Samir müəllim, Azərbaycan iqtisadiyyatı 2026-cı ilin ikinci yarısına hansı göstəricilərlə daxil olur? Ümumi iqtisadi vəziyyəti necə qiymətləndirirsiniz?
– Mən hesab edirəm ki, Azərbaycan iqtisadiyyatı 2026–2027-ci ilin qışına sabit makroiqtisadi əsaslarla daxil olur. Son aylarda iqtisadi artım davam edib, pərakəndə ticarət və qeyri-neft sektoru müsbət dinamika göstərib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda ÜDM 1,4 faiz artıb. Bu, daxili iqtisadi fəallığın qorunduğunu göstərir.
İqtisadi artımın əsas lokomotivi isə qeyri-neft sektoru olub. Yanvar–iyun aylarında qeyri-neft-qaz iqtisadiyyatı 1,5 faiz böyüyüb, neft-qaz sektorunda isə 0,7 faizlik azalma qeydə alınıb. Bu baxımdan iqtisadiyyatın tədricən şaxələnməsi müsbət tendensiya kimi qiymətləndirilə bilər.
İlin sonuna qədər iqtisadi artımla bağlı hansı proqnozunuz var?
– Əgər mövcud tendensiya ilin sonuna qədər davam edərsə, 2026-cı il üzrə ümumi iqtisadi artımın 1,7–2 faiz, qeyri-neft-qaz sektorunda artımın isə 2,5–3 faiz ətrafında olacağını düşünürəm.
Ümumi iqtisadi artım yüksək olmasa da, burada artımın keyfiyyəti də vacibdir. Qeyri-neft sektorunun daha sürətli inkişaf etməsi iqtisadiyyatın şaxələndirilməsi baxımından müsbət göstəricidir.
– Əhalinin gəlirlərinin və əməkhaqlarının artımını necə qiymətləndirirsiniz? Bu artım inflyasiyanın təsirini kompensasiya edə bilirmi?
– Hazırda bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Orta aylıq nominal əməkhaqqı 7 faiz, əhalinin nominal gəlirləri isə 9,8 faiz artıb. İnflyasiya isə 5,7 faiz təşkil edib.
Yəni nominal gəlirlərin artımı hazırda inflyasiyanı üstələyir. Bu isə əhalinin real alıcılıq qabiliyyəti baxımından müsbət göstəricidir. Təbii ki, bu dinamikanın davamlı olması vacibdir.
– Qarşıdan gələn qışda Azərbaycan iqtisadiyyatını hansı əsas risklər gözləyir?
– Mənim fikrimcə, qış aylarında üç əsas istiqamət diqqət mərkəzində olacaq.
Birincisi, ərzaq bazarıdır. İdxal olunan məhsulların maya dəyəri, logistika xərcləri və dünya ərzaq qiymətlərindəki dəyişikliklər daxili bazara təsir göstərir. Buna görə də ət, süd məhsulları, meyvə-tərəvəz və bəzi taxıl məhsullarında mərhələli qiymət artımı mümkündür.
İkincisi, xidmət sektorudur. Restoran, kafe, nəqliyyat və məişət xidmətlərində əməkhaqqı və digər əməliyyat xərclərinin artması qiymətlərə təsir göstərə bilər.
Üçüncüsü isə kommunal və enerji xərcləridir. Hazırda genişmiqyaslı tarif artımı gözlənilməsə də, qış mövsümündə enerji istehlakının yüksəlməsi ailələrin aylıq xərclərini artıra bilər.
– Yaxın Şərqdə davam edən gərginlik Azərbaycan iqtisadiyyatına hansı formada təsir göstərə bilər?
– Burada ikitərəfli təsir mümkündür. Əgər Yaxın Şərqdə gərginlik davam edərsə, neftin qiymətinin yüksəlməsi Azərbaycanın enerji gəlirlərini artıra bilər. Lakin bunun digər tərəfi də var. Dünya enerji və logistika bazarlarında yaranan dalğalanmalar ərzaq və digər məhsulların qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.
Bu isə əhalinin alıcılıq qabiliyyətinə müəyyən təzyiq yarada bilər. Ona görə də neft qiymətlərinin yüksəlməsini yalnız müsbət faktor kimi qiymətləndirmək düzgün olmaz.
– Manatın məzənnəsi ilə bağlı gözləntiləriniz necədir? Yaxın aylarda devalvasiya riski varmı?
– Bu gün üçün ən real ssenari manatın sabit qalmasıdır. Azərbaycanın valyuta ehtiyatları və enerji ixracından daxilolmalar manatın məzənnəsini dəstəkləyən əsas amillərdəndir.
Ona görə də yaxın aylarda 1 ABŞ dollarının 1,70 manat səviyyəsində qorunması daha yüksək ehtimal hesab olunur. Kəskin devalvasiya riski hazırkı baza ssenarisində yüksək görünmür.
– Valyuta ehtiyatlarının artmasını manatın sabitliyi baxımından necə qiymətləndirirsiniz?
– Bu, kifayət qədər mühüm göstəricidir. Mərkəzi Bankın valyuta ehtiyatlarının avqustun sonunda 15,3 milyard dollara çataraq tarixi maksimuma yüksəlməsi diqqətçəkən məqamdır. İlin əvvəlindən ehtiyatların təxminən 3,7 milyard dollar artması ölkənin maliyyə dayanıqlığı baxımından müsbət göstəricidir.
Bununla yanaşı, 83,5 milyard dollarlıq strateji valyuta ehtiyatlarının mövcudluğu Azərbaycanın xarici iqtisadi şoklara qarşı əhəmiyyətli maliyyə buferinə malik olduğunu göstərir.
– Qış aylarında əhali öz büdcəsini necə planlaşdırmalıdır?
– Qış aylarında ailə büdcəsinin daha planlı idarə olunması vacibdir. Xüsusilə gündəlik ərzaq və istilik xərcləri üçün əvvəlcədən müəyyən ehtiyat nəzərdə tutmaq məqsədəuyğundur.
Digər tərəfdən, istehlak zamanı prioritetlərin düzgün müəyyənləşdirilməsi və zəruri olmayan xərclərin optimallaşdırılması ailə büdcəsinin qorunmasına kömək edə bilər.
– Bəs biznes sektoru üçün əsas tövsiyələriniz nələrdir?
– Biznes üçün əsas məsələ xərclərin optimallaşdırılması və mümkün qədər yerli istehsala üstünlük verilməsidir. Yerli məhsul və xidmətlərdən daha geniş istifadə həm logistika xərclərinin azalmasına, həm də biznesin xarici bazarlardakı qiymət dəyişikliklərindən asılılığının müəyyən qədər azalmasına imkan verə bilər.
– Sonda, 2026–2027-ci ilin qışını Azərbaycan iqtisadiyyatı üçün necə xarakterizə edərdiniz?
– Nəticə olaraq, qarşıdan gələn qışın iqtisadi böhran dövrü olacağını düşünmürəm. Daha çox mülayim inflyasiya və müəyyən sahələrdə bahalaşmanın müşahidə oluna biləcəyi bir dövr olacaq.
Əsas məqsəd qiymət sabitliyini qorumaq, əhalinin alıcılıq qabiliyyətini dəstəkləmək və qeyri-neft iqtisadiyyatının inkişafını sürətləndirməkdir. Bu istiqamətdə həyata keçirilən pul-kredit və fiskal siyasət qış aylarında iqtisadi dayanıqlığın əsas amillərindən biri olacaq.