyaların yenidən tətbiq ediləcəyi halda, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıracağını bəyan edib.
Gundelik.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya, Fransa və Almaniya 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan “sürətli cavab” mexanizmini işə salsa, Tehran MAQATE ilə mövcud əməkdaşlığı tamamilə dayandıracaq.
Avropa İttifaqının üç ölkəsi (Aİ3) daha əvvəl xəbərdarlıq etmişdi ki, əgər Tehran nüvə proqramı ilə bağlı diplomatik həll yoluna razılaşmasa, avqustun sonunadək sanksiyaların bərpası proseduruna başlaya bilərlər.
Eyni zamanda, MAQATE-nin baş direktoru Rafael Qrossi ABŞ dövlət katibi Marko Rubio ilə görüşərək, Vaşinqtonun nüvə texnologiyasının dinc məqsədlərlə istifadəsini təşviq etmək və nüvə silahının yayılmasının qarşısını almaq öhdəliyini təsdiqlədiyini bildirib.
Keçən həftə İran, Fransa, Almaniya, Böyük Britaniya və Aİ nümayəndələrinin iştirakı ilə keçirilən görüşdən sonra Qəribabadi İranın diplomatiya yolu ilə qarşılıqlı faydalı həll tapmaqda maraqlı olduğunu vurğulayıb və Aİ3-lə BMT Təhlükəsizlik Şurasını “düzgün seçim etməyə” çağırıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının JCPOA-nı təsdiqləyən qətnaməsinə əsasən, 30 gün ərzində tərəflər razılığa gəlmədiyi təqdirdə BMT-nin bütün əvvəlki sanksiyaları avtomatik olaraq bərpa olunacaq. Bu halda İrana qarşı silah embarqosu, yük daşımalarının yoxlanılması və raket proqramına məhdudiyyətlər tətbiq ediləcək.
Gundelik.az

