ABŞ və İsrail qüvvələrinin ölkə üzrə intensiv zərbələri davam etdiyi bir vaxtda İran hakimiyyəti mərhum Ali Rəhbər Ayətullah Əli Xameneinin dəfn mərasimini təxirə salıb.
Rəsmi şəxs bildirib ki, Tehrandakı namaz kompleksində keçiriləcək üç günlük tədbirdə iştirak etmək istəyənlərin çoxsaylı müraciətləri var və infrastrukturun hazırlanmasına ehtiyac duyulur. Mərasimin çərşənbə axşamı gecə başlaması planlaşdırılırdı.
Eyni zamanda, Ekspertlər Məclisinin üzvü bildirib ki, şənbə günü ABŞ və İsrailin hücumlarının ilk mərhələsində öldürülən Xameneinin varisini seçməyə ruhani qurum “yaxındır”.
İran buna cavab olaraq İsrailə və ABŞ bazalarının yerləşdiyi Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları göndərib. Küveytin Səhiyyə Nazirliyi gecə saatlarında İran hücumu zamanı yaşayış sahəsinə düşən qəlpə nəticəsində bir qızın öldüyünü açıqlayıb.
Bu arada ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ sualtı qayığı Şri-Lankanın sahilləri yaxınlığında Hind okeanında İran Hərbi Dəniz Qüvvələrinə məxsus freqatı batırıb.
“[Hərbi gəmi] beynəlxalq sularda təhlükəsiz olduğunu düşünürdü. Lakin torpedo ilə batırıldı. Səssiz ölüm,” – deyə o, jurnalistlərə bildirib.
Şri-Lankanın müdafiə katibi, aviasiya marşalı Sampat Tuyyakonta bildirib ki, “İris Dena” gəmisində olan 80 nəfərin cəsədi tapılıb.
Daha 32 nəfər xilas edilib, onlarla insan isə itkin düşüb.
Heqset həmçinin bildirib ki, ABŞ və İsrail qüvvələri bir neçə gün ərzində İran üzərində tam hava üstünlüyünə malik olacaq və “tezliklə” ölkəyə nəzarət edəcək.
“Bu heç vaxt ədalətli döyüş üçün nəzərdə tutulmayıb və ədalətli döyüş deyil. Onlar zəif vəziyyətdə olarkən biz zərbə endiririk,” – deyə o bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə deyib ki, ABŞ prezidenti Donald Tramp “Amerika xalqını ədalətsiz müharibəyə sürükləyib”. İranın mənəvi lideri və ən yüksək hakimiyyət orqanı olan Xamenei şənbə günü Tehrandakı iqamətgahına endirilən ilk zərbə dalğasında həyat yoldaşı, yetkin oğullarından biri və bir neçə yüksək vəzifəli şəxs ilə birlikdə öldürülüb.
86 yaşlı ruhani üçün üç günlük dəfn mərasimi çərşənbə günü yerli vaxtla saat 22:00-da (GMT 18:30) başlamalı idi və paytaxtın Böyük Müsəlla namaz kompleksində onun nəşi ilə vidalaşmaq üçün insanlar dəvət olunmuşdu.
Lakin çərşənbə səhəri Tehran vilayətinin İslam Təbliğatının Koordinasiya Şurasının rəhbəri sərt mövqeli Tasnim xəbər agentliyinə bildirib ki, mərasimin “daha münasib vaxtadək” təxirə salınmasına qərar verilib.
Seyyid Möhsən Mahmudinin sözlərinə görə, bu qərar “mərasimdə iştirak etmək istəyənlərin çoxluğu və insanların qəbul edilməsi üçün uyğun şəraitin yaradılması zərurəti” ilə bağlıdır.
Xameneinin öldürülməsindən sonra dövlət mediası Tehranda ABŞ və İsrail hücumlarına qarşı etiraz edən İslam Respublikasının tərəfdarlarının kütləvi toplaşmalarını yayımlayıb. Lakin sosial şəbəkələrdə paytaxtda və digər şəhərlərdə müxaliflərin küçələrdə bunu qeyd etdiyini göstərən videolar da yayılıb.
Xamenei 1989-cu ildə İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin ölümündən sonra ali rəhbər olmuşdu. O, İranın siyasəti və silahlı qüvvələri üzərində möhkəm nəzarəti qoruyub saxlamış, hakim sistemə qarşı çağırışları bəzən zorakılıqla yatırmışdı.
Keçən ilin dekabr ayının sonu və yanvarın əvvəlində baş verən ümumxalq etirazları zamanı bir çox insan onun devrilməsini və ya ölümünü tələb etmişdi. Onun əmri altında olan təhlükəsizlik qüvvələri üsyanı görünməmiş sərtliklə yatırmış, insan haqları qruplarının məlumatına görə azı 6 480 nəfəri öldürmüşdü.
İranın yeni ali rəhbəri Ekspertlər Məclisi tərəfindən seçilməlidir. Bu ruhani qurumun 88 üzvü hər səkkiz ildən bir seçilir, lakin Xamenei onların konservativ və varis seçimində onun xəttini davam etdirəcək şəxslər olmasını təmin etmişdi.
Üzvlərdən biri, Ayətullah Əhməd Xatəmi dövlət televiziyasına bildirib ki, namizədlər artıq müəyyən edilib, lakin adlar açıqlanmayıb.
“Ali rəhbər ən qısa zamanda müəyyən ediləcək, biz nəticəyə yaxınıq. Lakin ölkədə vəziyyət müharibə şəraitidir,” – deyə o bildirib.
İranlı iki mənbə Reuters agentliyinə bildirib ki, Xameneinin digər oğlu Müctəba əsas namizəd hesab olunur.
56 yaşlı ruhani Müctəba kölgədə qalan fiqur kimi tanınır və atasının hakimiyyəti dövründə əhəmiyyətli güc və sərvət topladığı bildirilir. O, mühafizəkarlar və ölkənin İslam sistemini qorumaqla vəzifəli olan güclü İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın münasibətlərə malikdir.
İsrailin müdafiə naziri isə bildirib ki, İsrail və ABŞ-ni təhdid etməyə davam edən hər hansı varis “qəti şəkildə məhv ediləcək hədəf” olacaq.
İsrail Müdafiə Qüvvələri (IDF) çərşənbə günü İran üzrə bir neçə zərbə dalğası həyata keçirdiyini açıqlayıb.
Hərbi rəsmi bildirib ki, 100-dən çox İsrail qırıcı təyyarəsi Şərqi Tehranda bir neçə komanda mərkəzini əhatə edən hərbi kompleksə təxminən 250 sursat atıb.
IDF həmçinin ballistik raket qurğularını və hava hücumundan müdafiə sistemlərini, eləcə də raket anbarı və istehsal obyektini və Tehranın Mehrabad hava limanındakı “müdafiə və aşkarlama sistemlərini” vurduğunu bildirib.
Bundan əlavə, İsrailə məxsus F-35 qırıcısının Tehran üzərində İranın Yak-130 təyyarəsini vurduğu və bunun “pilotlu döyüş təyyarəsinin F-35 tərəfindən tarixdə ilk dəfə vurulması” olduğu qeyd edilib.
İran rəsmilərindən dərhal şərh verilməyib.
Çərşənbə axşamı gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, ABŞ-İsrail kampaniyası “planımızdan irəlidədir”.
“Sadə dillə desək, bizə atəş aça bilən hədəfləri vurmağa fokuslanmışıq,” – deyə o əlavə edib.
İranın dövlət xəbər agentliyi IRNA çərşənbə günü bildirib ki, münaqişənin başlanmasından bəri ABŞ və İsrail zərbələri nəticəsində 1 045 hərbçi və mülki şəxs həlak olub.
Bu rəqəmləri dərhal təsdiqləmək mümkün olmayıb, lakin ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRNA) gecə saatlarında mülki itkilərin sayının 1 097-yə çatdığını, onların arasında 10 yaşdan aşağı 181 uşağın olduğunu açıqlayıb.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

