Gundelik.az Dünya İran: Hörmüzə daxil olarsa, ABŞ donanmasını hədəf alacağıq
Dünya Xəbərlər

İran: Hörmüzə daxil olarsa, ABŞ donanmasını hədəf alacağıq

ABŞ-ın Hörmüz Boğazında qalan gəmilərin çıxışına kömək edəcəyini açıqlamasından sonra İran ordusu bildirib ki, əgər ABŞ bölgəyə yaxınlaşsa, onun donanması hədəfə alınacaq.

İran dövlət televiziyasının yaydığı məlumata görə, “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı tərəfindən verilən açıqlamada belə deyilir:

“Xarici silahlı qüvvələrin, xüsusilə də ABŞ-ın işğalçı ordusunun Hörmüz Boğazına yaxınlaşması və ya daxil olmağa cəhd etməsi halında hücuma məruz qalacağı barədə xəbərdarlıq edirik.”

Açıqlamada vurğulanıb ki, Hörmüz Boğazına nəzarət İran Silahlı Qüvvələrinin əlindədir və buradan keçid yalnız onların koordinasiyası ilə həyata keçirilməlidir. Bölgədə olan gəmilərə də çağırış edilib ki, koordinasiyasız hərəkət edərək öz təhlükəsizliklərini riskə atmasınlar.

Bundan əlavə, ABŞ-ın bölgədə “dəniz quldurluğu” etdiyi və bunun dünya iqtisadiyyatını təhlükəyə atdığı iddia olunub. İran isə hər cür təhdid və hücuma sərt cavab verəcəyini bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə Hörmüz Boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başlayacağını və bu çərçivədə 15 min hərbi şəxsin iştirak edəcəyini açıqlamışdı.

ABŞ Prezidenti Donald Tramp da bildirib ki, bu gündən etibarən Hörmüz Boğazında qalan və Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan “neytral” ölkələrə məxsus gəmilərin təhlükəsiz şəkildə keçməsinə kömək ediləcək.

Tramp qeyd edib: “İranın, Yaxın Şərqin və ABŞ-ın xeyrinə olaraq bu ölkələrə dedik ki, gəmilərini bu məhdud boğazdan təhlükəsiz şəkildə çıxaracağıq və onlar fəaliyyətlərini problemsiz davam etdirə biləcəklər.”

Hansı ölkələrin nəzərdə tutulduğunu açıqlamayan Tramp bildirib ki, söhbət Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi olmayan müxtəlif ölkələrdən gedir və əməliyyat əsasən humanitar məqsəd daşıyır.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version