Müasir dövrdə ölkələrin iqtisadi inkişafı təkcə ÜDM-in artımı ilə deyil, eyni zamanda əhalinin rifah səviyyəsinin yüksəlməsi və inkişafın dayanıqlığı ilə ölçülür. Qloballaşma, iqlim dəyişikliyi və enerji bazarlarında baş verən struktur dəyişikliklər dövlətləri yeni inkişaf modelləri axtarmağa məcbur edir. Bu konteksdə iqtisadi artımın sosial rifaha təsiri və yaşıl iqtisadiyyata keçidin resurs ixracına əsaslanan ölkələrin, o cümlədən Azərbaycanın gəlirləri üçün yaratdığı imkanlar və risklər xüsusi aktuallıq kəsb edir.
İqtisadiyyatçı ekspert Samir Heydərov ilə söhbətimizdə iqtisadi artım, sosial rifah, yaşıl iqtisadiyyata keçid amilləri barədə danışılıb. Müsahibə zamanı ekspert qeyd edib ki, iqtisadi artım həmişə sosial rifah demək deyil. İqtisadi artım ÜDM-in artmasıdır. Yəni cari ildə istehsal olunan mal və xidmətlərin həcmi əvvəlki ilə nisbətən çoxdur. Sosial rifah isə gəlirlərin ədalətli bölgüsü, məşğulluq, səhiyyə, təhsil və həyat keyfiyyətidir. Problem o zaman olur ki, artım yalnız dar bir təbəqənin gəlirini artırır və gəlir bərabərsizliyi yüksəlir, iş yerləri artmır, inflyasiya maaş artımını yeyir. Məsələn, bir ölkədə ÜDM 5 %artır, amma real maaşlar dəyişmir, yəni statistik artım var, rifah yoxdur. İqtisad artım sosial rifah üçün zəruri şərtdir, amma kafi şərt deyil. Rifah üçün inklüziv artım lazımdır. Bir sözlə iqtisadi artım piroqun ölçüsünü ifadə edərkən, sosial rifah piroqun bölüşdürülməsi ölçüsünü ifadə edir. Ekspert həmçinin kiçik bir dəqiqləşdirməyə ehtiyac olduğunu vurğulayıb.
Yaşıl iqtisadiyyata keçid Azərbaycanın gəlirləri üçün riskdir, yoxsa fürsət, sualına isə ekspertin cavabı reallıqları özündə cəmlətir: Yaşıl iqtisadiyyata keçid dedikdə Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələr üçün yoxsa yalnız Azərbaycan üçün nəzərdə tutulduğuna diqqət yetirilməlidir. Nəzərə alsaq ki, Avropa bazarında enerji keçidi sürətlənir, 20-25 ildən sonra təbii qazın rolu azalacaq. Yəni qaz ixracı artsa belə qiymət düşə bilər. İkinci variant daxildə yaşıl enerjiyə keçid neft-qaz ixrac həcmini artırmaqla neft-qaz gəlirlərini də artıracaqdır. Optimal kombinasiya ondan ibarətdir ki, daxildə yaşıl enerji istehlakı, xaricə maksimum neft-qaz ixrac etməklə əldə olunan gəlirləri qeyri-neft sektoruna, insan kapitalına, texnologiyaya yatırmaqla nəticədə riskləri minimuma endirmək olacaqdır. Son olaraq ekspert qeyd edib ki, nəzərə alsaq ki, 2030-cu ildə elektrik istehsalında yaşıl enerjinin payı 30-35 faiz, 2040-2050-ci illərdə isə elektrik istehsalının 50-70 faizi yaşıl mənbələrdən əldə olunacaq, onda əksinə Azərbaycanın gəlirlərinin uzun müddətdə artacağını söyləmək olar.
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

